Növbəti bahalaşma daha dağıdıcı olacaq

3-10-2016, 23:19   
Növbəti bahalaşma daha dağıdıcı olacaq
Nazirlər Kabinetinin ölkəyə idxal olunan məhsulların rüsumlarını qaldırması iqtisadi vəziyyəti ağırlaşdıracaq

Nazirlər Kabineti ölkəyə gətirilən bəzi məhsullar üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib. Bu siyahıya ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər daxildir.


Sözügedən məhsulların 1 kiloqramına görə 1-3 dollar arasında, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. Meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0.7 dollardan az olmamaqla, gömrük idxal rüsumu alınacaq.

Qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir. İki il müddətində qüvvədədir.

Daha öncə bu məhsullara gömrük dəyərinin 15% faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.

Ekspertlər qəbul olunan qərarın əhalinin sosial durumunu daha da ağırlaşdıracağını və iqtisadi durumu daha da ağırlaşdıracağını düşünür?

Məhəmməd Talıblı: «Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artması ilə müşahidə olunacaq»



İqtisadçı Məhəmməd Talıblı hesab edir ki, növbəti ilin dövlət büdcəsinin gəlir mənbələrinin formalaşmasında gömrükdən daxilolmalarının payının kəskin artımı diqqəti cəlbedir. Çünki, növbəti ildə qeyri-neftsektoru üzrə daxilolmaların 27,2 faizini Gömrük Komitəsinin yığımlarından formalaşacaq. Bu 2016-cı ilin dövlət büdcəsindən müvafiq nisbətdən 21,5 faiz çoxdur. Deməli, bu kəskin artımın mənbəyi olmalıdır. Burada iki haldan biri labüddür:

(ı) ya əvvəlki rüsum dərəcələrinin saxlanması nəticəsində proqnozlaşdırılan idxalın kəskin artımı nəticəsində yığım formalaşır

(ıı)gömrük rüsumlarının yüksəkdilməsi nəticəsində daxil olmalar artır. Olkədə istehlakın kəskin azalması (37,2%) nəticəsində idxalın artımından nəinki danışmaq mümkündür, əksinə bunun daha da zəifləməsi proqnozlaşdıra bilər. Bu zaman gömrük rüsumlarının artımınının bir üsul olaraq nəzərdə tutulmasını aydınlaşdırmaq çətin olmamalı idi. Açıq etiraf etmək lazımdır ki, bunu hələ növbəti ilin büdcəilinə start verməmiş başlanmasını gözləmirdik. Açığı burada məntiqsizlik və tələskənlik özünü ilk andaca göstərir. Beləliklə gömrük rüsumlarının kəskin artımı haqqında qərar qəbul olundu. Nazirlər Kabineti ölkəyə gətirilən ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib. Bu addımı bir necə aspektdən qiymətləndirmək mümkündür: «Birincisi. Bu ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artması ilə müşahidə olunacaq. Yüksək rüsum dərəcələrinin artımı təkcə idxal mallarının yox, yerli istehsal məhsullarının da qiymət artımını şərtləndirəcək.

İkincisi. İstehlakın səviyyəsi xeyli aşağı düşəcək. İdxal rüsumlarından dövlət büdcəsinin qazanması hələ vətəndaşların həmin məhsulların avtomatik olaraq satın alması kimi başa düşülə bilməz. Bu ona gətirib çıxaracaq ki, vətəndaşlar ötən ildənkindən də daha az ərzaq və qeyri-ərzaq məhsulları alacaq.

Üçüncüsü. Olkədə manatın daha da dəyərdən düşməsi prosesini bir azda sürətləndirəcək. Okədə yüksək templi inflyasiyanı daha gizlətmək də mümkün olmayacaq. Sosial müdafiənin effektiv olmadığı indiki şəraitdə vətəndaşlarımızın pul gəlirlərinin hətta artımı bazardakı qiymət sürətindən geri qalacaq. Bu isə yoxsulluq dərinliyinə yuvarlananların xüsusi çəkisinin artmasına gətirib çıxaracaq.

Dördüncüsü. Gömrük rüsumlarının yüksəldilməsi ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdan daha prosedurları əsas gətirib niyyəti gizlətmənin yox, strateji hədəf uyğunsuzluğunun etirafı olacaq. Daha açıq mətnlə deyiləcək ki, bizi dünyəvi ticarət ailəsi maraqlandırmır.

Beşincisi. Bu gömrükdən dövlət büdcəsi üçün əlavə yığımın əldə olunması kimi qəbul olunmamalıdır. Çünki, gömrük rüsumlarının yığımı təkcə fiskal siyasət kimi dərk oluna bilməz, bu iqtisadiyyatın tənzimləmə alətlərdindən biridir. Rüsumlar təkcə büdcənin gəlir mənbəyi deyil, milli gəliri artıran amildir, azaldan yox. Bu növbəti ildə iqtisadi artım templərinin azalmasına gətirib çıxaracaq.

Altıncısı. Dünya təcrübəsində adətən gömrük rüsumlarının artımı milli istehsalı xarici rəqabətdən qorumaq(proteksionizm) və yerli istehsalı stimullaşdırmaq məqsədilə edilir. Bizdə istehlak bazarında malların qiymət artımı yerli istehsalın inhisar qiymətlərinin diktə olunmasınamı görə artır? Qətiyyən! İdxal məhsullarını daxilibazarında bahalaşdıran 2 səbəbi var: inhisarçılıq və gömrükdəki “korrupsiya vergisi”! Bunları aradan qaldırmadan digər üsullar axtarmaq “Sizif” əməyidir. Bu səhv diaqnoz və uğursuz müayinə cəhdidir. Əks nəticə verəcək!».

Vahid Məhərrəmov:”Nazirlər Kabinetinin qərarı ölkədə bahalaşma yaradacaq”


İqtisadçı-ekspert Vahid Məhərrəmov isə deyir ki, bununla da ölkəyə yeni bahalaşma gələcək: «Təəssüf ki, ölkədə istehsal azalır. Bu da bahalaşmaya gətirən bir başqa amildir. İstehsalın azalması, öz növbəsində, idxal məhsullarının artmasını şərtləndirir. İndi idxal məhsullarına tətbiq olunacaq bu rüsumlar qiyməti bahalaşdıracaq. Biz özümüzün ətə, yumurtaya tələbatımızı tam ödəyə bilmirik. Ətə tələbatın yalnız 38 faizini daxili istehsal hesabına ödəyirik. Adambaşına 84 kiloqram norma olduğu halda, yalnız 34-35 kiloqram təmin edə bilirik. Digər ölkələrdə adambaşına 25 -30 kiloqram quş əti istehsal və istehlak olunur. Azərbaycanda bu göstərici 9-10 kiloqram arasındadır. Bizdə yumurta istehlakı da aşağı səviyyədədir, normanın təxminən 50 faizini istehlak edirik. Ölkədə bu məhsulların qiymətinin yüksək olması həm də onunla bağlıdır ki, tələbat qədər təklif yoxdur. Bu halda məhsul qıtlığı olanda, qiymət yüksəlir. İndiki halda yeni rüsumların tətbiqi ölkəyə idxal olunan məhsulun qiymətini artıracaq. Yetərincə məhsul istehsal olunmadığından daha bahasını əldə edəcəyik. Bu, düzgün siyasət deyil. Hökumət rəqabət mühiti yaradıb daxili istehsalı stimullaşdırsın, kreditlər, subsidiyalar versin. Düşünürəm ki, bu addım daxildə bu işlə məşğul olan oliqarxlara daha geniş imkan yaradacaq. Çünki bu gün quş əti, yumurta istehsalı müəyyən adamların əlindədir. Bu da onlara az istehsal edib, daha çox qazanmaq imkanı verəcək».

V.Məhərrəmovun sözlərinə görə, artıq bahalıq baş verir. Kənd təsərrüfatı məhsullarını, ərzağın bahalaşmasını, az qala, hər həftə müşahidə edilir: «Bu məhsulların istehsalı baha başa gəlir. Özəlliklə, quş əti və yumurtanın istehsal vasitələri, avadanlıqlar, yem, genetik məhsullar xaricdən gətirilir. İki il müddət qoyublar. Ancaq iki il ərzində bu sahədə irəliləyiş əldə olunacağını düşünmürəm. Onsuz da əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Onu da nəzərə almaq lazımdır ki, indi yumurta istehsalı mövsümü deyil. Yumurta istehsalı mayda artır. İndi isə azalmağa doğru gedir. Hökumət yəqin deyəcək ki, bu yolla daxili istehsalı artırmaq istəyirlər. Ancaq bu yolla bu mümkün deyil. Əgər ölkədə əsaslı şəkildə bu məhsulların istehsalı ilə məşğul olunarsa, nəsə əldə etmək olar. Buna da 2-3 il yox, uzun müddət gərəkdir. Son zamanlar ölkəyə idxal olunan meyvə- tərəvəzin də həcmi atıb. Bu da həmin sahədə problemlərin olmasından xəbər verir».

Bahalaşmanın hansı miqyasda olacağına gəlincə isə, V.Məhərrəmov bildirdi ki, əgər bir kiloqrama əlavə təxminən 1 dollar xərc çəkiləcəksə, ölkəyə gətirilən quş ətinin qiyməti iki dəfə artacaq. Yumurtanın qiymətində isə 2 dəfə artım olacaq: «Digər məhsullarda 20 faizdən 100 faizədək bahalaşma gözlənilir. Bu, çox ciddi məsələdir. İndiyə qədər belə hal olmamışdı. Bilirdik ki, idxalda 15 faizə qədər standart gömrük idxal rüsumu tətbiq edilirdi. Bundan başqa xərclər olsa da, bütün bunlar hamısı birlikdə daha ucuz məhsul idxalına imkan yaradırdı. İndiki halda isə bu mümkün olmayacaq. Qiymət artacaq. Düşünürəm ki, hökumət bu rüsumların tətbiqiylə büdcəyə daha çox vəsait cəlb etmək məqsədi güdür».

Azərsun bütün qiymətləri qaldırdı



Artıq Nazirlər Kabinetin qərarı ilkin nəticələri verib. “Azersun Holding” bu bazar günləri ərəfəsində satış mərkəzlərinə öz məhsullarını yeni qiymətlə təqdim edib. Bu barədə yerli supermarketlərdən birinin sahibi söyləyib. Hal-hazırda məhsulların piştaxtalarda və kassa aparatında yazılan qiymətləri dəyişdirilir.
“Azərsunun demək olar ki bütün malları yeni qiymətlə gəlib. Qiymət məhsuldan asıllı olaraq 5-20 qəpik artıb”.

Dəyəri artan əsas ərzaq məhsullarının siyahısı budur – duz, un, kərə yağı, düyü, şəkər, qənd, süd məhsulları. (novosti.az)

Nemət Əliyev: ««Azərsun»un qiymət artımı digər şirkətlərin də qiymət artmına təkan olacaq»


İqtisadçı Nemət Əliyev hesab edir ki, ölkəyə gətirilən bəzi ərzaq məhsullarına vergi dərəcəsinin artırılması, əsasən, ölkədəki valyuta qıtlığı ilə bağlıdır. Onun fikrincə, hökumət idxalı azaltmaqla ölkədən xarici valyutanın çıxışını məhdudlaşdırmaq niyyətindədir: «Ancaq bu cür qərar qəbul edərkən əhalinin sosial vəziyyətini nəzərə almaq hökumətin borcudur. İdxal məhsulları üzərində rüsumun artırılması daxili bazarın boşalmasına xidmət edəcək. Hökumət hesablamalıydı ki, daxili bazarda boşalmış yeri nəyin hesabına dolduracaq? Yerli istehsal hesabına təmin etmək mümkün olacaqmı? Bunu götür-qoy etdikdən sonra qərar verilməli idi».

Konkret olaraq «Azərsun»un qiymət artımına gəlincə isə, N.Əliyev bildirdi ki, Nazirlər Kabinetinin qərarı «Azərsun»un addımı üçün rəvac verib: «Manatın dəyərinin düşməsinin fonunda həm «Azərsun»un, həm də digər şirkətlərin məhsulunun qiymətində bir artım müşahidə olunurdu. Amma Nazirlər Kabinetinin son qərarı sürətlə qiymətlərin artımına təkan verə bilər. Sual olunur ki, əgər «Azərsun» yerli istehsal şirkətidirsə, nəyə görə onun məhsullarının qiyməti artır. Bu inhisarın təsiri ilə baş verən qiymət artımıdır. Əhalinin alıcılıq qabiliyyətinin nəzərə alınmadan belə bir addımın atılması alıcılıq qabiliyyətinə mənfi təsir edəcək. Növbəti ilin büdcəsində də Azərbaycan hökuməti yerli istehsalın yüksəldilməsi üçün ciddi addımlar atmağı planlaşdırmır. Əksinə gələn il investisiya xərcləri daha 1.1 milyard manat aşağı düşəcək. Manatın dəyərdən düşməsini nəzərə alsaq planlaşdırılan 1.8 manat investisiyanın işə yaramayacağını söyləmək olar. «Azərsun»un qiymət artımı digər şirkətlərin də qiymət artmına təkan olacaq. Bu əhalinin sosial vəziyyətini kəskin ağırlaşdıracaq. Çünki əmək haqlarında, təqaüdlərdə heç bir artım yoxdur. Əksinə biz iş yerlərinin sürətlə itirilməsini müşahidə edirik. Ona görə alıcılıq qabiliyyəti pisləşəcək və həyat səviyyəsinə böyük zərbə olacaq».
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar