“Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini, tanınmış jurnalist Azər Ayxan editor.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Mətbuata ilk gəlişinizi necə xatırlayırsınız?
- Mənim mətbuata gəlişim 1991-ci ilin oktyabr-noyabr aylarına təsadüf edir. 1991-ci ilin sentyabrında “Yeni Müsavat”ın qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçdiyi dövr idi. Amma buna ciddi əngəllər yaradılırdı. O vaxtkı Mütəllibov hakimiyyəti “Yeni Müsavat”ın rəsmi qeydiyyata alınmasını istəmirdi. Xeyli bürokratik əngəllərə, manelərə baxmayaraq Rauf Arifoğlu qəzeti qeydiyyata aldıra bildi. Amma onun “Azərbaycan” nəşriyyatında çapına icazə verilmədi. O vaxtkı iqtidar buna birmənalı şəkildə razı olmadı. Həmin vaxt qəzetin redaksiyası Gəncə şəhərində yerləşirdi. Rəsmi qeydiyyatdan sonra da qəzetin redaksiyası Gəncədə qalası oldu. Rauf bəy uzun axtarışlardan sonra çap üçün Sumqayıtda bir köhnə mətbəə ilə danışdı. Mən qəzetin elə birinci sayında Sumqayıtdakı mətbəyə getdim kömək üçün. O vaxta qədər qəzet çapı haqda heç bir bilgim, anlayışım yoxuydu. Mənim üçün tamam yeni bir səhnə vardı qarşımda. Prosesi maraqla izləyirdim. Amma izləməklə də qalmadım, çap olunan nüsxələrin yığılıb bağlanmasına, sonra da bir yerə toplanmasına kömək edirdim. O mətbəə çox köhnəydi, texniki imkanları həddən artıq aşağiydi; 8 səhifəlik qəzeti iki dəfəyə çap edirdi. 4 səhifə ayrı, o biri 4 səhifə də ayrı. Sonra da o nüsxələri AXC-nin qərargahına gətirib iç-içə qoyurduq. Çox əziyyətli proses idi. 13 min tirajı bir-bir əlimizlə iç-içə qoyub yayım firmalarına təhvil verirdik. Ayda iki dəfə çıxırdı qəzet, amma çox əziyyətli idi. Təsəvvür edin, Rauf Arifoğlu qəzeti Gəncədə yazır, o vaxtkı Xanlar rayonundakı mətbəədə yığdırır, sonra plyonkaları Bakıya gətirirdi. Bakıdan Sumqayıtdakı mətbəyə gedirdik çap üçün, oradan da yenidən Bakıya – AXC-nun “Sahil” metrosunun yaxınlığındakı qərargahının 3-cü mərtəbəsində “Yeni Müsavat”a verilmiş otağa daşıyırdıq. Həmin qərargahda hazırda Səbayel Rayon İcra Hakimiyyəti yerləşir. Sonra da yuxarıda bəhs etdiyim prosesi həyata keçirirdik səhərə kimi. Və yenidən o boyda tirajı taksiylə “Azərbaycan” nəşriyyatına aparırdıq yayım üçün. Üstündən az keçmiş Rauf bəy məni məsul katib köməkçisi təyin etdi. Əlövsət Talışxanlıya köməkçi verdi məni. O da çox tələbkar müdir idi (gülür). Beləcə, mənim mətbu fəaliyyətim başladı. Kayahan demiş, film kimi yani…
- “Yeni Müsavat” 16 ildir çap mediasında liderliyini qoruyub saxlayır. Bu müddətdə daim öndə olmaq çətin deyil ki?
- “Yeni Müsavat” 1998-ci ilin əvvəllərindən Azərbaycan mətbuatının şəriksiz lideridi. Və çox şükürlər olsun ki, bu müddət ərzində də birinciliyi qoruyub saxlaya bilib. Bu, Allahın lütfü, mükafatı olmaqla yanaşı, həm də qəzet rəhbərliyinin, kollektivin zəhməti, fədakarlığı bahasına başa gəlib. Bu uğurda nə qədər təqiblər, məhkəmələr, təhdidlər olub. “Yeni Müsavat” böyüdükcə ona olan hücumların miqyası da böyüyürdü. Sonra hakimiyyət gördü ki, qəzetin, R.Arifoğlunun bu uğurunun qarşısını ala bilmir, onu qondarma ittihamlarla həbs etdilər. 2000-ci ilin 22 avqustunda, Elçibəy dünyasını dəyişən gün, Rauf Arifoğlu qondarma ittihamla, təyyarə qaçırmaqda suçlu bilinərək tutuldu. 45 gün MTN-nin təcridxanasına dustaq həyatı yaşadı. Sonrakı illər də qəzet və baş redaktor üçün hamar keçmədi. Dəfələrlə hakimiyyət bu və ya digər şəxslərin, qrupların əli ilə redaksiyanın yerləşdiyi binaya hücumlar təşkil etdirdi. Bir yandan da məhkəmələr. Bəzən 10 minlərlə manat üstümüzdə məhkəmə iskləri olurdu.
2003-cü ilin may ayında bir qrup öyrədilmiş şəxs ofisə hücum çəkib əməkdaşları döydü, redaksiyanı dağıtdı, invertarları sındırdı. 2003-cü ilin prezident seçkisindən dərhal sonra “Yeni Müsavat” ciddi təqiblərə məruz qaldı. 10 il fəaliyyət göstərdiyimiz ofisdan çıxarıldıq, baş redaktor həbs edildi, 10-a yaxın əməkdaşımız xarici ölkələrə mühacirət etməyə məcbur qaldı. Bu günlərə gələnə kimi ağır, dözüləsi mümkün olmayan çətinliklərdən keçib qəzet. Bu gün o dövrü xatırlayanda adam düşünür ki, bu ağır şərtlərdə necə işləmişik, necə dözmüşük, necə dayanmışıq…
- “Yeni Müsavat”ı iqtidardaxili intriqalarda yer almaqda ittiham edənlər var…
- Bədxahlarımız hər zaman olub, var, olacaq. Tarix o bədxahların dediyi, kusduğu iftiraları yox, “Yeni Müsavat”ı, onun yazdıqlarını yaşadacaq. Ona görə də o cür ittihamlara çox vaxt cavab vermirik. Amma kimsə, kimlərsə bizim qırmızı xəttimizi keçmək istəyəndə onlara elə öz qandıqları dildə cavab verməyə də tənbəllik etmirik.
- Özü də bu ittihamlar daha çox müxalifət fəalları tərəfindən səslənir…
- Bunun bir neçə səbəbi var məncə. Məsələn, səbəblərdən biri budur ki, Azərbaycan müxalifəti o qədər ciddi uğursuzluqlar görüb, o qədər acı, sarsıdıcı məğlubiyyətlər yaşayıb ki, avtomatik olaraq o düşrgədəki bir sıra insanlar, funksionerlər uğurlu nəsə görəndə bundan qıcıq olurlar. Bu, sırtf psixoloji məsələdi. Ona görə də Azərbaycan müxalifətinin, cəmiyyətin azad və müstəqil düşüncəli insanlarının ən uğurlu projesi olan, 25 ildir müxalifətə pulsuz, təmannasız dəstək verən bir qəzeti, onun baş redaktorunu, kollektivini bu cür ağır ittihamlara məruz qoymaqdan çəkinmirlər. Bəlkə də fərqinə varmırlar. Sanki içlərindəki uğursuzluğun acısını sakitləşdirirlər bu cür haqsız və ədalətsiz danışmaqları ilə. Əksər müxalifətçilərə elə gəlir ki, “Yeni Müsavat” hakimiyyətlə döyüşməlidir, bütün sorunları biz çözməliyik, hər sayda sərt məqalələr dərc olunmalıdır, pafoslu cümlələrlə zəngin köşələr yazılmalıdır. Bunlar da bu məqalələri oxuyub ürəklərindən tikan çıxarmalıdırlar. Axırda da qəzet bağlanmalı, baş redaktor həbs edilməli, demokratik düşərgə adlandırdığımız cameənin olan qalan resursu da beləcə sıradan çıxmalıdır. Bu adamların ürəyindən tikan çıxsın deyə, ləzzət alsınlar deyə iş yerimizi, ən əsası isə 25 illik tarixi olan bir qəzeti iqtidarın repressiya maşınının qabağına verə bilmərik. İnsanlarımız bir dəfəlik anlamalıdırlar ki, qəzet hakimiyyətlə siyasi mübarizə üçün vasitə deyil. Səngər deyil, cəbhəxana deyil. Bu, daha çox biznes strukturudur. İnformasiya vasitəsidir. Müxalifətin bütün aksiyalarını, tədbirlərini geniş şəkildə işıqlandırırıq. Bu düşərgə nə vaxt harda nə etsə, hansı tədbiri, aksiyanı keçirsə “Yeni Müsavat” və musavat.com o tədbirləri gen-bol səhifələrində verir. Amma kimsə qüsura baxmasın, bu qəzet, bu kollektiv hansısa partiyanın, siyasətçinin əvəzinə hakimiyyətlə kəllə-kəllə gəlmək fikrində deyil. Hərənin öz işi var. Hesab edin ki, biz müxalifətə deyirik ki, niyə bizim yerimizə qəzet buraxmırsız. Buna görə onlardan inciyirik, küsürük. Bu, absurd olduğu kimi, müxalifətin də jurnalistlərdən, qəzetçilərdən hakimiyyətə qarşı savaşmağı, sistemli şəkildə mübarizə aparmağı umması o dərəcədə absurd və başa düşülməzdir. Amma normal düşünə bilən, qərəzi olmayan müxalifət təmsilçiləri zamanla bu gerçəyi anlamağa və qəbul etməyə başlayıb.
Bu sür danışanların bir qismi də bizi özlərinə mətbu və siyasi rəqib bilənlərdir. Nə yazıq ki, onlar da müxalifət düşərgəsində təmsil olunurlar, amma bizə münasibətləri əslində düşmənçilik üzərində qurulub. Onları da bizə qarşı qəzəbli edən, düşmən yapan əsas səbəblərdən biri şəxsi və ümumi planda üzləşdikləri uğursuzluqdur. Bu cür adamlar fikirləşirlər ki, Rauf Arifoğlu və onun media qrupu olmasa uğur onlardan yana olar. Önləri açılar, qabağa çıxarlar.
Yaxud hansısa siyətçilər düşünürlər ki, niyə R.Arifoğlu onların yox, tutaq ki, Müsavatın, İsa Qəmbərin yanındadır? Yəni adamların ürəyindən, fikrindən keçir ki, biz özümüzü və iş yerimizi, göz bəbəyimiz kimi qoruyub bu günlərə qədər gətirib çıxardığımız “Yeni Müsavat”ı onların avantüralarına, təhlükəli oyunlarına, baş tutmayan və heç vaxt da baş tutması mümkün olmayacaq xəyallarına qurban verməliyik. Bu təklif bir neçə dəfə özümüzə də deyilib. Və rədd cavabı aldıqda başlayırlar bizə qarşı qara texnologiya tətbiq etməyə. Nəzarətlərindəki qəzetlərdə, sosial mediada ağıllarına və ağızlarına gələni yazdıqmağa.
Bu kateqoriyadan olan adamların düşüncəsi adamı heyrətə salır. Onlar özlərini sabahkı iqtidar kimi təqdim edirlər. Və mən düşünürəm: özlərini demokrat kimi təqdim edib əslində mətbuatla, demokratiya ilə düşmənçilik edən bu şəxslər sabah, Allah eləməmiş, iqtidara gəlsələr, bu ölkənin aqibəti necə olacaq? Fərqli fikrə, tənqidə, alternativ mövqeyə düşmən kəsilən, səni söylədiyin sözə, yazdığın məqaləyə görə mənəvi-psixoloji terrora məruz qoyan, özünə, davranışlarına, hətta düşüncənə belə nəzarət etməyə çalışan bu dəstənin hakimiyyətə gəlişi Azərbaycan üçün hanı faciələrlə sonuclana bilər?! Bu insanlara görə hətta erməniylə belə dostluq etmək, iş, biznes otrtaqlığına getmək olar, bunda heç bir problem görmürlər, amma tutaq ki, öz ölkəmizin prezidenti ilə görüşmək, onunla mətbuatın problemlərinə dair danışmaq bu qrup adamların nəzərində və təqdimatında Vətənə xəyanətdir. Yaxud, həbsdəki NİDA-çı və bir başqa siyasi fəal olan gənc türmədən ölkə başçısına əfv müraciəti yazır; dostlarını, təşkilatını, partiyasını, liderini “baqaja” qoyur. Yenə də bu, bizim başımıza əxlaq polisi kəsilənlər tərəfindən çox normal qarşılanır, hətta qəhrəmanlıq kimi təqdim olunur. Bu dəstənin fikrincə, azadlığa çıxmaq üçün hər cür davranış məqbuldur. Amma onlarla gəncin çalışdığı “Yeni Müsavat” qəzetinin özünü hakimiyyətin repressiyasından, təqibindən qorumaq naminə etdiyi manevr başqa cür yozulur. Görürsünüzmü, bu insanların yanaşması, ədalət göstəriciləri nə qədər vahimdir, təhlükəlidir? Bu cür düşünən insanların elementar ədalət hissindən uzaq olmaları ilk fürsətdəcə ortaya çıxır.
Amma biz yenə də böyüklüyümüzü qoruyub saxlayırıq. Barəmizdə iftira söyləyənlər belə dara düşəndə yanlarında oluruq, onların repressiya olunmalarına, haqsız yerə təqib edilmələrinə etiraz bildiririk. Məhkəmələrindən geniş reportajlar veririk, müdafiələrində aktivlik göstəririk, informasiya dəstəyimizi əsirgəmirik. Yaxud, bu cür adamlardan hansınasa qarşı hakimiyyət qara texnologiya tətbiq edəndə düşünmədən həmin adamın hüquqlarının qorunması üçün əlimizdən gələn köməkliyi etməyə çalışırıq. Biz bizə pisliyi keçmiş adamalrı onlara yaxşılıq etməklə utandırırıq. Əslində bunu çox vaxt şüurlu şəkildə etmirik, sadəcə yapımız belədi: yamanlığa yaxşılıq hər kişinin işi deyil…
- Rauf Artifoğlunun qardaşı olmaq… Bu, üstünlükdür, yoxsa məsuliyyət?
- Rauf Arifoğlu ilə bizim münasibətlərimiz qardaşlıq konteksindən çoxdan çıxıb. Biz onunla təkcə iş yoldaşı, müdir-müavin, abi-qardaş deyilik, həm də və daha çox qədər yoldaşı, tale ortağıyıq. Böyük bir yolun yolçularıyıq. Sirdaşıq, dostuq, arxadaşıq. Bu illər, bu sınaqlar onunla məni qardaşdan da yaxın etdi.
- Mətbuatın durumunu necə qiymətləndirirsiniz?
- Mətbuatımız bu gün can üstə olan ağır xəstəyə bənzəyir. Sağalmaz xəstəlik deyil, müalicəyə tabe olan xəstəlikdi. Amma və lakin… Mətbuatımızı dirçəltmək, reanimasiyadan çıxarmaq üçün yaxşıca “dava-dərman” lazımdı. Qəzetlərin dərmanı da onların yayımına şərait yaratmaqdan, reklam bazarını üzünə açmaqdan ibarətdir. Bu iki məsələ olsa, yəni yayımla reklam problemi yoluna qoyulsa, mətbuatı xilas etmək olacaq.
- Son dövrlər internet portalların sayı durmadan artır. Sizcə bu bolluq meduaya yeni nəfəs gətirə biləcəkmi?
- Sayt və portalların indiki vəziyyəti mənim yadıma 1995-2000-ci illəri salır. Onda da az qala həftədə bir qəzet çıxırdı. Ciddi para qazanmaq olurdu o vaxt mətbuat biznesindən. Əsasən də qeyri-siyasi qəzetlərin bazarı yaxşı işləyirdi. Krossvord, əyləncə qəzetləri 10 minlərlə nüsxədə çıxırdı və qayıdışsız satılırdı. Sonralar, əsasən də 2000-ci ildən sonra ciddi siyasi qəzetlər qeyri-siyasi mətbuatı yavaş-yavaş sıradan çıxardı. İnsanlar krossvorddan, əyləncə qəzetlərindən qopdu. Cəmiyyətin informasiya almaq səviyyəsi artdığı üçün o, mətbu əyləncəni başqa sahələrdə, məsələn, internətdə axtarmağa başladı. İndi saytlar o cürdü. Az qala həftədə bir sayt fəaliyyətə başlayır. Amma bunun da bir sonu olacaq. Proses səngiyəcək və ortada ciddi saytlar qalacaq.