Deputatdan generala SƏRT SÖZLƏR

7-06-2014, 16:12   

Milli Məclisin Xocalıdan seçilmiş deputatı Elman Məmmədov Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyevi cəbhə xəttində baş verən insidentlərə biganə münasibət göstərdiyinə görə qınayıb.

Deputat E.Məmmədov açıqlamasında deyib ki, siyasi əqidəsindən və vəzifəsindən asılı olmayaraq azərbaycanlı olan hər kəs Dağlıq Qarabağ müharibəsinə laqeyd qalmamalıdır: “Heç bir Azərbaycan vətəndaşı “mənə dəxli yoxdur” və sairə kimi fikirləri ifadə etməməli, belə fikirlərlə yaşamamalıdır. İlk növbədə, Mahmud Həmzəyev azərbaycanlıdır, Azərbaycan vətəndaşıdır. Onu Vətənimizin, torpağımızın taleyi hər an maraqlandırmalıdır. Mən bunu vətəndaşlıq mövqeyindən söyləyirəm. Digər tərəfdən isə Mahmud Həmzəyev generaldır. Hərbçidir və uzun müddət ön cəbhədə səhra komandiri kimi xidmət edib. Belə bir şərəfli vəzifəni həyata keçirən bir generalın bu gün cəbhə xəttində baş verən hadisələrə biganə yanaşması qəbul olunmazdır. Əgər o hərbçidirsə, vətəndaşdırsa, o zaman nə qədər sağdırsa, özünü xidmətə hazır etməlidir və hər an torpaqlarımızın azad olunması üçün əlindən gələn köməyi etməyə hazır olmalıdır. Düşmənlə təmas xəttində nə baş verirsə, bir keçmiş səhra komandiri, hərbçi kimi onu hər an maraqlandırmalıdır. Əks təqdirdə, bu cür hallara laqeydlik göstərmək xoşagəlməz haldır. Mən Mahmud Həmzəyevi şəxsən tanıyıram, onunla cəbhə bölgəsində dəfələrlə görüşmüşəm və indiyədək vətənpərvər bir insan və yaxşı komandir kimi tanımışam. Bu gün onun bu laqeyd münasibəti məndə təəssüf hissi doğurur”.

Xatırladaq ki, Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyev Publika.az-a müsahibəsində son günlər düşmənlə təmas xəttində baş verən insidentlərə münasibət bildirərkən deyib: “Mənim heç nədən xəbərim yoxdur. Heç bununla maraqlanmıram da”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.