Müdafiə Nazirliyinin ayrı-ayrı qurumları, o cümlədən Elbrus Orucovun rəhbərlik etdiyi Əməliyyat Baş İdarəsin tərəfindən Milli qəhrəman Rövşən Əkbərovun komandiri olduğu 3-cü Ordu Korpusunda yoxlamaların aparılmağıyla bağlı xəbər vermişdik.
Məlumatda qeyd olunurdu ki, 3-cü korpusa təxminən 50 nəfərdən ibarət yoxlama heyəti göndərilib. Hətta Rövşən Əkbərovun doğum günündə belə yoxlamalar dayandırılmamış, əksinə onuna diqqətinə çatdırılmışdı ki, əlavə yoxlama heyəti də gələcək və onlara qalmaq üçün yer hazırlamaq lazımdır.
AzNews.az sözügedən məsələ ilə bağlı çox ilginc yeni məlumatlar əldə edib. Hərbi mənbələrdən verilən xəbərə görə, 3-cü korpusda daha bir müddət davam etməsi nəzərdə tutulan yoxlamalar qəfil dayandırılıb və heç bir səbəb göstərilmədən ora göndərilən yoxlama qrupu təcili geri çağırılıb.
Məlumata görə, yoxlama Silahlı Qüvvələrin Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıkovun müdaxiləsindən sonra dayandırılıb. Belə ki, Rövşən Əkbərovu bu şəkildə yoxlatdırmağın yolverilməz olduğunu, onun müharibə keçdiyini, milli qəhrəman olduğunu bildirib. Hətta vəziyyət o həddə çatıb ki, nazir Zakir Həsənovla Sadıkov arasında buna görə mübahisə düşüb. Nazir onun əmrlərinə müdaxilə etdiyinə görə müavini ilə kəskin danışsa da, sonda yoxlamaların dayandırılması ilə bağlı göstəriş verib.
Yazını hazırlayarkən redaksiyamıza daxil olan bu məlumatı təsdiq edən daha bir məlumat yayıldı. “Yeni Müsavat” qəzetin yazdığına görə, nazirin kadr təyinatlarına, digər islahat xarakterli addımlarına Nəcməddin Sadıkovun aşırı müdaxilələr edir. Yazıda iddia olunur ki, Türkiyə ordu rəhbərliyinə yaxınlığı ilə tanınan Zakir Həsənov Müdafiə Nazirliyi strukturlarında mühüm vəzifələrə əsasən qardaş ölkədə hərbi təhsil almış və NATO sistemini bilən gənc zabitlərin yerləşdirilməsini həyata keçirməyə çalışır. Nazirin bu planının həyata keçməsinə başda Baş Qərargah rəisi Nəcməddin Sadıkov olmaqla Rusiyaya yaxınlığı ilə tanınan generallar mane olurlar. Bildirilir ki, bu müdaxilələrlə bağlı Z.Həsənov artıq Ali Baş Komandan İlham Əliyevə şəxsən məruzə edib.
Qeyd edək ki, kompleks yoxlamaların aparıldığı Rövşən Əkbərov Nəcməddin Sadıkovun ən yaxın kadrı hesab edilir.