''Ölkəyə gələn turist bir də gəlmək istəmir''
Dərc olunub 21 dekabr 2016
[SOSİUM]
''Azərbaycan turistlərin üstünlük verdiyi 20 turizm məkanından biri olacaq''
“Görülən işlər nəticəsində Azərbaycan dünya turizm sektorunda ən çox üstünlük verilən 20 turizm məkanından biri olacaq”, - prezident İlham Əliyev belə düşünür.
Prezidentin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir ki, Körfəz regionu ölkələrinin vətəndaşları üçün hava limanında viza rəsmiləşdirməsi təcrübəsinin həyata keçirilməsindən sonra Azərbaycana gələn turistlərin sayı artıb:
“Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2014-cü ildə 821, 2016-cı ilin doqquz ayında 38 931 nəfər olub. İraqdan gələn turistlərin sayı da artıb. MDB ölkələri də Azərbaycan üçün buna bənzər unikal imkanlar təklif edir. Hava yolu Bakıdan bir saatdan az məsafədə yerləşən Təbriz şəhəri də daxil olmaqla, digər 13 şəhərlə hava əlaqəsinin qurulması qısa uçuş məsafəsində yaşayan 30 milyon insanın da cəlb edilməsinə şərait yaradır. İranda Təbriz və Ərdəbil, Rusiyada Mahaçqala, Gürcüstanda Tbilisi kimi dörd əsas metropolis şəhər Bakıdan avtomobillə təxminən yeddi saatlıq məsafədədir. Bu dörd şəhərin əhalisi ümumilikdə 3,7 milyon nəfərdir. Onlar Azərbaycan üçün potensial turistlərdir”.
“Turizm sektorunda 25 min iş yeri yaradılacaq”
Sənəddə o da deyilir ki, 2025-ci ildən sonrakı dövr üçün hədəf Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdiyi 20 turizm məkanından birinə çevirməkdir:
“Turizm sektoru üzrə müəyyən edilmiş 16 prioritetin həyata keçirilməsi nəticəsində Azərbaycanın real ÜDM-i 2020-ci ildə 465 milyon manat artacaq. Turizm sektorunda isə 25 min iş yeri yaradılacaq”.
Deyilənlər nə dərəcədə realdır?
Turizm sahəsi üzrə ekspert Ülvi Həsənli deyir ki, Azərbaycanın dünya turizm sıralamasından ilk 20-likdə olması çox ciddi işlər, islahatlar tələb edir. Bu siyahıya düşmək indiki rəqəmlərlə desək, ölkəyə ildə ən azı 14 milyon turist cəlb etmək deməkdir:
“Ümumdünya Turizm Təşkilatının son hesabatında - 2015-ci ildə ilk 20-likdə olan son 5 ölkə Hollandiya, Cənubi Koreya, Kanada, Polşa və Yunanıstandır. Sonuncu olan Hollandiya 14 milyon turist qəbul edib. Sadə müqayisə aparıb deyə bilərik ki, Azərbaycanın bu idarəçiliklə, bu yanaşma ilə qeyd etdiyim ölkələrin sırasına girməsi çətin məsələdir. Üstəlik, nəzərə almaq lazımdır ki, hər il orta hesabla turizm dünya üzrə 4-4,2 faiz böyüyür”.
“Hakimiyyətin turizm səhəsini inkişaf etdirəcəyinə inanmıram”
"ÜTT-nin hesabatına görə, 2015-ci ildə Azərbaycana 1 milyon 922 min turist gəlib. Hökumətin iddia etdiyi inkişafa nail olmaq o deməkdir ki, Azərbaycanda turizm 8-9 il sonra ən azı 7 dəfə inkişaf edəcək. Buna inanmaq fikrimcə, sadəlövhlük olardı. Nəzərə alaq ki, 2014-cü illə müqayisədə 2015-ci ildə Azərbaycanda 11 faiz geriləmə olub. Azərbaycanda hökumətin fəaliyyəti həmişə tərs effekt verir. Pul xərcləyirlər ki, hansısa sahəni inkişaf etdirsinlər, həmin sahə geri gedir. 2015-ci ildə milyardlarla pul xərcləndi, Avropa Oyunları, müxtəlif beynəlxalq tədbirlər keçirildi, amma həmin il ölkəyə gələn turistlər 11 faiz azaldı. Ona görə hakimiyyətin turizm səhəsini inkişaf etdirəcəyinə inanmıram” - deyir, Ülvi Həsənli.
Azərbaycanın 2025-ci il üçün turizmin inkişafı strategiyası
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də Azərbaycanda turizmin prioritet sahələrdən biri olduğunu və turizmin müxtəlif növlərinin inkişafı istiqamətində bir sıra işlər görüldüyünü deyir.
Nazir bildirib ki, Azərbaycanda 2016-2025-ci illər üçün turizmin inkişaf strategiyası hazırlanır.
Ülvi Həsənli isə deyir ki, turizm sahəsində ciddi işlər görülmür. Hətta məqsədli şəkildə inkişafdan saxlanılır. Gündəlik tələbat məhsulları kimi hiss olunmur, amma bu sahə də ciddi monopoliyadadır:
“Mədəniyyət və Turizm Nazirliyinə kimin “əli çatır” hökumətin ayırdığı pullara da həmin adamlar nəzarət edir. Nəticədə o vəsait həmin şəxslərin cibinə axır. Başqa bir nümunə, Azərbaycan Turizm Assosiasiyası var. Bu qurum nazirliklə birgə turizmin inkişafına dəstək verməlidir, ancaq onlar gəlmə turizmi monopoliyaya alıblar. Həmin assosiasiyada kimlər güclüdürsə, onlar ölkəyə turist qrupları gətirə bilirlər. Başqalarına isə problem yaradırlar. Bu problemlərdən biri də viza ilə bağlıdır”.
“Lap istəyirsən 5 dənə yol xəritəsi qəbul et, inkişaf olmayacaq”
Ekspert bildirir ki, belə vəziyyətdə inkişafdan danışmaq gülməlidir, amma hökumət turizmi 7 dəfə böyüdəcəyini iddia edir:
“Turizm inkişafı o deməkdir ki, ölkəyə kütləvi şəkildə turist gətirəsən. Əgər buna hökumətin müxtəlif strukturları mane olursa, dövlət xaricilərin ölkəyə valyuta gətirməsini siyasi məqsədlərdən dolayı istəmirsə, onda istəyirsən 5 dənə yol xəritəsi qəbul et, inkişaf olmayacaq”.
“Bir dəfə gələn ikinci dəfə gəlmək istəmir”
“Qarşıya qoyulan hədəflərə çatmaq üçün, ilk növbədə, ölkədə azad sahibkarlıq olmalıdır. Yerli sərmayə ölkədən qaçmamalı, xarici sərmayə ölkəyə maraq göstərməlidir. Amma hazırda Azərbaycanda bunun tam tərsi baş verir. Büdcədən milyonlarla, milyardlarla vəsaitin belə proqramlara xərclənməsi insanda belə şübhə yaradır ki, məqsəd inkişaf yox, büdcə vəsaitlərinin mənimsənilməsidir” – deyən Ülvi Həsənli belə sahələrin inkişafı üçün büdcədən pul xərcləməyə ehtiyac olmadığını söyləyir:
“Sadəcə qanunlarla, qərarlarla, sahibkarlığa azadlıq verməklə, güzəştlər tətbiq etməklə stimullaşdırmaq və real inkişafa nail olmaq lazımdır. Dünyada bununla bağlı minlərlə nümunə var. Onları araşdırmaq, tətbiq etmək çətin məsələ deyil. Uzun müddətdir hökumətə çağırış edilir ki, viza rejimini sadələşdir. Hökumət isə əksini edir, turistləri ölkəyə buraxmır. Gələn turistlərə problemlər yaradılır. Nəticədə bir dəfə gələn ikinci dəfə gəlmək istəmir. Çünki turistlərə əlavə sənədləşmə problemləri yaradılır. Ölkədən çıxanda əlavə bürokratiyaya görə cərimələnirlər. Bu qaydalardan aydın görünür ki, hökumət əslində ölkəyə turist gəlməsini istəmir. Sadəcə son dövrlər böhranla bağlı görüntü yaratmaq üçün bəzi ərəb ölkələri ilə viza sadələşdirildi və bir neçə min əlavə turist gəldi. Əslində Avropa və Amerika ölkələri üçün viza sadələşdirilməli və həmin ölkələrdən turistlər cəlb edilməli idi. Çünki dünyada ən çox səfər edən və ən çox xərcləyən insanlar bu regionlardandır”.
Azərbaycanın rəsmi statistikasına görə, ölkəyə ən çox turist Rusiyadan gəlir - 2015-ci ildə 685 555 nəfər gəlib. İkinci yerdə Gürcüstandan gələn turistlərdir - 571 648 nəfər. Üçüncü yerdə isə Türkiyə vətəndaşlarıdır - 288 620 nəfər. Qərb ölkələrindən ən çox turist Böyük Britaniyadan gəlir, bu da qonşu ölkələrlə müqayisədə dəfələrlə azdır. Ölkəyə gələn ingilislərin sayı 34 842 nəfərdir.
Ülvi Həsənli deyir ki, Qərb ölkələrindən turistlər cəlb etməklə, ölkəyə külli miqdarda valyuta cəlb etmək olardı.
Əslində ölkəyə maraq necə yaradıla bilər?
Ülvi Həsənli deyir ki, Azərbaycana müxtəlif ölkələrdən gələn turistlər arasında maraq var. Bununla bağlı mətbuatda da dəfələrlə yazılar gedib ki, Gürcüstana gələn turistlər Azərbaycanı da görmək istəyirlər. Amma onları sərhəddən buraxmırlar:
“Birinci növbədə, ölkənin reklamını aparmaq, təbliğata milyonlar xərcləmək yox, ölkədəki turizm sənayesində, biznesində köklü islahatlar həyata keçirmək lazımdır. Qonşu ölkəyə gedən vətəndaşlarımız da şahiddirlər ki, gömrük keçid məntəqələrində vəziyyət necədir. Əminəm ki, həmin vəziyyəti görən xarici bir də ölkəyə gəlmək istəməz. Yəni, Azərbaycanda turizmi inkişaf etdirməkdə səmimi olan hökumət 300 milyon xərcləməzdən əvvəl ən sadə məsələləri yoluna qoymalıdır”.