«The Wall Street Journal» yazır ki, referendumun nəticələri istədiyi kimi olsa, prezident İlham Əliyevə «öz məngənəsini bərkitmək imkanı verəcək», Əliyevi müxalifəti boğub, prezidentlik müddətini uzadan digər keçmiş Sovet liderlərinin cığırına salacaq».
«The Wall Street Journal» neftin ucuzlaşmasından Azərbaycanın da çox ağır zərbə aldığını, hakimiyyətin möhkəmlənməyə xüsusi ehtiyac duyduğunu vurğulayır. «Onun (Əliyevin) problemləri artıb, xüsusilə gələcək problemləri çoxdur. Ona görə də, o öz gücünə əmin olmaq, həm də ailəsinin mövqeyini saxlamaq istəyir». Moskvadakı «Carnegie» müstəqil elmi araşdırma mərkəzinin analitiki Alexei Malashenko «The Wall Street Journal»a müsahibəsində belə deyib.
Azərbaycan hökuməti isə prezidentlik müddətinin uzadılmasının iqtisadi artımdan ötrü vacibliyini bildirir, neftin ucuzlaşdığı bir vaxtda əhəmiyyətli qərarların qəbulu üçün daha uzun müddətə ehtiyacı olduğunu deyirlər. Bu barədə «Reuters» yazır. Agentlik prezidentin müşaviri Əli Həsənovun dediklərini xatırladır: «Referendumun əsas məqsədlərindən biri islahatların gerçəkləşdirilməsini təmin etmək, bürokratik mexanizmləri aradan qaldırmaq, effektiv idarəetmə sistemi yaratmaqdır».
«Reuters» Azərbaycan Konstitusiyasına dəyişikliklərin müxalifətin, eləcə də beynəlxalq təşkilatların etirazına səbəb olduğunu, hakimiyyətin etirazlara sərt cavab verdiyini vurğulayır. Agentlik «Amnesty International»ın Avropa və Asiya məsələləri üzrə direktoru Denis Krivosheev-in bəyanatından sitat gətirir: «Referendum ta başlanğıcdan həbslər və hədə-qorxularla müşayiət olunub. Təklifləri tənqid etməyə, təkliflərə qarşı kampaniyaya cəhd göstərənlər hakimiyyətin hücumları, aqressiyası ilə üzləşiblər».
«ŞÜBHƏLƏR VAR Kİ…»
«The Wall Street Journal» Bakıda etiraz aksiyalarından əvvəl 40-a yaxın fəalın həbs olunduğunu vurğulayır.
«Deutsche Welle» 54 yaşlı Əliyevin avtoritar ölkəsini 10 ildən çoxdur idarə etdiyini, bu referendumun ona daha uzun müddət hakimiyyətdə qalmaq imkanı verəcəyini yazır, Konstitusiyaya 2009-cu il dəyişikliklərinin İlham Əliyevə seçkiyə yenidən qatılmaq imkanı verdiyini xatırladır: «Bu o deməkdir ki, Əliyev 2018-ci ildə keçiriləcək prezident seçkisində də iştirak edə bilər».
«ABS News», həmçinin «The Wall Street Journal» prezidentin oğlu Heydər Əliyevlə bağlı gözləntilərə də toxunur. «Şübhələr var ki, dəyişikliklərin məqsədi vaxtı çatanda, onun (Əliyevin) oğlunu hakimiyyətə gətirilməsinə yol açmaqdır». Bunu «Human Rights Watch»un Cənubi Qafqaz üzrə analitiki Giorgi Gogia «The Wall Street Journal»a müsahibəsində deyib. Konstitusiyaya dəyişikliklər prezidenti əvəz edəcək vitse-prezident postunun yaradılmasını, üstəlik, namizədlərin yaş həddinin endirilməsini nəzərdə tutur.