Mətbuatda Masazır bələdiyyəsinin sədri, adı hər zaman ölkə mətbuatında müxtəlif qalmaqallarda hallanan Siyanfər Əliyevin bu günlərdə Baş Prokurorluqda Akif Çovdarov məsələsi ilə bağlı ifadə verdiyi haqda yazmışdıq. Bununla bağlı cumhuriyyet. az-a daxil olan məlumata görə, S.Əliyevin Baş Prokurorluğa çağırılmasına səbəb A.Çovdarov tərəfindən torpaqlarına əl qoyulan sahibakarlardan birinin Zakir Qaralova ünvanladığı müraciət olub. Belə ki, müraciətində A.Çovdarovun zor gücünə hektarlarla torpağını ələ keçirdiyini bildirən sahibkarın şikayəti Baş Prokurorluqda aparşdırılmağa götürülüb. Məhz araşdırma çərçivəsində bəlli olub ki, A.Çovdarovun sahibkara məxsus torpaqlara əl qoyması heç də təsadüfi olmayıb. Bələdiyyə sədri S.Əliyev də sahibkara məxsus torpaqların sabiq MTN generalı tərəfindən zorla ələ keçirilməsi haqqında məlumatlı olub. Onun bu prosesdə iştirakçılığı ehtimalı da yüksək hesab edilir. Bütün bunları nəzərə alıb, məsələni daha dərindən araşdırmaq qərarına gəldik.
Məsələ ilə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, S.Əliyev Baş Prokurorluğa verdiyi ilkin ifadəsində A.Çovdarovla yaxınlığını inkar etsə də, bələdiyyə sədri əleyhinə çoxsaylı faktların mövcudluğu ehtimal edilir. İndiki halda isə S.Əliyevin taleyi sahibkarın bələdiyyə sədri ilə bağlı Baş Prokurorluğa verdiyi ifadədən asılı olacaq. Əgər sahibkar A.Çovdarovun onun torpaqlarına əl qoyması prosesində S.Əliyevin hər hansı şəkildə iştirakını iddia edərsə, bu, bələdiyyə sədrinin azadlığının təhlükə altına düşməsi anlamını daşıyacaq. Onu da bildirək ki, “MTN işi”nin ilk günlərində, A.Çovdarovun Masazırdakı torpaqları ilə bağlı qalmaqalda bələdiyyə sədri S.Əliyevin adı hallanmışdı. Onu da bildirək ki, S.Əliyev “fağır” bələdiyyə sədrlərindən olmayıb. Abşeron rayon icra başçısı İradə Gülməmmədova bu posta təyin olunduğu ilk vaxtlarda onun xanım rəhbərə qarşı açıqdan açığa meydan oxuduğu, telefon zənglərinə belə cavab vermədiyi deyilir. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, hətta icra başçısının dəvətlərindən birinə bələdiyyə sədri hamının yanında “kişi də qadının ayağına gedər?” deməkdən belə çəkinməyib.
S.Əliyevin bunca özünü üstün tutması Çovdarovla yaxınlıqla yanaşı həm də əldə etdiyi kapitalla əlaqədardır. Bilgili qaynağın verdiyi məlumata görə, S.Əliyevin Masazır ərazisində sahib olduğu obyektlərdən biri də “Briliant” şadlıq sarayıdır. Hansı ki, bu şadlıq sarayı Masazırın ən böyük şadlıq evi hesab edilir. “Briliant” şadlıq sarayının S.Əliyev tərəfindən bir neçə il bundan öncə tikdirildiyinə diqqət çəkən mənbə, cumhuriyyet.az-a bildirib ki, bu hadisədən sonra sadə vətəndaşlar arasında bələdiyyə sədrinin “briliant” ləqəbi ilə məşhurlaşmağa başladığını bildirib. Uzun illərdir ki, Masazır bələdiyyəsinin sədri vəzifəsində çalışan Siyanfər Əliyevin çoxlu sayda torpaq sahələrinə, obyektlərə sahib olduğundan da ötən yazılarımızda bəhs etmişdik. Bu günlərdə cumhuriyyet.az-a bələdiyyə sədri ilə bağlı daha bir maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, bələdiyyə sədri sadəcə torpaq alqı-satqısı ilə deyil, həm də göydələn biznesi ilə məşğuldur. Belə ki, bələdiyyə torpaqları üzərində söz sahibi olan S.Əliyev bu torpaq sahələrini əlverişli şərtlərlə bina tikintisi ilə məşğul olan şirkətlərə verir və özünü bu şirkətlərin inşa etdiyi yaşayış binalarında pay sahibi edir. Həmin binalara şərik olan S.Əliyev bina sahiblərindən biri kimi mənzil alqı-satqısını həyata keçirir. Mənbənin məlumatına görə, Masazırda bir neçə bu cür yaşayış binasında səhm sahibi olan S.Əliyevin şərik olduğu bu cür binalardan biri Masazırın ən görkəmli yerində inşa edilən “Qəsr” kompleksidir. Bu yaşayış kompleksinin şəriklərindən biri olan S.Əliyev məlum biznesini genişləndirmək məqsədi ilə ciddi addımalr atmaqdadır. Belə ki, bələdiyyə sədrinin “Villa Badam” kompleksinin ətrafındakı ərazilərdə yeni yaşayış kompleksləri inşa etdirmək fikri var ki, bu da bələdiyyə sədrinin bina inşasına kifayət qədər böyük önəm verdiyini göstərir.
Lakin mənbə hesab edir ki, son günlər sabiq MTN generalı Akif Çovdarovun məsələsi ilə bağlı prokurorluq orqanlarının diqqət mərkəzinə düşən “briliant” ləqəbli bələdiyyə sədrinin parıltısı həmişəlik sönə bilər. Buna səbəb A.Çovdarovun hektarlarla torpaq sahəsinə, böyük istixana təsərrüfatına malik olduğu Masazır ərazisinin sabiq MTN generalı tərəfindən “işğalı”nda S.Əliyevin bələdiyyə sədri kimi üzərinə düşən məsuliyyətdir. Belə ki, A.Çovdarov tərəfindən həyata keçirilən “zəbtetmə əməliyyatı”ndan xəbərdar olan S.Əliyevin bələdiyyə sədri kimi öz tutduğu vəzifədən MTN generalının xeyrinə istifadə etdiyi ehtimal edilir.
Mövzunu diqqətdə saxlayacayıq.
Növbəti yazımızda oxuyacaqsınız:
Masazır bələdiyyəsindəki maxinasiyaların sənədlərlə təsdiqi;
Bələdiyyə sədrininin prokuror, polis və digərlərinə torpaq hədiyyələri;
Bələdiyyə binasındakı SÖHBƏTin təfərrüatları;
Sabiq MTN generalının bacısıoğlu ilə hələ də davam edən iş birliyi;
Müdir maşınında işə gələn katibə…