Bakı merinin “dəli-dolu” həyat hekayəsi- Şok faktlar

6-06-2014, 12:40   
Bakı merinin “dəli-dolu” həyat hekayəsi
Büdcənin anasını ağlar qoyan, qardaşına «imperiya» quran Bakı "mer”inin tək yarımadığı şəxs oğlu İsfəndiyardır

Böyük pulların üzərində hakimiyyətini bərpa etmiş paytaxt "mer”i bunlardan xoşluqla imtina etmək niyyətində deyil
Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbov yenə də öz ampulasındadır. Məşhur "Azərbaycanda bir kişi var” ifadəsindən sonra paytaxt rəhbərinin qaçqınlar haqda da qalmaqallı sözləri yayıldı. Düzdür, Abutalıbov özü bu məsələni təkzib etdi, amma od olmayan yerdən tüstü çıxmaz, həm də bizim tanıdığımız mer bunu da edə bilər...
Bütün bunlara cavab olaraq biz də "Yeni Cumhuriyyət” olaraq "Hacıbala Abutalıbov özü kimdir?” sualına cavab aradıq.
Tam adı: Hacıbala İbrahim oğlu Abutalıbov...
Doğum tarixi: 13 may, 1944...
Doğum yeri: Krasnovodsk, Türkmənistan...
Abutalıbov Hacıbala İbrahim oğlu - Bakı şəhər İcra Hakimiyyətinin başçısı...

Qısa tərcümeyi-halı...

Hacıbala Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistan Respublikasının Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1969-cu ildə Leninqrad şəhərində A.F.İoffe adına Fizika-Texnika İnstitututunun aspiranturasına daxil olub. 1976-cı ildə elmlər namizədi dərəcəsi, 1987-ci ildə isə doktor dərəcəsi alıb, professordur. 1995-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda laboratoriya müdiri işləyib. 1995-ci ildə Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyətinin başçısı təyin olunub. 2000-ci ildə Azərbaycan Respublikasının Baş nazirinin müavini təyin olunub. 2001-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Evlidir. İki oğlu var.

Merin "dəlilik kağızı” var?..

Belə bir iddianı hələ xeyli əvvəl Hacıbala Abutalıbov haqqında "Gündəlik Azərbaycan” qəzeti gündəmə gətirmişdi. 2005-ci ilin sonlarında dərc olunmuş məqalədə vurğulanırdı ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Sankt-Peterburqda yerləşən Aleksandrovskaya xəstəxanasınının narkologiya və psixoterapiya şöbəsində müayinə olunub. Hətta qəzet onu da iddia edirdi ki, Bakı "mer”i bir müddət orada müalicə alıb. "Bu barədə adıçəkilən xəstəxananın narkologiya və psixoterapiya kafedrasının rəhbəri P.L.Sotnikovun imzası ilə təsdiqlənmiş möhürlü arayış redaksiyamıza daxil olduqda belə, bu tərəddüd bizi tərk etmədi. Ona görə də xəstəxananın (Sankt-Peterburq, V.O.Bolşoy pr. 51) arayışda göstərilən əlaqə telefonuna (812)320-40-83) zəng vurduq. Xəstəxananın növbətçisi məqsədimizi öyrəndikdən sonra özündə qeydlər apardı və bir az sonra onunla yenidən əlaqə saxlamağımızı xahiş etdi. Təkrar zəng vuranda o, arayışda qeyd olunanların həqiqət olduğunu və H.Abutalıbovun həmin klinikada doğrudan da müalicə aldığını təsdiqlədi” deyə, "Gündəlik Azərbaycan” yazırdı.
"Gündəlik Azərbaycan” bununla bağlı daha sonra yazırdı: "P.L.Sotnikovun imzaladığı arayışda bildirilir: "Azərbaycan SSR vətəndaşı Hacıbala Abutalıbov həqiqətən də, bizim psixiatrik klinikada şizofreniya diaqnozu ilə müalicə kursu keçib və SSRİ Səhiyyə Nazirliyinin həkim komissiyasının təqdimatı ilə klinikadan evə yazılıb”. Bakının «meri» adıçəkilən klinikada olduğu dövrdə onu müalicə edən həkimlərə qarşı aqressivlik nümayiş etdirib və hərəkətlərinin fərqinə belə varmayıb. Onu da qeyd edək ki, klinikadan evə buraxılan H.Abutalıbov Bakı Şəhər Nevroloji Dispanserində də qeydiyyata düşüb və müalicə alıb. Bunu hazırda Berlində yaşayan məşhur psixoterapevt Rişad Ağamirzəyev də təsdiq edir. O, bizimlə telefon söhbətində H.Abutalıbovun Bakıda bədxassəli, tədricən inkişaf edən paranoid-şizofreniya diaqnozu ilə müalicə olunduğu barədə məlumatı olduğunu bildirdi”.

Böyük gəlir mənbələri üzərində hakimiyyət...

Hacıbala Abutalıbovun BŞİH-nin rəhbəri vəzifəsindən getməməsinin təbii ki, bir sıra səbəbləri var. Birincisi odur ki, Abutalıbov böyük bir vəzifəni əldən vermək istəmir və illərdən bəri alışdığı postdan imtina etmək niyyətində deyil. İkincisi isə o, illərdən bəri Bakıda yaratdığı böyük gəlir mənbələrinin üzərindəki hakimiyyətini itirmək fikrindən uzaqdır. Çünki bu postu sayəsində mer indiyə qədər milyonlar sahibi olub. Biz bunun bütünlüklə təfsilatlarına varmadan, əsas gəlir mənbələrinin siyahısını sizlərə təqdim etməyə çalışacağıq və hamı da agah olacaq ki, Bakı meri olmaq istəyənlərin ciddi-cəhdlə hərəkət etməsi heç də səbəbsiz deyil:
- BŞİH-nin Mənzil Fondu: Bu fondu ələ keçirmək istəyənlər sırasında ən aparıcı fiqur Dövlət Əmlakının İdarəetmə Komitəsinin rəhbəri Kərəm Həsənov var. Artıq 2 ilə yaxındır tərəflər arasında mübarizə getsə də, Abutalıbov həmin gəlir yerini əldən verməyib;
- Meriyanın büdcəsi: Hazırda Bakının abadlaşdırılması və yenidənqurulması üçün hər il dövlət büdcəsindən ayrılan vəsaitin ümumi həcmi 500 milyon manata bərabərdir. Bundan başqa, Prezident Fondundan hər il ayırmalar və kənar daxil olmaları da buraya əlavə etsək, rəqəmin daha 50 milyon manat arta biləcəyini proqnozlaşdıra bilərik. Bu qədər pulun təbii ki, hamısı nəzərdə tutulan işlərə sərf olunmur. Onun yarısı qədəri istisna haldır ki, meriya tərəfindən "içəriyə ötürülür”.
- Ayrı-ayrı obyektlərdən alınan haqlar: İlk baxışdan bu kiçik bir rəqəmi ifadə edə bilər. Amma üst-üstə gəldikdə rəqəmin həddindən artıq böyüklüyü adamı vahimələndirir. Bu gün paytaxtda qarpızsatandan tutmuş, dondurma satana qədər hər kəs Hacıbala müəllimin adamlarına haqq verir. Qiymətlər isə ticarətin harada təşkil olunacağına əsasən müəyyən olunur. Təbii ki, "Torqovı”dakı küçə ticarətinin qiyməti ilə kənardakı eyni işin aylığı arasında ciddi fərqlər var. Məsələn, metroların yaxınlığında siqaret satmaq istəyən şəxsin gündəlik "haqqı” 15 manata yaxındır. Bu, ayda təqribən 450 manat edir. Üst-üstə götürəndə, 18 stansiya yaxınlığında üç belə "obyekt” qurularsa, o zaman merin cibinə ən azından ayda 24 min manatdan çox pul daxil olur. Biz hələ buraya dondurma, su və digər kiçik ticarət növlərini daxil etmirik. Onlar üçün də aylıq nəzərdə tutulan "haqq”ın orta dəyəri 150-300 manat aralığında dəyişir.
- MİS-lərdən gələn pullar: Mənzil-İstismar Sahələrini heç kim gəlirsiz yer kimi, qəbul etmir. Adi arayışa görə pul alan bu dövlət idarəsinin BŞİH-ə tabe olduğu da hamıya bəllidir. Bu gün BŞİH-nin nəzdindəki Tikinti Departamentinin ixtiyarında olan həmin qurumların təkcə arayışdan pul qazandığı da yalan olar. Çünki balkona artırmadan tutmuş, onun üzərinə bir ədəd mıx vurmağa qədər hər işə baxan MİS-lər, hətta evin içindəki təmirə görə də, mənzil sahibinə söz deyə bilir. Elə buna görədir ki, balkona mıx vurmaq istəyən 300 manat, artırma etmək istəyən 3-4 min manat, evində təmir işi aparmağa qərarlı olan 400 manat haqq verməlidir. Buraya həyət evlərinin mərtəbələrini artırmaq kimi işləri də əlavə etsək, işin nə qədər pullu olduğunu görmək mümkündür. Ona görə ki, bir mərtəbə daha artırmaq eşqinə düşənlər bunun üçün ən azından 20 min manat ödəməlidirlər.
- Tikinti sektoru və torpaq satışı: Bakıda daşı-daş üstə qoymaq puldur. Bunu adi vətəndaş da, tikinti işçisi də təsdiqləyir. Bu gün şəhərin içində satılan torpaqlara cavabdehliyi Hacıbala Abutalıbov öz üzərinə götürüb. Amma iri binaların inşası zamanı da onun razılığı lazımdır. Məhz bu səbəbdəndir ki, xüsusi perskuryant müəyyən edilib. Belə ki, hazırda 12 mərtəbəli və bir bloklu mənzilin inşa edilməsi üçün istənilən haqqın dəyəri 100 min manatdır. Əgər blokların sayı artarsa, bu rəqəm daha 100 min manat artır. Vay o günə ki, tikinti şirkəti 12-dən artıq mərtəbə inşa etmək fikrinə düşə. Bu zaman istənilən məbləğ isə 200 min manata qədər yüksəlməyə başlayır.
Bunlar hələ bizim bildiyimiz məqamların çox cüzi bir hissəsidir. Bu sırada onlarla, yüzlərlə siyahı hazırlamaq mümkündür. Şübhəsiz, belə bir sərvətin əldən çıxmasına heç kim razılaşmaz. O cümlədən, Hacıbala Abutalıbov. Ona görə də, həmin savaş davam edəcək və kimin güclü olduğu da bu proses nəticəsində məlum olacaq.

Osmanın qurduğu "imperiya”...

Osman deyəndə, heç də ağlınıza Ərəb xilafətinin xəlifəsi gəlməsin. Söhbət burada Hacıbala Abutalıbovun qardaşı Osman Abutalıbovdan gedir. Məsələ burasındadır ki, Osman qardaşının vəzifəyə keçməsindən sonra olduqca asan gəlir mənbəyi əldə edib. İş də burasındadır ki, paytaxtın yolkənarı bütün işıqlandırma avadanlıqları və onun detallarının alınıb, Bakıya gətirilməsinə merin qardaşı nəzarət edir.
Hər gün rastlaşdığımız, bəzən bəyəndiyimiz, bəzən isə bəyənmədiyimiz elektrik dirəklərinin Bakıya "gətirilməsi” prosesi birbaşa qardaş Abutalıbov tərəfindən həyata keçirilir. Hərçənd mer iddia edir ki, bu dirəkləri onlar Sankt-Peterburqdan gətirdir və onun üçün büdcədən külli miqdarda pullar ayırılır. Lakin artıq hamı tərəfindən həqiqət olaraq qəbul edilən bir fakt var ki, həmin dirəklər heç də Sankt-Peterburqdan gətirilmir. Əksinə, onların böyük bir qismi Bakıda hazırlanır. Bakıda hazırlanan dirəklər isə dövlət sənədləşdirməsində maya dəyərindən qat-qat artıq qiymətə qeydə alınır.
Bu barədə verilən məlumatlardan belə aydın olur ki, Osman Abutalıbovun paytaxtda elektrik dirəkləri düzəldilən sexi var və dövlət sifarişləri də orada yerinə yetirilir. Sadəcə, sənədləşdirmə elə həyata keçirilir ki, guya, hər şey Peterburqdan gətirilir. Ancaq dirəkləri gətirməklə işin bitmədiyi aydındır. Onun ucaldılması, elektrik naqilləri və xətləri ilə təmin olunması, lampalarla təhciz edilməsi işləri də merin qardaşının boynundadır və bu da böyük gəlir yeri kimi diqqəti çəkə bilər. Çünki faktiki olaraq şəhərdəki elektrik dirəklərini, habelə onlara bərkidilmiş elektrik lampalarının nə sayını bilən var, nə də bunu hesablamaq üçün səbri olan. Deməli, hər gün təkcə minə yaxın elektrik lampasının "xarab” olması adı altında minlərlə manat pulu silmək mümkündür.

Merin vəhhabi oğlu?..

Hacıbala Abutalıbov haqqında daha bir iddia gündəmə gəlib. Düzdür, bu birbaşa onun özü ilə bağlı deyil, oğlu ilə əlaqədardır. Mediada yayılan məlumatlara görə, Hacıbala Abutalıbovun oğlu vəhhabiliyi qəbul edib. Belə ki, merin böyük oğlu İsrafil Abutalıbov daha əvvəlki həyat tərzindən çox uzaqdır. O, özünü tamamilə dinə həsr edib, özünə qapanıb, evdən çıxmayaraq bütün günü ibadətlə məşğul olur. İsrafil Abutalıbov köhnə çevrəsi ilə, dostları ilə, bir vaxtlar dəbdəbəli əyləncə məclislərində birgə olduğu insanlarla əlaqələrini də tamam kəsib və bambaşqa birinə çevrilib. Onun zahiri görkəmi kimi daxili aləmi də tamam dəyişib.
BŞİH-nin başçısı övladının bu yolu seçməsindən möhkəm narazı və narahat olsa da oğlu ilə bacarmayıb. Vəziyyətin belə dəyişməsi isə il yarım əvvələ təsadüf edir. Hər şey İsrafil Abutalıbovun İngiltərəyə köçməsindən sonra başlayıb. Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun qızı ilə ailə həyatı qurmuş oğul Abutalıbov şəxsi həyatında baş verən dəyişiklikdən sonra Bakıda qalmağa lüzum görməyərək Londona getdi. Gedəndən bəri, bir dəfə də olsun Bakıya, valideynlərini yoluxmağa gəlməyən İsrafil bəy qayıdanda tamam ayrı görkəmdə və ovqatda idi. O, vəhhabilər kimi uzun saqqal saxlamışdı, onlar kimi şalvarının balağını gödəltmişdi. Valideynləri bundan təəccüblənsə və gözləmədikləri belə yeniliyə etiraz etsə də o, heç kimə və heç nəyə məhəl qoymadan öz işindədir. Hazırda da evə qapılaraq gündə 5 rükət namazını qılır, vaxtını yalnız dini ədəbiyyat oxumaqla keçirir. Əvvəlki pompeyvari həyat tərzini dəyişən gənc Abutalıbov evdə valideynləri ilə tez-tez uzun-uzadı söhbət və mübahisələr edir, onu başa düşmələrini istəyir, yaxınlarının da ”Allah yoluna gəlməsini” tələb edir. Bu məsələ ilə bağlı evdə tez-tez münaqişə, gərginlik və narazılıq yaranır.

"Yeni Cumhuriyyət"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.