Ekspertlər FES-in dolları bahalaşdırmasından sonra manatın kəskin şəkildə dəyər itirəcəyini vurğulayırlar
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. Gözlənildiyi kimi, FES uçot dərəcəsini 0,5-0,75 faiz artırıb. Uçot dərəcəsinin artırılması dolların möhkəmlənməsinə səbəb olacaq. Heç şübhəsiz, dolların möhkəmlənməsi manata təzyiqi artıracaq. Həmçinin analitiklər FES-in gələn il uçot dərəcəsini iki dəfə artıracağını bildirsələr də, artıq məlum olub ki, 2017-ci ildə faiz dərəcələri üç dəfə artırılacaq.
Ekspertlər bu qərarın Azərbaycana təsirlərindən də narahatdırlar. Vüqar Bayramov bildirib ki, bu artım Azərbaycan üçün arzuolunan deyil: “FES-in qərarı elan edildikdən sonra qlobal valyuta və əmtəə bazarları bu addıma dərhal reaksiya verdi. Dollara nisbətən dəyərsizləşən Avropa pulu dünya bazarında 1 avro 1.048-dək ucuzlaşıb. İngilis pul vahidinin də dollara nisbətən dəyər itirməsi müşahidə edilməkdədir. Neft daxil olmaqla, strateji əmtəə bazarı da qərara reaksiya verməkdədir. Artıq WTI markalı neftin 1 barelinin qiyməti 51 dollardan aşağı təklif edilir. Əksər inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan üçün FES-in uçot stavkasını artırması və xüsusən də möhkəm dollar iqtisadi baxımdan arzuolunan deyil. FES-in qərarından sonra manata təzyiqin artacağı qaçılmazdır. Əslində oxşar qərarlar əvvəllər manata psixoloji təzyiqlər formalaşdırırdısa, indi dollara olan tələbin yüksək olması səbəbindən iqtisadi təzyiqlər də müşahidə edilməkdədir”.
Ekspertin sözlərinə görə, dekabr ayında dollar tələbinin artması və bazar təklifinin azalması fonunda ABŞ-da uçot stavkasının artırılması milli valyutamıza əlavə təzyiq yaradır: “Bu baxımdan, Mərkəzi Bank bütün ssenarilərə hazır olmalıdır. Təbii ki, Mərkəzi Bankı bu ssenariyə necə hazırlaşdığını yaxın günlərdə müşahidə edə biləcəyik. Bütövlükdə əgər Mərkəzi Bank daha çevik alətlərdən istifadə edib valyuta bazarındakı psixoloji təzyiqləri aradan qaldırmazsa, manatın ucuzlaşması prosesi daha da sürətlənə bilər”.
V.Bayramov qeyd edib ki, qlobal neft bazarı da FES-in qərarına reaksiya verdiyi üçün bu, dövlət gəlirlərimizə də təsirsiz ötüşmür: “Möhkəm dollar strateji məhsulların qiymətindəki artım faizinə mənfi təsir göstərir və artıq sözügedən bazardakı qiymət azalmaları da bundan xəbər verir. Dolların bahalaşması fonunda ABŞ da neft ehtiyatlarını və eləcə də bazara çıxartdığı neftin həcmini artırarsa o zaman ”qara qızıl"ın qiymətində daha kəskin azalmalar istisna edilmir. Bu isə OPEK-in son cəhdləri fonunda da neft ölkələrinin bazarda uyğun qiymət tarazlığı tapmasına imkan verməyəcək".
Ekspert Samir Əliyev isə bildirib ki, manata təzyiq artacaq: “Bazarda gərginlik olacaq, amma ötən dekabrdakı hadisəni, kəskin devalvasiyanı gözləmirəm. Yəqin ki, ilin sonuna kimi manat bu templə ucuzlaşmaqda davam edəcək. Mən kəskin devalvasiya gözləmirəm, amma istisna da etmirəm. Olsa da səbəb FES-in qərarı olmayacaq. Hər şey hökumətin davranışından asılı olacaq. Manat ucuzlaşmaqda davam edəcək. İndiki templə, yoxsa daha kəskin, onu zaman göstərəcək”.
Ekspert Natiq Cəfərli isə deyib ki, FES daha önəmli mesaj da verib: “Qərar çıxdı, FES uçot dərəcəsində 0,25 faiz artıma getdi. Bu, gözlənilən idi, amma ən önəmli mesaj gəldi: FES 2017-də 3 dəfə faiz artıracağını dedi, əsas bu, idi”.
Ekspertin sözlərinə görə, manat yaxın həftələrdə ciddi şəkildə dəyər itirəcək: “ İlk dayanacaq 1 dollar 1,90-2 manat olacaq”.
Ekspert Əkrəm Həsənov isə bildirib ki, ilin sonunadək kəskin devalvasiya ehtimalını yüksək hesab edir: “Çünki büdcəni doldurmaq lazımdır, bəzi qurumların maaşı aylarla verilmir. Elə verməlidirlər ki, manata təzyiq az olsun, dollar almaq eşqinə düşməsinlər”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov isə aznews.az-a açıqlamasında bu qərarın gözlənilən olduğunu deyib: “FES-i uzun müddət 0,25-0,50 faiz səviyyəsində saxlamışdılar. İndi vəziyyət elə gətirdi ki, birdən-birə 0,75 faizə qaldırdılar. Bu əlbəttə ciddi bir mesajdır. Dünya iqtisadiyyatına, o cümlədən, neft ixrac edən ölkələr üçün dolların məzənnəsinin artması və eyni zamanda milli valyutaya təsiri üçün atılan bir addımdır. Bunun Azərbaycana təsiri olacaq, dollar müəyyən müddət ərzində bahalaşacaq. Neftin qiymətində ucuzlaşmalar olacaq. Azərbaycanda onsuz da Mərkəzi Bank tərəfindən milli valyuta ilə bağlı yumşaq devalvasiya gedir. FES-in qərarından sonra ola bilər ki, bu, müəyyən qədər sürətlənsin. Manat öz yerini tutana kimi idxal-ixrac əməliyyatları, o cümlədən tələb və təkliflər bərabərləşənə və neftin qiyməti stabilləşənə kimi Azərbaycanda müəyyən problemlər olacaq və bu, manata da öz psixoloji təsirini göstərəcək”. Vahid Əhmədov atılan addımın ABŞ üçün vacib olduğunu düşünür: “Dövlət öz siyasətini aparır”.
Deputat Federal Ehtiyatlar Sistemi eyni zamanda 2017-ci ildə uçot dərəcəsinin üç dəfə artıracağını da şərh edib: “Mən buna inanmıram. Artıra bilər, amma 3 dəfə yox. Çünki 3 dəfə artım dünya iqtisadiyyatının çökməsidir. Proseslər gedəcək. ABŞ prezidenti yanvarın 20-dən sonra kürsüsünə oturacaq və onun hansı siyasəti aparacağı məlum deyil. Amma ABŞ-ın öz siyasəti var. Dollar bütün dünyada dövriyyədədir. Çox ölkələr çalışır ki, ikitərəfli əlaqələrdə dollardan imtina etsin. Amma bu, Azərbaycan üçün asan məsələ deyil. Çünki buna on illərlə vaxt lazımdır”.
Röya RƏFİYEVA