Ziya Məmmədovun oğluna işləyən keçmiş konqresmen Barak Obamaya “fəlakət” adı verdi

8-06-2014, 11:13   
Ziya Məmmədovun oğluna işləyən keçmiş konqresmen Barak Obamaya “fəlakət” adı verdi
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Vaşinqtondakı lobbi təşkilatı Amerika Azərbaycan Alyansının idarə heyətinin sədri olan keçmiş respublikaçı konqresmen Dan Barton “The Washington Times” qəzetində ABŞ prezidenti Barak Obamanın xarici siyasətini kəskin tənqid edərək ona “fəlakət” adı verib.

Virtualaz.org saytının xəbərinə görə İndiana ştatından keçmiş konqresmen, ABŞ Konqresindəki Azərbaycan dostluq qrupunun da keçmiş üzvü olan Dan Barton Obamanın xarici siyasətinin “fəlakət siyasəti” olduğunu yazır. Keçmiş konqresmen bildirir ki, Obama bütün dünya boyu xaosa səbəb olub.



“Prezident Obamanın xarici siyasəti fəlakətdir. O, danışır, ancaq hər şeyi danışmır. Danışdıqlarının isə heç bir çəkisi yoxdur. Niyə? Gəlin onun çıxışının lent yazısına baxaq” deyə D.Barton Obamanın bu günlərdə Vest-Point hərbi akademiyasında Birləşmiş Ştatların xarici siyasətinə qarşı tənqidlərə cavab olaraq etdiyi çıxışa toxunaraq yazıb.

D.Barton yazır ki, Obama və onun komandası İraqda təhlükəsizliklə bağlı çətinliklə də olsa əldə edilmiş uğurlardan bəhs edib. Ancaq İran yenidən anarxiya həddindədir. “Fəlakət” deyə keçmiş konqresmen vurğulayır.

D.Barton Obamanın Əfqanıstandakı müharibəni udmağa hazırlaşdıqlarından danışdığını xatırladır: “Əslində isə o heç nəyi udmağa hazırlaşmır. Əfqanıstanda təhlükəsizlik beynəlxalq qüvvələrin yeridilməsində olduğu kimi ciddi problemdir. ABŞ Əfqanıstana 13 il sərf edib və biz oranı tərk edəndə taliblər “Əl-Qaidə” ilə birləşib yenə hakimiyyəti götürəcəklər. Prezident həmçinin “Əl-Qaidə”nin boğazının kəndirdə olduğunu demişdi. Ancaq “Əl-Qaidə”nin bayrağı bu gün 2001-ci ilin 11 sentyabrına qədər olan vaxta nisbətən Yaxın Şərqdə, Mərkəzi Asiyada və Afrikada getdikcə daha çox şəhərdə dalğalanır. ABŞ kəşfiyyatı bu yaxınlarda “Əl-Qaidə”nin Amerikanın və Avropanın şəhərlərinə hücum etmək təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Bütün bunlar “Əl-Qaidə”nin boğazının kəndirdə olduğuna dəlalət etmir. Daha bir fəlakət” deyə D.Barton yazır.



Keçmiş konqresmenə görə əvvəl Birləşmiş Ştatların müttəfiqi və Yaxın Şərqdə stabilləşdirici qüvvə olan Misir ya vətəndaş müharibəsi ərəfəsindədir, ya da hakimiyyətdəki hərbi diktatura daha çox Rusiya ilə işləyir. Bu da növbəti fəlakət.

D.Barton Obamanın Konstitusiyaya və Konqresə məhəl qoymadan Liviyada müharibəyə girdiyini yazır. “O, öz fantaziyalarına o qədər güclü inanır ki, Liviyada vəziyyətin stabilləşdiyi haqda danışır. Ancaq Liviya uğur deyil, orada vəziyyət o dərəcədə qeyri-stabildir ki, Pentaqon amerikalıların mümkün evakuasiyası üçün hərbi güc və vasitələri hərəkətə keçirib. Fəlakət” deyə keçmiş konqresmen tənqidlərini davam etdirir.

D.Bartona görə Obamanın Suriya siyasəti də fəlakətdir. Suriyada əvvəlcə dünyəvi etiraz kimi başlayan münaqişədə təşəbbüsü radikal islamçılar ələ aldı. Bəzi məlumatlara görə amerikalılar da Suriyada cihadçılara qoşulub.



Keçmiş konqresmen Obamanın xarici siyasətinin növbəti fəlakəti kimi İranla müvəqqəti nüvə anlaşmasını göstərir. Bu anlaşmanın müddəti iyulda başa çatır, ancaq İran prezidenti Həsən Ruhani bu günlərdə bildirib ki, onun ölkəsi yekun nüvə razılaşması imzalamağa hazırlaşmır. “Obama administrasiyası isə İranın dondurlmuş aktivlərinin 7 milyard dollarını azad edib və bu pullar əvvəlki kimi terrorçuluğu dəstəkləyən ölkənin büdcəsinə gedib. İran əvvəlki kimi Bəhreyn, Küveyt, İraq və Azərbaycan kimi ölkələri qarışdırmaq üçün fəal işləyir. O, “Həmas” və “Hizbullah”ın köməyi ilə bizim Yaxın Şərqdəki əsas müttəfiqimiz İsraili məhv etmək üçün fəal iş aparır. İran həmçinin ABŞ-ın 5-ci donanmasına qarşı səylərini də gücləndirib və strateji əhəmiyyətli Hörmüz boğazını bağlamaq potensialını artırıb. Fəlakətdir”deyə Dan Barton yazır.

D.Barton əlavə edir : “Ukraynada Rusiya prezidenti Vladimir Putin açıq şəkildə bizi lağa qoyur. Fəlakətdir”. Keçmiş konqresmen Şimali Koreyanın Cənubi Koreyaya qarşı təhdidlərini artırdığını və yeni nüvə sınağı keçirməyə hazırlaşdığını xatırladır, bunu Obamanın xarici siyasətinin növbəti fəlakəti adlandırır.

Yaxud D.Bartona görə Dövlət Departamenti vaxtilə Nigeriyada fəaliyyət göstərən “Boko Haram” qruplaşmasını terrorçular siyahısına daxil etmək istəmirdi və buna mane olurdu. İndi isə bu qruplaşma 275 məktəbli qızı oğurlayıb və ciddi regional təhdidə çevrilib. “Fəlakətdir” deyə keçmiş konqresmen yazır.

Nəhayət Dan Barton Obamanı dünyanın ən təhlükəli terrorçularından beşini amerikalı fərariyə dəyişdiyini bildirir, bunu fəlakətlərdən böyüyü adlandırır. “Belə görünür ki, Obama administrasiyası başını hara çevirsə orada növbəti fəlakət baş verəcək. Düşmənlərimiz bizə gülür və müttəfiqlərimiz artıq bizə etibar etmir, sözümüzün üstündə duracağımıza inanmır. Xarici siyasət problemlərinin həlli liderlik və dövlət idarəçiliyi tələb edir. Cənab Obama isə bunların heç birini nümayiş etdirməyib” deyə Dan Barton tənqidi məqaləsini yekunlaşdırır.

Qeyd edək ki, Dan Barton Konqresin xarici işlər komitəsinin üzvü, onun Avropa və Avrasiya üzrə alt komitəsinin sədri olub. O, 2013-cü ilin fevralında Azərbaycan-Amerika Alyansının idarə heyətinin sədri təyin edilib. Anar Məmmədov bu təyinatı əsaslandırarkən bildirmişdi ki, Avropa və Avrasiya işləri üzrə Alt komitənin sədri kimi Barton Azərbaycan prezidenti və onun yüksək vəzifəli məmurları ilə möhkəm əlaqələr qurub, Konqresdə fəaliyyəti ərzində Azərbaycana səfərlər edib. 2005-ci ildə Nümayəndələr Palatasının iclas zalında Barton 1992-ci ildə Xocalıda azərbaycanlıların kütləvi qətliamını pisləyən ilk konqresmenlərdən biri olub. Konqresdə fəaliyyəti zamanı Barton ABŞ-ın xarici siyasətinin formalaşmasında, o cümlədən ticarət və xarici yardımlar üzrə siyasətində rol oynayıb. “Azərbaycan-Amerika Alyansı Bartonun İdarə Heyətinin sədri olması ilə fəxr edir” deyə, A.Məmmədov bildirirdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.