Yəqin ki, hər biriniz üçün maraqlı olar…
İlk iş yeri və ilk maaş heç vaxt unudulmur. İstər nazir olasan, deputat, istər də adi sıravi vətəndaş…
Hazırda kariyerasının zirvəsində, nazir postunda olan məmurların ilk iş yerləri yəqin ki, hər biriniz üçün maraqlı olar.
AzVision.az Azərbaycan nazirlərinin çalışdıqları ilk iş yerlərini araşdırıb.
Beləliklə başlayaq ölkənin baş diplomatı Elmar Məmmədyarovdan.
On ildir ki, xarici işlər naziri vəzifəsində çalışan Məmmədyarovun ilk iş yeri kimi tərcümeyi-halında Azərbaycan SSR Xarici İşlər Nazirliyində 2-ci katib vəzifəsi göstərilib. 1982-1988-ci illərdə bu vəzifədə çalışan nazir sonradan 1-ci katib olub.
Daxili işlər naziri Ramil Usubov kariyerasına elə daxili işlər orqanlarından başlayıb. O, 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Nazir cinayət-axtarış strukturlarında xidmət aparıb.
2004-cü ildən milli təhlükəsizlik naziri vəzifəsində çalışan Eldar Mahmudov da ilk işinə daxili işlər orqanlarında başlayıb. O, 1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət edib. Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışıb.
Müdafiə naziri Zakir Həsənov 1985-ci ildə Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmətini bitirdikdən sonra SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. O, bu vəzifədə 1993-cü ilədək işləyib.
Ədliyyə naziri Fikrət Məmmədov isə əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlayıb. Daha sonra o, Bakı şəhər prokurorluğunda şöbə prokuroru, respublika prokurorluğunda böyük prokuror və Təşkilat-nəzarət şöbəsinin rəisi vəzifələrində işləyib, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilib.
Müdafiə sənayesi naziri Yavər Camalov kariyerasına operator kimi başalyıb. Belə ki, o, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru kimi işləməyə başlayıb.
Maliyyə naziri Samir Şərifov kariyerasına iqtisadçı kimi başlayıb. İlk olaraq o, 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb. 1983–1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq demokratik Respublikası) iqtisadçı kimi çalışmağa başlayıb.
On dörd ildir ki, vergilər naziri olan Fazil Məmmədovun ilk işlərindən biri kassirlik olub. Belə ki, o, 1987-1989-cu illәrdә Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vә Bakı Sәnaye- Tikinti Bankının Әmәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışıb.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev əmək fəaliyyətinə1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirdikdən sonra başlayıb. O, 1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.
İki ali təhsili olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun isə ilk işlərindən biri geoloq olub. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirən və daha sonra Azərbaycan Universitetində ikinci ali təhsil alan nazir 1978-ci ildən işləməyə başalyıb. O, «Xəzərdənizneftqaz» kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb.
Kənd təsərrüfatı naziri Heydər Əsədov kariyerasını qurmağa başlayanda ilk çalışdığı işlərdən biri fəhlə olub. O, 1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə kariyerasına ingilis dili müəllimi kimi başlayıb. Belə ki, 20 ildir nazir vəzifəsində çalşan Əbülfəz Qarayev 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləməyə başlayıb. 1980-1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri olub.
Yeni nazirlərdən hesab olunan təhsil naziri Mikayıl Cabbarov əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb. 1999-2002-ci illərdə özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib.
Səhiyyə naziri Oqtay Şirəliyevin əmək fəaliyyəti ilə bağlı yeganə məlumat onun elmi fəaliyyəti və Diaqonistika Mərkəzinin başçısı kimi çalışmağıdır. Azərbaycan Tibb İnstitutunu bitirən O.Şirəliyev namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edib. O, professor, tibb elmləri doktorudur. Nazir olmazdan əvvəl Respublika Diaqnostika Mərkəzinin başçısı olub.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 1976-cı ildə Moskva Energetika İnstitutunu “Avtomatika və telemexanika” ixtisası üzrə bitirdikdən sonra təxminən bir il Azərbaycan Elmlər Akademiyasında işləyib. Sonra isə təhsilini davam etdirib, Ukrayna Elmlər Akademiyasında məqsədli aspiranturada təhsil alıb. 1982-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasında müxtəlif vəzifələrdə çalışıb, kompüter və telekommunikasiya şəbəkələrinin işlənib hazırlanması və tətbiqi üzrə elmi-tədqiqat işlərinə rəhbərlik edib.
İxtisasca dağ mühəndis-geoloqu olan energetika naziri Natiq Əliyev Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra «Xəzərdənizneftqazsənaye» Ümumittifaq İstehsalat Birliyinin «Azdənizneftkəşfiyyat» trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda işləyib.
Gənclər və idman naziri Azad Rəhimov ali təhsilini ingilis dili müəllimliyi üzrə alıb. İlk əmək fəaliyyətinə isə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə əmək fəaliyyətinə Təhsil Nazirliyində başlayıb. Belə ki, o, 1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb. 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim vəzifəsində işləyib.
Nəqliyyat naziri Ziya Məmmədovun ilk işi isə maşinist köməkçisi olub. 12 ildir ki, nazir vəzifəsində çalışan Ziya Məmmədov Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlayıb.