Ziya Məmmədovla şəriki sərvətlərini xaricə daşıyır

6-06-2014, 11:05   
Ziya Məmmədovla şəriki sərvətlərini xaricə daşıyır
“Hafka”nın müflis olması xəbərlərinin müdhiş sirri; Nəqliyyat naziri və onun biznes ortağı Hafiz Məmmədov hər an vurula biləcəklərindən narahatdırlar; onlar varidatlarını qarantiyaya almaq üçün “Baghlan Group”un iflas olması blefindən istifadə edirlər; necə olur ki, Bakıda işçilərinin maaşını verə bilməyən biznesmen Britaniyada 50 milyona klub alır?

Nəqliyyat naziri Ziya Məmmədov və onun bir sıra böyük biznes layihələrindəki ortağı “Baghlan Group”un “Hafka” ləqəbli rəhbəri Hafiz Məmmədovla bağlı yeni məlumatlar əldə etmişik. Həmin məlumatlarda H.Məmmədovun Azərbaycandakı biznesini müflis elan etməsinin müdhiş sirrindən bəhs olunur.

Aldığımız xəbərlərdə bildirilir ki, “Bank of Azeribaijan”ın Hafiz Məmmədovdan alındığının elan olunması, onun sahibi olduğu “Bakı” klubunda futbolçuların və texniki heyətin maaşının aylardır verilməməsi, klubun satışa çıxarılması, “Hafka”nın tikinti şirkətlərində işçilərə bir neçə ay öncədən kütləvi ixtisarlarla bağlı xəbərdarlıqların edilməsi və tikinti işlərinin dayandırılacağının bildirilməsi əslində blefdir. Bununla bağlı danışan məlumatlı şəxs bu blefin səbəbini belə izah edir: “Hafiz Məmmədov özü və onun bağlı olduğu nəqliyyat naziri Ziya Məmmədov hakimiyyətdə çox güclü qrupların hədəfindədir. Bunun bir sıra siyasi və iqtisadi səbəbləri var.



Ziya Məmmədov son illərdə bir qədər zəiflədilmişdi. Ancaq qudası Heydər Əsədovun kənd təsərrüfatı naziri postuna təyin olunmasından sonra o, faktiki olaraq azı hökumətdəki iki nazir kürsüsünün sahibinə çevrildi. Bununla da vəziyyəti xeyli yaxşılaşdı və imkanları genişləndi. Kənd təsərrüfatı naziri postu uğrunda isə neçə vaxtdır hakimiyyətdəki başqa bir güclü qrup da mübarizə aparırdı. Ziya Məmmədovun bu mübarizədən qalib çıxması isə nəqliyyat naziri ilə rəqib qrup arasındakı savaşı yenidən qızışdırıb. Bu savaşda Ziya Məmmədovun bir sıra yanlışlıqlara yol verməsi isə onu yenidən zəif duruma düşürüb. Həm də Z.Məmmədov və ona bağlı Hafiz Məmmədov da daxil olmaqla, bir sıra şəxslərin hakimiyyətdən gizli maxinasiyalara yol vermələri ilə bağlı ölkə rəhbərliyinə məlumatlar çatdırılıb. Gizli maxinasiyalarla bağlı Məmmədov qrupunun ən ciddi yayındırmaları və qaçaq yanacaq daşınması sahəsində olduğu üzə çıxıb. Bu isə hakimiyyətin ən həssas və strateji yanaşdığı sahələrdən biridir.

Həmin məlumatlar aparılan dəqiqləşdirmələrlə öz təsdiqini tapıb. Bundan başqa, o da bəlli olub ki, əslində Hafiz Məmmədov Fransanın ”Lans" klubunu alaraq və İspaniyanın “Atletiko” Madrid klubuna investorluq edərək dünyada Azərbaycan təbliğatı apardığını göstərərkən xərclədiyi vəsaitlərlə bağlı rəqəmlər xeyli şişirdilib. Yəni bu təbliğat kampaniyasının qarşılığında ona para qazanmaq üçün geniş imkanlar yaradılıb. Amma sonradan məlum olub ki, əslində “Hafka” çəkdiyi xərcləri xeyli şişirdərək, rəhbərliyi aldatmağa çalışıb. Bu isə hakimiyyət tərəfindən qəbuledilməz bir hal sayılır. Buna görə də “Hafka” həm özünün, həm də ona “krışalıq” edən Ziya Məmmədovun vurulacağını görərək biznesini müflis elan etmək yolunu tutub. Hafiz Məmmədov bunu həm də Ziya Məmmədovun razılığı ilə edib".



Göründüyü kimi, məlumatlı mənbəmizin izahı kifayət qədər geniş və ağlabatandır. Bəs H.Məmmədovun özünü müflis elan etməsində və Z.Məmmədovun da buna razılıq verməsində məqsəd nədir? Məlumat qaynağımız bununla bağlı da kifayət qədər bilgiyə malikdir: “Həm Ziya Məmmədov, həm də ”Hafka" yaxşı bilirlər ki, hakimiyyətin gözündən düşən, hər hansı yanlışlığa yol verən məmurlar, iş adamları tezliklə siyasi səhnədən, biznes aləmindən yola salınırlar. Buna gedən yolda isə onların qol-budaqları vurulur, bizneslərinin böyük hissəsi əlindən alınır, yığdıqları çirkli pulların külli miqdarının hakimiyyətin “ximçistika”sında “yuyulması” tələb olunur. Buna görə də indidən Ziya Məmmədov sərvətini “Hafka” vasitəsilə xaricə daşıtdırır. Bu prosesdə həmçinin müflis olduğunu göstərmək istəyən Hafiz Məmmədov da öz sərvətini xaricə daşıyır. Hafiz Məmmədovun vurulacağı an məsələsidir. Ziya Məmmədov isə 2015-ci ilə qədər vəzifəsində qalacaq. Hələlik isə bir-bir onun səlahiyyətləri əlindən alınır. Ziya Məmmədovla Hafiz Məmmədovun sərvətlərini xaricə daşımalarına hakimiyyətdə olan yüksək vəzifəli bir məmur da dəstək verir".

Mənbə onu da bildirir ki, elə son aylarda bir sıra xarici mətbuat orqanlarında H.Məmmədovun “Lans” və “Atletiko Madrid” klublarına böyük pullar xərcləməsi, eləcə də guya bir sıra şəxslərin ələ alınmasına böyük vəsaitlər ayırmasının tənqid olunması da “Hafka”nın düşünülmüş planıdır. “Hafka” bununla sərvətinin böyük hissəsini xərclədiyini, əlində az vəsaitinin qaldığını göstərmək istəyir. Buna görə də xarici mətbuat orqanlarında haqqında yazılanların bəzilərinin sifarişini özü verir.

Məlumatda o da qeyd olunur ki, hakimiyyət daxilində artıq nəqliyyat naziri ilə “Hafka”nın sərvətlərini xaricə daşımalarından duyuq düşüblər və bununla bağlı araşdırmalar başlayıb. Bütün bunlar faktlarla sübuta yetirilərsə, hər iki şəxs üçün nəticə gözlənildiyindən də pis ola bilər.

Qeyd edək ki, Azərbaycanda müflis olduğu görüntüsünü yaratmağa çalışan H.Məmmədov Britaniyada yeni futbol klubu alıb. H.Məmmədov 75 yaşlı Milan Mandariçi bu ölkənin “Sheffield Wednesday” klubunu 50 milyon dollara ona satmağa razı sala bilib. Amma nədənsə “Atletiko Madrid”lə reklam müqaviləsi bağlamasını, “Lansı” almasını geniş reklam etdirən H.Məmmədov “Sheffield Wednesday”ı alması haqda danışmır.
Hər halda, özü haqqında müflis olması xəbərləri yaydıran “Hafka”nın Britaniyada yeni klub alması maraqlıdır. Görünür, bunun özü də H.Məmmədovun sərvətini xaricə daşımasının bir yoludur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.