”Heydər Əliyevdən qorxurdular, İlham Əliyevdən qorxmurlar” VİDEO

24-12-2016, 09:42   
”Heydər Əliyevdən qorxurdular, İlham Əliyevdən qorxmurlar” VİDEO

l“92-ci ildə bir ayağımdan yaralandım (snayperlə ayağımdan vurmuşdular N.M.) 93-cü ildə kantuziya aldım. Əsəblərim yerində deyil. Ağdərənin Talış bölgəsi var, məhəllə uşaqları ilə ora getdim. Snayperlə başımdan vurdular. Başıma necə vurdularsa, indi başımın bir tərəfi plastmasdı. Yaddaşım yoxdu. Ölüxanadan məni götürüb həkimin yanına gətirdilər, “Semaşkoya”…”

Üzlüksüz divarları evin 3 qızı bəzəyib. Boz evə bir az rəng, yaşlarından böyük qayğılara zər vurublar. Yeni ilə hazırlaşırlar, amma yenə köhnə problemlərlə. Ataları Nurəddin Mahmarzayev onlara doyunca yemək, əyin-baş almaq gücündə deyil. 1-ci qrup Qarabağ əlilinə 243 manat təqaüd verilir. O, təqaüdünün 15 günə bəs eləmədiyini deyir.

“Uşaqlara ayaqqabı, üst-baş ala bilmirəm. Utanıram, xəcalət çəkirəm. Çanta ala bilmirəm, 3-5 illik çantaların işlədirlər. Mən də utanıram axı… Ata məsuliyyəti başqa şeydir. Mən də bir ata kimi deyirəm ki, uşaqlarıma hər il çanta alım, məktəbə yaxşı getsinlər, yaxşı oxutdurum onları, üç nəfər qız uşağıdır”.


Nurəddin Mahmarzayev ağrılarını siqaretlə dindirir. Deyir ki, aldığı təqaüdün 80 faizi siqaretə gedir. Bəzən uşaqlarından utanır da. Onlara meyvə almaq yerinə o pulu siqaretə xərclədiyinə görə. Amma deyir, uşaqlarım da hiss edir ki, başımdakı ağrılara başqa cür dözə bilmirəm.

“Uşaqlarım ayda bir dəfə, ya iki dəfə meyvə üzü görürsə, sevinirlər. Mənim uşaqlarım meyvə üzünə həsrətdir, süd üzünə həsrətdir. Gedirəm bir az qoyunun sür-sümüyündən götürürəm, uşaqlar kömək edir, iki-üç kilo alıb götürürəm. Onlarla anası uşaqlar üçün yemək bişirir, belə uşaqların başın qatıram. 5 gün sulu yemək yeyəndə qayıdırlar ki, ata, bunun içində ət yoxdur. Mən axı bunu öz vicdanıma sığışdıra bilmirəm”

Əvvəllər ünvanlı sosial yardım alsa da, indi Qarabağ əlilinə yardım vermirlər. O vaxtdan bu vaxta onun şəraiti yaxşılaşmayıb, gəlirləri də artmayıb. Amma Sosial Müdafiə Nazirliyinə yazdığı ərizələrdə hər dəfə bir səhv var deyib geri qaytarırlar. Beləcə, onun 6 müraciəti geri qaytarılıb. O, problemini demək üçün nazir Səlim Müslümovun qəbuluna da düşə bilmir. Qarabağ əlili deyir ki, keçmiş prezident Heydər Əliyevin dövründə oğlu İlham Əliyevin hakimiyyətindən fərqli olaraq yaxşı yaşayırdı.

“İlham Əliyevin dövründə ona görə belə oldu ki, o nazirlər İlham Əliyevin sözünə qulaq asmırlar. İlham Əliyevin danışığına fikir vermirlər. Prezidenti saymırlar, ona görə də belə dövr gəlib çıxıb. Heydər Əliyevdən qorxurdular, İlham Əliyev cənablarından qorxmurlar. Özbaşınalıq baş alıb gedir. Millətin 70 faizi pis gündə yaşayır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Qarabağ əlilinin sosial vəziyyəti nəzərə alınaraq dəfələrlə ona birdəfəlik maddi yardımlar göstərilib. Hazırda da Nurəddin Mahmarzayevin növbəti müraciətinə baxılır və ona yenə də birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur.

Nazirliyin mətbuat katibi bildirir ki, müharibə əlillərinin nazirliyin rəhbər şəxsləri ilə görüşmələri üçün heç bir məhdudiyyət, çətinlik yoxdur. Amma nazirlik Qarabağ əlilinin nəyə görə Səlim Müslümovla görüşə buraxılmamasının səbəbini izah etmir.

Nurəddin Mahmarzayevin sosial yardımla təmin olunmaqla bağlı müraciətinə gəldikdə isə, nazirlik bildirir ki, ünvanlı dövlət sosial yardımların verilməsi elektronlaşdırılıb. Vətəndaş elektron qaydada müraciət edəcəyi halda onun ailəsinə sosial yardımın təyin olunub-olunmaması barədə məhz avtomatlaşdırılmış sistem vasitəsilə cavab veriləcək.

“Nazir olasan, bir dəfə sizin qəbulunuza düşüb ürək sözümü deyə bilməyim?! Azərbaycan vətəndaşıyıq, mən səni öldürən deyiləm, asan deyiləm. Gəl bir görüşüm, qəbuluna girim, ürək sözlərimi deyim. Bu nazirlərin hamısı gizlənirlər”-deyir Nurəddin kişi.

Qarabağ əlili başından aldığı xəsarətdən tez-tez yaddaşını itirir. Bəzən uşaqlarının yaşını belə xatırlamır. Dəfələrlə qıcolması tutur. Bəzən olur ki, bir gündə 17 dəfə özündən gedir. Yalnız təcili yardımdan sonra ayıla bilir. Həyatını belə yaşayır. Yarı ayıq, yarı huşsuz, yarı da yaddaş pozğunluğu ilə. Bir də ehtiyaclar sıxır. Qarabağ əlili deyir ki, hökumətin yanında dili uzun, uşaqlarının yanında dili gödəkdir.

“Mən 5 nəfər insanın qabağında deyirəm ki, gedib canınızı torpağa qoymayın. Mənim günümə-güzəranıma, ev-eşiyimə baxın. Siz hara gedib canınızı qoyursunuz? Azərbaycan üçün ? Azərbaycan dövləti qiymət verməyəndən sonra, yanındakıları qiymət verməyəndən sonra…? Hara gedib vuruşursunuz? Bizim kimi veteranlara, əlillərə elə yüksək səviyyədə baxmalıdırlar ki, camaat ürəkli getsin döyüşə. Mən də 19 yaşında getmişdim. Dedim, Azərbaycanın gələcəyi olacaq, biz də neftin, qazın bəhrəsin görəcəyik, bizə də yaxşı baxacaqlar, mən demədim ki, gəlim bu zülmün içinə düşüm”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar