Hökumətin “qənaət rejimi” yalnız xalqa şamil olunur
Böhran ölkənin başına daş saldıqdan sonra hökumət “qənaət rejimi”nə keçdiyini elanb etdi. Amma hər dəfə xərclərə və qayçılanmalara nəzər salanda məlum oldu ki, “qənaət rejimi” yalnız xalqdan kəsməyə hesablanıb. Yəni, məmurların istirahətinə, xidməti maşınlara, mənasız tədbilərə əvvəlki qaydada pullar xərcləndi, əvəzində cərimələr artırıldı, qiymətlər qalxdı, iş yerləri bağlandı, kommunal xərclər kəllə çarxa çıxdı.
Hətta ölkə başçısı bildirdi ki, sosial yardımlar adamları ələbaxan öyrədir. Yəni, sosial yardımların dayandırılacağının da anonsu verildi. Ardınca məcburi köçkünlərə verilən çörək pulunun dayandırılmasına da qərar verildi. Bu qərar yanvarın 1-dən qüvvəyə minməli olsa da, indidən məcburi köçkünlərə tanınan güzəştlər ləğv edilir.
Ekspertlər bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il büdcədən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsinə ayrılan vəsait 3,2 dəfə çox olub. Əgər əgər ötən ilin ilk 8 ayında bu məqsədlər üçün 155,5 milyon manat xərclənmişdirsə, bu ilin müvafiq dövründə xərcləmələr 491,8 milyon manat olub. Bu isə həmin dövr ərzində səhiyyəyə ayrılan puldan 93.5 milyon manat çoxdur. Əldə etdiyimiz məlumatlara görə “qənaət rejimi” hərbiçilərin ərzaq təhcizatına da təsir edib.
Göründüyü kimi hökumət idmana, mədəniyyətə, mənasız tədbirlərə, xeyriyyə işlərinə əvvəlki qaydada pullar ayırır. Amma xaricdə təhsil məsələsi gündəmə gələndə, şəhid ailələrinin sığorta pulundan söhbət düşəndə, tələbələrə təhsil kreditlərinin verilməsi tələb olunanda “pulumuz yoxdur” deyirlər.
Deməli, hansısa mədəniyyət tədbirinə milyonlar xərcləmək, xalqın sağlamalığına pul ayrımaqdan vacibdir. Deməli, Bolqarıstanda xarabalıqları abadlaşdırmaq, məcburi köçkünə “çörək pulu” verməkdən önəmlidir.
Hətta anti-xalq siyasəti o qədər fontan vurub ki, vətəndaşın boğazından kəsməklə bağlı verilən qərarlar qüvvəyə minmədən icraya yönəlir. Amma korrupsiya, monopoliya, süni qiymət artımları, ədalətsiz məhkəmə qərarları ilə bağlı səslənnə fikirlərə, verilən vədlərə əməl edən yoxdur. Hökumət komandasınnı əsas məqsədi odur ki, xalqın boğazından kəsməklə dünyada özlərini xeyriyyəçi, insanpərvər kimi göstərsinlər. Bu qədər saxtakarlıqları yığdıqları milyardlar hesabına həyata keçirsəydilər, adamı bu qədər yandırmazdı.
Gələn il keçirləcək İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışlarına görə indidən vətəndaşın canına darışıblar. Vətəndaşına zərrə qədər sevgi və hörmət bəsləyən heç bir hökumət bu qədər ağır vəziyyətdə belə addımlar atmaz.
Fakitik olaraq sosial-iqtisadi vəziyyətin ağırlığına baxmayaraq, hökumət əcnəbilərə pul xərcləməyi, vətəndaşın taleyindən üstün tutur.
Ölkədə təhsilin, səhiyyənin, həyat şəraitinin bu qədər rüsvayçı olmasının səbəbi, məhz hökumətin rüsvayçı xərc siyasətidir. Hökumət yadlara milyardlar xərcləməyə hazır olsa da, vətəndaşa manatlar xərcləməyə qıymır.
Samir