Gəncə Dövlət Universitetinində(GDU) gərginlik səngimir. Bir müddət əvvəl mediada məlumat yayılmışdı universitetin rektoru Yusif Yusifovun yeni şərtləri tələbələr arasında ciddi narazılığa səbəb olub. Hətta tələbələrin etirazlarını kütləvi aksiyalar şəklində bildirdiyi iddia edilirdi. Daha sonra yayılan xəbərlərdə isə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Gəncə səfəri ərəfəsində GDU tələbələrinin rektorun yeni şərtlərinə etiraz olaraq aksiya keçirələckləri iddia edilirdi.
Bu günlərdə isə GDU ilə bağlı yeni məlumatlar yayılıb. Həmin məlumatlarda isə universitetin müəllim heyətinin Yusif Yusifovdan narazılıq etdiyi bilidirilir. İddia olunur ki, narazılıq gəlirlərin bölüşdürülməsi ilə bağlıdır. Bildirilir ki, universitetdə 4115 nəfər tələbə ödənişli əsaslarla təhsil alır. Lakin bu tələbələrdən əldə olunan gəlirlərdən universitetin müəllim heyətinə demək olar ki, heç nə çatmır. Məlumatalrda deyilir ki, müəllimlərin maaşlarının çox az olmasına baxmayaraq, ödənişli əsasla təhsil alan tələbələrin keçirdikləri təhsil haqqından müəllimlərə çox az miqdarda, ayda təqribən 50-70 manat əmək haqqı verilir. Halbuki, bir çox ixtisaslar üzrə ödənişli təhsil üçün müəyyən olunmuş qiymətlər GDU-da hətta əksər paytaxt universitetlərində olduğundan da yüksəkdir. Bundan başqa, təmir işləri, mebel və avadanlıqların alınması və digər adlar altında “silinərək” mənimsənilir. Məhz belə bir talançı yanaşma tərzinin nəticəsidir ki, bu gün 32 laboratoriyası olan universitetdə, hələ indiyədək bir dənə də olsun ciddi elmi nəticə əldə olunmayıb. Bu laboratoriyaların əksəriyyəti bütün tədris ili boyunca qapısı bağlı vəziyyətdə qalsa da, Yusif Yusibovun göstərişi ilə tərtib olunan sənədlərdə onların az qala gecə-gündüz, intensiv şəkildə analiz və elmi- tədqiqat işlərilə məşğul olduğu qeyd olunur. Bunda məqsəd isə, yenə də maliyyə maxinasiyaları üçün əlavə şərait və imkanlar əldə etməkdir. Digər tərəfdən də, redaksiyamıza daxil olan müraciətlərdə tələbələrin unuversitet rəhbərliyinin rüşvət tələblərindən artıq zinhara gəldikləri aşkar hiss olunur. Bu xüsusda bizə təqdim olunan açıqlamalardan birində deyilir: “GDU-nun tələbələri yeni “qiymət tarifləri” qarşısında çarəsiz qalmışlar. Məhz bu tariflərə görə Gəncə Dövlət Universitetində növbəti semestrin bütün imtahanlarının birgə, yəni “topdansatış” qiyməti təxminən 500-600 manat civarında müəyyənləşdirilib.Universitetdə oxudun-oxumadın, hamıdan bir nəfər kimi pul yığılır. Tələbələr imtahanda sualların cavablarını düz yazsa da, onlara heç olmasa “kafi” də vermirlər. “Kafi”nin qiyməti 70 manat, “yaxşı” 80 manat, “əla” isə, 100 manatdır. Pedaqoji təcrübəyə getməmək müqabilində də 150-200 manat civarında pul yığılır. Hətta pedaqoji təcrübəyə getmək istəyənlər olsa da, onlardan 50 manat pul tələb olunur. Gəncə Dövlət Universiteti tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə bir çox paytaxt universitetlərini belə kölgədə qoyub. Pul yığımlarının təşkili və bu prosesə nəzarət əsasən, fakültə dekanlarına həvalə olunmuşdur. Elə növbəti semestr imtahanları və dövlət imtahanları üçün yığım prosesinə başlanma xəbəri də məhz bu şəxslər tərəfindən elan olunur. Dövlət imtahanı üçün bəri başdan 500 manatdan yığılır. Universitetdə özbaşınalıq, rüşvətxorluq, müxtəlif maliyyə maxinasiyaları baş alıb gedir, bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir. Dekanlar (20000 manat), kafedra müdirləri (10000 manat) və müəllimlər (5000-8000 manat), hətta laborantlar (3000-5000 manat) belə rüşvət müqabilində təyin olunurlar...”
Bununla belə, son aldığımız məlumatlarda bu da qeyd olunur ki, hazırda Gəncə Dövlət Universitetinin rəhbərliyi enerji daşıyıcılarına qiymətlərin qalxması ilə əlaqədar, universitetdə yeni müəyyən olunmuş “qiymət tarifləri”nə də yenidən baxmağa hazırlaşır.
anaxeber.info