YOL POLİSİNİN GECƏ OYUNU – Sərnişinlərə qarşı reyd keçirilir – QANUNSUZ!

24-11-2016, 07:00   
YOL POLİSİNİN GECƏ OYUNU – Sərnişinlərə qarşı reyd keçirilir – QANUNSUZ!
DYP əməkdaşlarının bilmədiyimiz xüsusiyyətləri – gündüz “cərimə işi”, gecə “cinayət işi”.

DYP polislərin davranışlarına haqq qazandırsa da, ekspertlər etiraz edirlər.

Paytaxt ərazisində taksi sürücüsü işləyən Niyaz Babayev sputnik-ə şikayət məktubu göndərib. O bildirilir ki, son vaxtlar Dövlət Yol Polisi (DYP) əməkdaşlarının anlaşılmaz davranışları ilə üzləşir. “Mən, əsasən gecə saatlarında sərnişin daşıyıram. Və son zamanlar yol polisi əməkdaşları avtomobilimi saxlayır, sərnişimin kimliyini, hara getdiyini soruşur, hətta şəxsiyyət vəsiqəsi tələb edirlər. Yəni, onlara dəxli olmayan suallarla sərnişinimi sıxışdırırlar”, – yazır sürücü. Dediyinə görə, bu cür hallar səbəbindən daimi sərnişinləri ondan uzaqlaşırlar: “Onsuz da güc-bəla ailəmi dolandırıram. Bu qədər kredit, borc-xərcin içində başımızı dolandırırıq. Gecə-gündüz yatmıram ki, övladlarıma çörəkpulu aparım. Amma “QAİ”lərin əlindən müştərilərimi “itirirəm”. Dərdimizi də dinləyən yoxdur”.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov DYP əməkdaşlarının davranışlarına haqq qazandırıb. Dediyinə görə, yol polisinin gecəyarısı cinayət hadisələrinin qarşısını almaq və cinayətkarları ələ keçirmək üçün avtomobilləri saxlayıb sərnişinləri yoxlamaq hüququ var. “Günün qaranlıq vaxtları cinayət hadisələri baş verir. Belə cinayətkarların tapılması ilə bağlı nəzarət genişləndirilib. Səhər saat 6-ya qədər hərəkət edən sürücülərə və onların yanındakı sərnişinlərə güclü nəzarət edilir”, — Əsədov deyib. Onun sözlərinə görə, məhz belə nəzarətin hesabına oğurluq halları azalıb: “Cinayətkarlar daha çox saxlanaraq məsuliyyətə cəlb edilə bilib. Bu, qanunvericiliklə tənzimlənir və xidmət də buna uyğun həyata keçirilir”.

Nəqliyyat eksperti Ərşad Hüseynov isə yol polisinin sərnişinə nəzarət etmək hüququnun olmadığını deyir. “Bunu edən DYP əməkdaşı kimdirsə, özbaşınalıqla məşğul olur. Qanunda göstərilir ki, fövqəladə hadisə baş verərsə, komendant saatı qoyularsa və xüsusi hadisə baş verərsə və bu zaman yol polisinə səlahiyyət verilərsə, sərnişinlərin şəxsiyyəti ilə maraqlana bilər. Digər bütün hallarda yol polisi sərnişindən şəxsiyyət vəsiqəsini tələb edə bilməz və ya sürücüdən sərnişini hara apardığını soruşa bilməz. Yol polisi, yalnız sərnişin yol hərəkətini pozarsa, məsələn kəmər taxmazsa, bu halda ona protokol yazılması üçün sərnişindən sənəd tələb edə bilər”, — deyə Ə. Hüseynov qeyd edib.

Nəqliyyat məsələləri üzrə digər ekspert Azər Allahverənov da yol patrul xidməti əməkdaşlarının belə səlahiyyətə malik olmadıqlarını bildirib: “Birmənalı qanun pozuntusudur. “Yol patrul xidməti haqqında” təlimat var. Təlimatda yol patrulunun öhdəlikləri göstərilib. Bu təlimata əsasən, onun sərnişindən sənəd tələb etmək səlahiyyəti yoldur. Düşünürəm ki, belə hadisə baş verərsə, sərnişinlər bu zaman həmin yol patrulunun rəhbərliyinə şikayət etməli və belə polislər cəzalandırılmalıdır. Lap yol polisi şübhəli şəxs kimi sərnişini saxlayırsa, bunu sübuta yetirməlidir. Eyni zamanda sürücü yol polisinə sərnişinləri haqqında və ya harasa getmələri haqqında məlumat verməyə borclu deyil”, – A.Allahverənov vurğulayıb.

Onun sözlərinə görə, bunun üçün yol patrul xidmətinin mütləq icazəsi olmalıdır: “Bu cür qanunsuzluq baş verərsə, sürücünün və ya sərnişinin hüququ var ki, bu məsələ ilə bağlı yuxarı instansiyalara müraciət etsin və hüquqlarını bərpa etsin. Bəzi hallarda insanlar öz vəzifələrindən sui-istifadə edirlər”./azpolitika.info/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar