Yanan binanı üzləmək təklifi Xaləddin İsgəndərovdan gəldi' - Miryusif Mahmudov

5-10-2016, 09:50   
Yanan binanı üzləmək təklifi Xaləddin İsgəndərovdan gəldi' - Miryusif Mahmudov
Həbsdəki iş adamı 15 nəfərin ölümünə bais olan hadisə ilə bağlı şok açıqlamalar verdi Miryusif Mahmudov: ““Bu binanı yandırmaq üçün uzun müddət hazırlıq işləri gedib”
“Bu binanı yandırmaq üçün uzun müddət hazırlıq işləri gedib. Hazırlıqlar da aprelin 10-da Xətaidəki binanın yandırılmasından başlanıb. Orada bina yandırıldı, "poliuretan" bütün Azərbaycanda qulaqlara dəhşətli söz kimi ötürüldü. "Poliuretan" zəhər kimi təqdim olundu. Ardınca Veteranlar Şurasının binası yandırıldı. Bundan da üç gün sonra da Azadlıq prospektindəki bu binanı yandırdılar. Əgər əvvəlki hadisələr olmasaydı, bu, adi yanğın hadisəsi kimi qarşılanacaqdı".

2015-ci il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə təqsirləndirilən şəxslərdən Miryusif Mahmudov məhkəmədə ifadəsində deyib. Binanı üzləyən "Global Construction" və istifadə olunan üzlükləri istehsal edən "Global Stone" şirkətlərinin təsisçisi Miryusif Mahmudov yanğına görə MTN-i ittiham edib. Deyib ki, yanğından əvvəl şirkətin əməkdaşlarından birinin MTN-ə çağırılıb, onlardan pul tələb olunduğunu istintaq dövründə müstəntiqə də bildirib, amma heç bir araşdırma aparılmayıb: "Mənim nə siyasi, nə mənəvi, nə də iqtisadi səhvim olub. Adamlar MTN-də baş verənlər barədə oktyabrın 16-dan sonra danışmağa başladılar. Amma mən hələ avqustun 20-də Kürdəxanıda müstəntiqə başımıza gələnləri danışmışdım. Demişdim ki, Xətaidəki yanğından sonra bizi şirkətimiz haqda dövlət rəhbərliyinin yanında mənfi rəy formalaşdırmaqla təhdid ediblər, pul istəyiblər. Konkret adamların adlarını, onların telefon nömrələrini dedim. Müstəntiq təəccübləndi, dedi ki, "bunlar necə adam imiş". Amma özü də elə o gedən oldu..."

Miryusif Mahmudov deyir ki, yanğın başlayandan dərhal sonra onun şirkətlərinin ofisinə MTN əməkdaşlarının silahlı basqını da bu hadisənin əvvəlcədən planlaşdırıldığını sübut edir: "Hadisə yerinə gələn yanğınsöndürən maşınların şlanqı çıxmamış qara maşınlarla 17-18 nəfər MTN əməkdaşı ofisimizi basmışdı. Bunu mənə xəbər verəndən dərhal sonra ofisə getdim. Oradakı ab-havanı görəndə məndə belə hiss yarandı ki, Üsəma Ben Ladenin qohumuyam, məni aparmağa gəliblər. Saat 12-yə 15 dəqiqə işləmiş hadisə yerinə yanğınsöndürən maşınlar gələndə eyni vaxtda bizim ofisimizdə xüsusi əməliyyat keçirilirsə, qərarın hardan gəldiyi maraqlıdır. Rəsmi məlumata görə, yanğın saat 17.30-da söndürülüb. Deməli, yanğının səbəbi, günahkarın kimliyi ən tezi 17.31-dən əvvəl məlum ola bilməzdi". Miryusif Mahmudov hadisənin ertəsi gün prezidentin iştirakı ilə keçirilən iclasdan da danışıb: "Orada prezident bildirdi ki, "dedikləriniz bir-birilə ziddiyyət təşkil edir, bu məsələni ciddi araşdırın, mənim də nəzarətimdə olacaq". Bundan sonra düşündüm ki, prokurorluq bu işi ciddi araşdıracaq. Nəzarətdə saxlamaq o deməkdir ki, iş ətraflı, obyektiv araşdırılsın, yoxsa adamı həbsxanada ciddi nəzarət altında saxlamaq, sıxmaq demək deyil. İki ay nə telefonla danışa bildim, nə kiminləsə görüşə bildim. Nəzarətdə olan bir işin istintaqı belə aparılıbsa, görün indi nəzarətdə olmayanlar nə gündədi.." Hadisə baş verən gün axşam saat 18.00-a qədər MTN-də saxlanıldığını, sonra prokurorluğa gətirildiyini deyən Miryusif Mahmudovun sözlərinə görə, orada müstəntiq ona ifadə aldığını deməyib: "Mənə hüquqlarımı izah eləmədilər. Mənim bir vəkil tutmağa 500 manatım yox idi? Bir adam gəlib demədi ki, vəkilin var? Gecə 2-nin yarısında bir "kepkalı" kişi gəldi, dedilər ki, vəkildi. Üç dənə kağız verdilər ki, "imzala". Sonradan bildim ki, biri şahid, biri şübhəli şəxs, biri də təqsirləndirilən şəxs qismində dindirmə protokolu olub. Tarixlərini də 19-u, 20-si, 21-i qoyublar. Əgər 21-nə qədər ölsəydim, yəqin o protokolu cırıb atacaqdılar". Məhkəmə iclasında həmçinin təqsirləndirilən şəxslərdən 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov barədə ekspertizanın rəyi elan olunub.

Rəydə göstərilib ki, o, qara ciyər serrozu, şəkər, arterial hipertaniya və s. xəstəliklərdən əziyyət çəkir. Müalicə olunmayacağı təqdirdə vəziyyəti kəskinləşə bilər. Rəyə münasibət bildirən dövlət ittihamçısı Fərid Nağıyev deyib ki, göstərilən xəstəliklərin heç biri şəxsin həbsdən azad ediməsi üçün əsas sayıla biləcək ağır xəstəliklər siyahısında yoxdur: "Ona görə də Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicəsini davam etdirməklə, həbsdə saxlanılmasını məqsədə müvafiq hesab edirik". Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva prokurora etiraz edib: "Bəs humanizm prinsipi hara getdi? Bu adamın xəstəliklərini nəzərə almasaq, daha bir nəfərin ölümünə səbəb ola bilərik".

Miryusif Mahmudov onu da əlavə edib ki, yanan binanın üzlənməsi təklifi Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdan gəlib: "Mən başqa məsələ ilə əlaqədar Xaləddin İsgəndərovun yanındaydım. Məndən soruşdu ki, "bina üzləməyə materialınız var?" Mən də ehtiyac varsa, bu işi görə biləcəyimizi dedim. Sonra o, birinci müavini Qəzənfər Novruzovu çağırdı, mənimlə tanış etdi".

Məhkəmə prosesi oktyabrın 6-da davam edəcək. (bizimyol.info)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar