Ölkəmizdə bütün sahələr bərbad vəziyyətdə olsa da, bütün bərbad sahələrin abadlaşdırılması üçün büdcədən milyardlar ayrılıb. Ümumiyyətlə, bu ölkədə hansısa sahənin inkişafı, həmin sahəyə ayrılan pulun məbləğiylə ölçülür. Thəsilin keyfiyyəti yox, məktəb tikintisinə ayrılan pullar, səhiyyənin səviyyəsi yox, xəstəxanaların təmirənə dərf olunmuş maliyyə əsas götürür. Bütün bu sahələrin qəzalı vəziyyətdə olması bunu göstərir ki, ayrılan vəsait həmin sahələrin inkişafına yox, müəyyən adamların ciblərinin böyüməsinə sərf olunub.
Bu mənada yol-nəqliyyat sisteminin vəziyyəti xüsusi diqqət cəlb edir. Baş nazirin müavini Abid Şərifov bildirib ki, son illər nəqliyyat infrastrukturuna 25 milyard dollar investisiya yatırılıb. Bəli, ölkənin mövcud büdcəsindən iki dəfə çox vəsait nəqliyyat infrastrukturuna xərclənsə də, acınacaqlı vəziyyət göz qabağındadır. Xatırladaq ki, Misirin yeni paytaxtının tikintisinə 43 milyard dollar vəsait ayrılıb. 7 milyon əhalinin yaşayacağı paytaxtın tikintisinə ayrılan vəsaitin yarısına bizim hökumətimiz nəqliyyat infrastrukturunu qura bilməyib.
İntellektual idarəetmə sistemi rəhmətə getdi, bəh-bəhlə çəkilmiş yollar çat verdi, körpülər uşdu, hələ də normal kanalizasiya sistemi yoxdur v bərbad vəziyyətdə olan yollar hələ də mövcuddur. Bəli, real qiymətdən 10 dəfə baha qiymətə yollar çəkilib, körpülər tikilib və nəticədə yenə də sıfırdan başlamalı olacağıq.
Əslində, təəccüblü heç nə yoxdur. “Azəryolservis”in vəzifəli şəxsi “800 manatlıq işə 10000 min silirdik” deyirsə, 25 milyardlıq nəqliyyat infrastrukturunun, 25 manatlıq nəticəsinin olmağı təbiidir.
Normal ölkədə 25 milyardın xərclənməsindən sonra, kənd küçələri də Avropa standartlarına uyğun olmalı idi, ölkədə köhnə avtobus, qatar qalmamalıydı. Amma sovet dövründən qalmış qatarlar, relslər hələ də iş başındadır, avtobusda basabas davam edir, ölkənin 1 saat yağış yağması kifayət edir ki, ölkə təslim olsun.
Fakitki olaraq 25 milyard dollar yoxa çıxıb, bu qədər vəsaitin xərclənməsinin nəticəsi yoxdur. 25 milyard doların xərclənməsindən sonra qərara gəliblər ki, kanalizasiya sistemi haqqında düşünsünlər.
Hökumətimiz “bizim öz yolumuz var” deyəndə, 25 milyard dollara yolsuzluq yaratmağı nəzərdə tuturmuş. Bu qədər israfçılığa, mənimsəməyə nəinki Bakının nefti, bütün neft ölkələrinin qazancı da tab gətirməz.
Bəli, 25 milyard dollar xərclədikdən sonra palçıqda, sınıx-salxaq avtobuslarda, köhnə qatarlarda gəzirik. Yayda kondisionerli qatara minə bilmək üçün, metroya niyyət edib düşürük. Bir sözlə, 25 milyard puldan sonra “gölməçələr ölkəsi”nə çevrilmişik.
İlham