Bir sinifdən 900 manat istəyirlər – Müəllimlər gününə pul yığan direktorlardan şikayət

5-10-2016, 09:56   

Bir sinifdən 900 manat istəyirlər – Müəllimlər gününə pul yığan direktorlardan şikayət
Hər il oktyabrın 5-i qeyd olunan Müəllimlər günü ilə bağlı xəbərdarlıqlar edilsə də, bəzi məktəblərdə pul yığımı davam edir.

Regionxeberleri.com bildirir ki, bu barədə AzNews.az-a valideylərdən daxil olan şikayətdə bildirilir. Məlumata görə, nazirliyin pul yığılmaması ilə bağlı qəti tapşırığından sonra bir sıra məktəblərdə iclas keçirilib. İclaslarda direktor və müavinləri valideyn komitəsinin sədrlərinə, həmçinin müəllimlərə pul yığacaqları halda töhmət veriləcəyini bildiriblər.

Amma nazirliyin xəbərdarlığına əməl etməyən məktəb və direktorların da sayı az deyil.

Suraxanı rayon, Səməd Abdullayev adına 290 saylı orta məktəbin valideynləri saytımıza müraciət edərək direktor, onun qadın müavinləri və müəllimlər üçün pul yığıldığını deyiblər. Məlumata görə, ibtidai sinif şagirdlərinin hər birindən müəllimlər arasında bölünmək şərti ilə 20 manatdan pul yığılır. Direktor və “zavuç” üçün isə 10 manata yaxın məbləğ istənilir. Bir sinifdə 30 şagirdin olduğunu nəzərə alsaq, bu rəqəm 600 manat edir. Hər bir sinifdən direktor və “zavuç” üçün isə 10 manatdan yığılsa, direktorun bir gün ərzində nə qədər yüksək məbləğ əldə etdiyini təsəvvür etmək o qədər də çətin olmur.

Sözügedən məktəbin valideynləri bildirir ki, bu hal artıq illərdir davam edir: “Hər il nazirlik xəbərdarlıq edir ki, pul yığılan məktəblərlə bağlı 146 saylı “qaynar xətt”ə məlumat verin. Biz də keçən il xəttə zəng etdik, şikayətimizi bildirdik. Dərhal nazirlikdən gəldilər, onlar gedəndən sonra isə məktəbin qapısına gözdən pərdə asmaq üçün bir kağız yazıb yapışdırdılar. Guya məktəbdə pul yığmaq qəti qadağandır. O yazının altından isə müəllimləri sıxışdırıb, valideynlərdən pul yığırdılar. Nazirliyin xəttinə zəng etməklə bir çarə edən olmur. Məktəbdə 1 uşağı oxuyan ailələr üçün bəlkə asan ola bilər. Amma elə ailə var ki, 3 uşağı oxuyur. Bu da təxminən 100 manat pul edir. İndiki şəraitdə 100 manat az məbləğ deyil”.

Məsələ ilə bağlı 290 nömrəli məktəbin direktoru Rahidə İsmixanova ilə əlaqə saxlamaq istəsək də, onun telefona cavab verə bilməyəcəyini bildirdilər.

Binəqədi rayon 314 nömrəli məktəbin də valideynləri Müəllimlər günüylə bağlı dad edir. Əldə etdiyimiz məlumata görə, sözügedən məktəbdə də siniflərə görə 15 manatdan başlayaraq “müəllim pulu” yığılır.

Məsələ ilə bağlı 314 saylı məktəbin rəhbər şəxslərindən birinin mövqeyini öyrənmək istəsək də, telefonlarımıza cavab verən olmadı.

Mövzu ilə bağlı Təhsil Nazirliyinin ictimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehov AzNews.az-a açıqlamasında bildirdi ki, baş verən fakt araşdırılacaq: “Nazirliyin qaynar xətti var. Yaxşı olar ki, belə hallarla bağlı valideynlər qaynar xəttə müraciət etsinlər. Bu fakt araşdırılacaq və müvafiq tədbirlər görüləcək”.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Təhsil Nazirliyi “Müəllimlər günü” ilə bağlı xəbərdarlıq yaymışdı.

“Bununla bağlı kimsə anonim olmadan nazirliyin 146 saylı “qaynar xətt”inə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq”, – deyə məlumatda qeyd olunurdu.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar