“2017-ci ildə gənc kadrların iş başına gətirilməsi daha aktual məsələ olacaq”
Son günlər Azərbaycanı mövcud böhranlı vəziyyətdən xilas etməklə bağlı ölkə başçısı tərəfindən ciddi sənədlər imzalanıb, hökumətin qarşısında konkret vəzifələr, öhdəliklər qoyulub. Ancaq bir qisim ekspertlər var ki, onlar mövcud komandanın qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə qadir olmadığını düşünür, daha çevik hökumətə ehtiyac olduğunu deyirlər. “Turan” İnformasiya Agentliyinin direktoru, siyasi şərhçi Mehman Əliyevin isə vəziyyətdən çıxış yolu ilə bağlı konkert təklifləri var:
- 2016-ci ildə dəyişikliklərə müəyyən hazırlıq prosesi getdi. Bu da referendumla bağlıdır. Hansı ki, İlham Əliyev demişdi ki, altı aydan sonra referendumdan irəli gələn məsələlər işə salınacaq. Bu da təxminən mart ayına düşür. Bir də elan olunan islahatların yol xəritəsi var, vaxtaşırı dərc olunur. Bu da onu göstərir ki, 2017-ci ildə islahatlara başlanılmasına hazırlıq gedir. Hesab edirəm ki, institusional dəyişikliklər, bir də iqtisadiyyatda və cəmiyyətdə dəyişikliklər olacaq. Bu, böyük bir prosesdir. 2017-ci ildə bunun əsasları qoyulacaq.
- Mehman bəy, sizdən fərqli olaraq, hökumət nümayəndələri növbəti illə bağlı çox bədbin danışırdılar. Sizin söylədiyiniz proses vəziyyəti yaxşılığa doğru dəyişməyə imkan verəcəkmi?
- Mən bu barədə bir analitik yazı da yazmışdım. Rusiya Mərkəzi Bankının sədrinin dediyinə də istinadla bu tipli böhranlardan üç cür çıxış yolu olur: inqilab, vətəndaş müharibəsi və böyük dövlətlərdən daha çox asılı vəziyyətə düşmək. Bizdə İlham Əliyev inqilabı yuxarıdan başlamaq istəyir. Həmin o islahatlar proqramı və s. onu deməyə əsas verir ki, dəyişiklikləri yuxarıdan başlamaq istəyir. Amma bu, alınmasa, proses ləngisə, əgər narazılıq artsa... Fakt budur ki, sosial narazılıq güclənməkdə davam edir. Hökumət çox gecikir. Ona görə də aşağıdan proseslər başlaya bilər, yəni aşağıdan inqilab.
Allah eləməsə, bu proseslər də normal idarə olunmasa, deməli, ikinci varianta, vətəndaş müharibəsinə keçə bilər. Üçüncü varianta gəldikdə, biz artıq onun içindəyik. Bizdə artıq xarici borc 7 faizdən 32 faizə qalxıb və yüksəlməkdə davam edir. Yəni biz ABŞ-dan daha çox asılı vəziyyətə düşürük. Çünki investorları, beynəlxalq institutları, Ümumdünya Bankı, yaxud Asiya Bankını götürsək, orada əsas təsisçilərdən biri ABŞ-dır. Vəsaitləri də əsas onlar ayırır. Yəni getdikcə Azərbaycan daha çox asılılığa düşür və bu da öz təsirini göstərir, gələcəkdə isə daha da güclü göstərəcək. Bundan sonra isə hər şey hakimiyyətin özünün davranışından asılı olacaq. Variantlar isə var və onların işə salınması durumu dəyişə bilər.
- Mart ayında referendumdan irəli gələn mexanizmlərin tətbiqi, vitse-prezidentlərin önə çıxması halında hökumətin proseslərdə rolunun azaldılması, komandada ciddi dəyişikliklərin olması gözləniləndirmi?
- Bunlar paralel getməlidir. Təbii ki, struktur dəyişikliyi də olmalıdır. Bu komanda islahatlar keçirməyə qadir deyil. Bu komanda ölkəni ciddi, dərin və çoxmiqyaslı böhrana gətirib çıxarıb. Ona görə də bu komanda getməlidir. Onlar bunu başa düşməlidir. Bunlar hakimiyyətdən yapışıblar və getmək istəmirlər. Ancaq başa düşməlidirlər ki, böhranı onlar yaradıb və buna görə çox ciddi məsuliyyət daşıyırlar. Məncə, onların dəyişməsi realdır. Çünki qarşıda duran vəzifələri bu komanda həyata keçirə bilməz. Referendumda deputatlar üçün yaş senzinin götürülməsi məsələləri var idi, bu, ona işarəydi ki, əslində 2017-ci ildə gənc kadrların iş başına gətirilməsi daha aktual məsələ olacaq. Çünki kifayət qədər savadlı, müasir biliklərə malik kadrlar var. Bu islahatların aparılması üçünsə texnokratlar komandasının yaradılması vacibdir. Belə olmalıdır, əgər bu da olmasa, onda çox pis nəticələr baş verəcək, vəziyyət getdikcə pisləşəcək və mən dediyim birinci və ikinci ssenari işə düşəcək.
- Bu günlərdə ölkə xaricində olarkən, yəqin, müşahidələr aparmısınız. Azərbaycanın taleyi ilə bağlı düşüncələr, ölkəmizə baxış necədir?
“Yoxsa bu cəmiyyətlə islahatlar aparmaq mümkün olmayacaq”
- Mənim görüşlər keçirdiyim o dairələr Azərbaycanda belə bir vəziyyət yarana biləcəyini gözləmirdilər. Mən vaxtilə belə vəziyyətin yarana biləcəyini deyirdim və indi həmin proqnozları vurğulayırdılar. Ona görə də bəlkə daha çox bizə qulaq asır və inanırlarlar, nə baş verdiyini bilmək istəyirlər. Geniş ekspertlər spektrini götürəndə əslində bu vəziyyət çoxları üçün gözlənilməz idi. Ona görə də çaşqınlıq içərisindədirlər ki, bu, hara gedir?
Daha çox suallar var ki, nə ola bilər, risklər nədir? Burada sərmayə qoyan ölkələr, kampaniyalar var, onlar hamısı vəziyyətə görə narahatdır. Ölkə ilə bağlı narahatlıq var.
Mən bu arada Avropa ölkələri ilə yanaşı Qazaxıstanda da oldum. Bizdə islahatlar proqramını “Makkenze” şirkəti hazırlayırdı. Bu, ABŞ-ın çox güclü və önəmli konsaltinq şirkətidir, böhranla üzləşən şirkətlər, dövlətlər üçün böhrandan çıxış layihələri hazırlayır. Qazaxıstanda da antiböhran layihəsini “Makkenze” şirkəti hazırlayıb. Artıq Qazaxıstan bu şirkətin proqramını qəbul edib, Nazarbayev məhkəmə sistemində islahatlara başlayır, bu, vacib amillərdən biri idi. Amerikanlar hesab edirlər ki, islahataların uğurlu aparılması üçün mütləq məhkəmələrin müstəqilliyi təmin olunmalıdır. Bizimkilər buna getmədi. Əslində bu gün təqdim olunan islahatlar proqramı “Makkenze” şirkətinin hazırladığı proqram deyil, onun bir hissəsidir. Şirkət daha çevik dəyişikliklərin tərəfdarı idi. Azərbaycan hakimiyyəti isə hesab edir ki, buna ehtiyac yoxdur, illəri uzatmaq olar. “Makkenze” Azərbaycandan çıxıb getdi. Çünki onların təqdim etdiyi islahatlar paketini bu komanda qəbul etmədi. Bu da problem yarada bilər. Ən ciddi məsələ də elə budur.
- Azərbaycan böyük ehtiyatlara malik ölkədir. Bu mənada hələ durumun heç də kritik olmadığını demək olarmı?
- Ehtiyatlarımız azalır. Qarşıdakı 7 il üçün neft ehtiyatlarımızın istehsalı 24-25 milyon tona enəcək. Lap qiymətlər qalxsa da, istehsal enir və biz ordan heç nə qazanmırıq. Hələ mən demirəm ki, neftin qiyməti o qədər də qalxmayacaq. Ona görə biz daha böyük itkilərlə rastlaşacağıq. Qaz isə nefti əvəz eləməyəcək. Onda hansı ehtiyatlardan söhbət gedir?
- Neftin maya dəyəri 12-13 dollardırsa, indiki 50-55 dollarlıq satış qiyməti də az vəsait gətirmir...
- Bu, bəs eləmir axı. Əgər bəs eləsəydi, böhran da yaranmazdı.
- Ancaq digər sahələr inkişaf etdirilsə, vəziyyət dəyişər, elə deyilmi?
- Bunun üçün illər lazımdır. Bizim hakimiyyət çox ləng davrandı. İki ildir böhrandır, bu müddətdə hakimiyyət nə edib? Hansı ki, əvvəldən antiböhran proqramı hazırlanmalı idi. Hazırlanan proqramların böyük bir hissəsi keçmişə, qalanı isə gələcəyə aiddir, ortada isə ümumi sözlərlə yazılmış bir şey var. Amma taktiki qərarlar, beş-on günə, bir aya, bir ilə hesablanan heç nə yox idi. İki il idi ki, bu hakimiyyət gözləyirdi. “Makkenzi” ilə danışıqlarda deyirdilər ki, neftin qiyməti qalxacaq, bizə bu formada islahatlar lazım deyil. Çünki bunlar islahatları hakimiyyətdən getməyə bənzər sayır, ona görə də prosesi ləngidirlər, milyonlarla insanın taleyi ilə oynayıb cəmiyyəti bu günə salırlar.
- Hesab etmək olarmı ki, komanda üzərinə düşən vəzifələri icra etməməklə, ölkəni mövcud duruma gətirməklə ən böyük pisliyi elə ölkənin prezidentinə edib?
- Bəli, əlbəttə ki.
“Yeni Zelandiyada kərə yağının kilosu 2,5 dollardır”
- Elə isə niyə yenə də davam edirlər?
- Məsələn, Xalq Cəbhəsi hakimiyyətdə 1 il oldu, amma psixoloji olaraq elə durum yarandı ki, hakimiyyətdən getmək istəmirdilər, sonrakı proseslər oldu. Bu hakimiyyət 23 ildir oturub. Hər bir nazir, ya başqa bir məmur işini itirməsini ölümə bərabər sayır. Ona görə bu, psixoloji problemdir, təhlükəsizlik amilidir. Düşünürlər ki, vəzifədən getsələr, məsuliyyətə cəlb olunacaqlar, hər şeylərini əllərindən alacaqlar. Ona görə də içəridə ciddi müqavimət var - baxmayaraq ki, vəziyyət getdikcə pisləşir və sabah ölkədə vətəndaş qarşıdurması da baş verə bilər. Elə bu yaxınlarda Cəbrayıl qaçqınları ilə bağlı baş verənlər bunun əlamətiydi.
- Böhranlı vəziyyətdə olan ölkələrə qarşı adətən, təhlükəli ssenarilər işə salınır. Xarici güclərin Azərbaycanla bağlı hansısa planı ola bilərmi?
- ABŞ-ın çox ciddi bir müttəfiqi olan İsrailin baş naziri Netanyahunun Bakıya gəlişi, onun ardınca Rusiya rəsmisi Raqozinin gəlməsi onu göstərdi ki, Azərbaycanla bağlı hansısa işbirliyi, qarşılıqlı, üst-üstə düşən məqamlar var. Bu, onu göstərir ki, əsas məsələ təhlükəsizlikdir və hər hansı ssenari baş versə, bu, qarşılıqlı əməkdaşlıq yolu ilə həll olunacaq. Heç kəs istəmir ki, burada qarışıqlıq baş versin.
- Xalqla həmişəkindən çox açıq danışan hökumət də narahatdırsa, deməli, nəsə etmək istəyir. Bu mənada sizin də təklif və ya təşəbbüslərinizin faydası dəyə bilər...
- Narahatlıq var, bu, aydındır. Amma iş ondadır ki, hakim komanda indiyə qədər hələ ciddi addım atmayıb. Komanda ancaq valyuta dəyişməsinin, valyuta axınlarının qabağını almaqla məşğuldur. İşığın, ya qazın qiymətinin qaldırılması nə demək idi? Sabah nəqliyyatın da qiyməti qalxacaq. Bu, vəziyyətdən çıxış yolu deyil, əksinə, vəziyyəti gərginləşdirməkdir. Yeganə çıxış yolu, dediyim kimi, insanlara azadlıq verməkdir. O ölkələrdə ki, şəxsi azadlıqlar yüksək səviyyədədir, orada iqtisadi göstəricilər də yüksəkdir. Amma Azərbaycanda iqtisadi azadlıqlar şəxsi azadlıqlardan çox yüksəkdir. Bu cəmiyyətlə islahatlar aparmaq mümkün olmayacaq. Vətəndaş cəmiyyətini azad etmək hər bir şəxsi azad etmək deməkdir. İmkan yaradılmalıdır ki, insanlar öz töhfəsini bu ölkəyə verə bilsin. Bütün monopoliyalar götürülməlidir, azad rəqabət olmalıdır.
İnhisarçılığa son verilsə, qiymətlər xeyli aşağı düşəcək. Məsələn, Yeni Zelandiyada yağın kilosu 2,5 dollardır. Azərbaycana onun gətirilməsi də 5 qəpik edir. Qazancı da üzərinə qoysan, olacaq 3 dollar. Özü də təmiz kərə yağı, geydirmə yox. Camaat gedib 6-7 manata yağ alardı. Niyə gedib 12 manata almalıdır? Bütün məhsullarda vəziyyət eynidir. Çünki monopoliya var. İnsanlara azadlıqlar verilsə, vəziyyət ciddi şəkildə dəyişər. Yadınızdadır, 90-cı illərin əvvəllərində, sovetlər dağılanda, hələ Mütəllibovun hakimiyyət dövründə insanlara azadlıq verildi ki, gedin, İrandan, Türkiyədən, Dubaydan mal gətirin, gətirib bazarı doldurdular. Ona qədər dükanlar bomboş idi, hər şey daşıyıb gətirdilər ölkəyə, ucuz, keyfiyyəti normal. Nəyə görə? Hər kəs malını gətirirdi ki, daha ucuz qiymətə satsın, pul qazansın. Başqa gəlir sahəsi yox idi. Ancaq sonradan ki, ölkədə hər şey monopollaşdırıldı, faciələr də ordan başladı. Azad rəqabət olmalıdır ki, kim nə istəyirsə o sahədə çalışsın, xidmətlə, istehsalla məşğul olsun.
- İri şirkətlərin ölkədən getməsi də ciddi problem yaratdı...
- Bəli. Elə götürün poladəritmə sahəsindəki vəziyyəti. 19 irili-xırdalı zavodlar var idi, istehsal sahəsində rəqabət yaranmışdı. Amma hamısını məhv elədilər, biri qaldı. Niyə? Bütün sahələrdə bu vəziyyətdir.
- Amma vəziyyət ümidsiz də deyil...
- Məsələləri operativ həll etmək üçün imkanlar var. Bu ilin əvvəlindən də demişdim ki, kənd təsərrüfatına 1-1,5 milyard vəsait ayırmaq lazımdır. Özü də dövlət kəndliyə qarantiya verir ki, kim nə məhsul istehsal etsə, filan qiymətə ondan alacaq. Ortada vasitəçilik edib böyük vəsaitlər qazananlar var, onları ortadan götürürsən, kəndlinin məhsulunu bazara çıxarırsan. Yəni dövlətlə istehsalçı arasında birbaşa bu xətt yaranır, qiymətlər də aşağı düşür, istehsalçı da məhsul istehsalına maraqlı olur. Yəni biz bir ildə bu böhranlı vəziyyətdən çıxa bilərdik.
- Mehman bəy, hökumətdən sizin təkliflərinizlə maraqlanan, şəxsən müraciət edən olubmu?
- Yox. Onların nəyinə lazımdır. Bizim təkliflər hamısı azadlığa gətirib çıxarır. Azad iqtisadiyyat, azad rəqabət. Onlar axı bunu qəbul edə bilmir...
//musavat.com/
Elşad PAŞASOY