Deputatlardan turizm qiymətlərinə ETİRAZ

11-06-2014, 12:32   

Artıq yay mövsümüdür. İl boyu çalışıb, müxtəlif qanunlar qəbul edən, layihələr icra edən millət vəkilləri iyunun 20-də keçiriləcək növbədənkənar iclasdan sonra istirahətə gedəcəklər. Bəs deputatlar harada dincəlməyə üstünlük verirlər, xaricdə, yoxsa Azərbaycanda? Modern.az millət vəkillərilə ikinci sorğunu təqdim edir.

Rövşən Razayev: “Bir çox ölkələrdə olmuşam. Bildiyiniz kimi, mən AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Buna görə də, həm komitə iclaslarında, həm də sessiya iclaslarında iştirak üçün səfərlərə gedirəm. Hələ uşaqlıqdan bir çox ölkələri gəzmişəm. Millət vəkili olduqdan sonra da səfərlərim bir az artıb. Rusiya, Ukrayna, Baltikyanı ölkələr, Amerika, Türkiyədə və digər Avropa dövlətlərində səfərlərdə olmuşam. Mən heç bir xarici ölkəyə sırf istirahət üçün getməmişəm. İstidən çəkindiyim üçün Dubaya ümumiyyətlə getmirəm. Başqa da heç bir yerdə istirahət üçün olmamışam.
Azərbaycanda Quba, Şəki, Qəbələ, Göygöl və .s yerlərdə istirahətə daha çox üstünlük verirəm. Respublikada fəaliyyət göstərən istirahət məkanlarındakı qiymətlər çox yüksəkdir. Keyfiyyət zəif, qiymətlər bahadır. Paris, London, Moskva da həddindən artıq bahalılıqdır. Ümumilikdə götürəndə Azərbaycanda təqdim edilən qiymət müqabilində göstərilən xidmət çox aşağıdır”.

Elmira Axundova: “40-ə qədər ölkədə olmuşam. Amma məni xaricə parlamentdən o qədər də göndərmirlər. Mərhum Heydər Əliyevin sayəsində bütün dünyanı gəzə bildim. İki səfərdən birinə məni aparırdı. Mən Amerikadan tutmuş Yaponiyaya qədər bütün ölkələrdə səfər zamanı Heydər Əliyevi müşayiət etdim. Bəzi deputatlarımız elə xaricə can atır, amma mən açığı xaricə getməkdən yorulmuşam. 1993-cü ildən başlayaraq ta qədər 2002-ci ildə sonuncu NATO-nun 50 illik sammitinə qədər (Praqaya səfər) səfərlərdə oldum. Artıq hansısa səfərdə adım yazılmayanda çox sevinirəm.
Mənim üçün Bakıda, Abşeron bağlarında oturmaq ən yaxşısıdır. Olsa-olsa Türkiyədə Aralıq dənizi sahilində dincələrəm.Türkiyədən başqa yerdə istirahətə getmək istəmirəm, çünki, oranı çox bəyənirəm. Dəflələrlə Amerikada, Fransada, Yaponiyada da olmuşam, amma, Türkiyəni çox bəyənirəm. Övladlarımla birgə iki dəfə qış fəslində Dubayda olmuşam. Hətta Misirin “Şarmel-Şeyx” istirahət zonasında da olmuşam, yenə də Türkiyədəki qədər zövq almamışam. Həmin ölkələrin dənizi çox duzlu olduğundan üzmək olmur. Biz isə ailəcə dənizdə üzməyi sevirik. Aralıq, Ağ dənizlərdən başqa dənizlərdə üzməyi sevmirəm, çünki, həm dalğalı olurlar, həm də ki, duzlu olduğundan üzmək olmur. Türkiyədəki turizm sahələrində xidmət çox yüksək səviyyədədir. Həm də hər cəhətdən yaxın ölkələrik. Mən hesab edirəm ki, Avropaya ancaq tarixi abidləri gəzmək üçün gedəsən, sırf istirahət üçün Antalyaya deyirəm. Ən ucuz qiymətlər Amerikadadır. Orada geyim əşyaları, həmçinin qidalar suqiymətinədir.
Bizim respublika ərazisində daha çox Qəbələ, Masallı mənim doğma elimdir, amma, yayda boğanaq olur deyə Masallıya getməyə üstünlük vermirəm. Yayda Masallıda dincəlmək mümkün deyil. Hər zaman Qəbələyə gedərək 1 həftə qalıram. Hətta Qəbələni o qədər sevdim ki, orada kiçik torpaq sahəsi də almışam. Gələcəkdə ev tikmək fikrindəyəm. Respublika ərazisində olan qiymətlər bir vətəndaş olaraq məni qane etmir. Baxmayaraq ki, mən yüksək maaş, qonorar alıram. Axı sadə vətəndaş üçün çətindi…
Əgər Türkiyədə bir həftəlik istirahətə 1 nəfər üçün 700 dollar ödənilirsə, Azərbaycanda bir həftəyə 2-3 min manat tələb olunur. Mən çıxış yolunu Sovet vaxtındakı kimi Həmkarlar İttifaqı vasitəsilə, sanatoriyalar, pansionatlar sistemində insanları güzəşli yollayışla istirahətə göndərməkdə görürəm”.

Fərəc Quliyev: “Təxminən 15-20 ölkədə işgüzar səfərdə olmuşam. Sırf istirahət üçün heç bir ölkəyə getməmişəm. Ən çox kənddə dincəlməyi xoşlayıram. Xarici səfərlər zamanı da vaxt qıtlığından heç yerə çıxıb qiymətlərlə maraqlana bilməmişəm. Azərbaycanın hər yerini çox istəyirəm. Mənim üçün hansı bölgə olmasının fərqi yoxdur. Hər il doğulduğum kənddə dincəlməyə üstünlük verirəm və getməyə çalışıram. İstirahət yalnız bu ölkənin vətəndaşları üçün nəzərdə tutulmayıb. Turizmlə məşğul olanlara həm də xaricdən gələn vətəndaşları da nəzərə almağı tövsiyyə edirəm. Düşünürəm ki, turizmin inkişafı üçün qiymətlər nə qədər aşağı olarsa, o qədər də yaxşı inkişaf olar. Hesab edirəm ki, qiymətlər aşağı salınmalıdır. Bunun üçün imkanlarımız da var. Bəzi ölkələrlə müqayisədə respublikamızda qiymətlər olduqca bahadır”.

Musa Qasımlı: “Mən xarici ölkəyə səfərimi ilk dəfə 1988-ci ildə etdim. Ondan sonra ötən müddət ərzində təqribən 30-a yaxın ölkədə olmuşam.
İlk dəfə 1988-ci ildə Bolqarıstanda istirahət etmişəm. Hələ deputat olmazdan da əvvəl dünya ölkələrini gəzə bilmişəm. Daha çox Çexiya, Rusiya, Türkiyədə istirahətdə olmuşam. Müalicə baxımından olduğum ölkələr arasında Ukrayna,Çexiyanı müsbət qiymətləndirmişəm.
İndiyə qədər Qabələ, Lənkəran, Şamaxı və Bakıda istirahət etmişəm. Azərbaycanın yüksək turizm potensialı var. Düşünürəm ki, qiymətləri aşağı salmaq üçün fikirləşməyə dəyər”.

Çingiz Qənizadə: “Təxminən 20-ə qədər ölkədə olmuşam. Bir neçə dəfə həyat yoldaşımla birgə Kiprə səyahət etmişəm. Daha çox isə Şamaxıda bağ evində dincəlməyə üstünlük verirəm. Bahalılıq baxımından İsveçrənin adını çəkmək olar. Ümumiyyətlə, Azərbaycanda dinclməyə üstünlük verirəm. May ayının sonu və sentyabrda Ağdaş çox gözəl olur. Ancaq Şəkidə, Qubada, Lənkəranda turizm axını çox aşağıdır. Əgər hansısa bir azərbaycanlı köynəyi çirkli, ev paltarında qulluq göstərirsə , təbii olaraq əcnəbi həmin ofisantdan razı qalmayacaq. İnsanlara xidmət edən yerlərdə əlcəksiz əti doğrayıb, sonra başqa iş görmək yolverilməzdir. Bunlar aradan qaldırılmalıdır”.

Tahir Rzayev: “Heç bir ölkədə istirahətə getməmişəm. Səfər çərçivəsində təxminən 17 ölkədə olmuşam. Dünyanın ən bahalı ölkələrindən biri Norveçdir, orada qiymətlər yaşam baxımından çox bahadır.
Mərdəkanda uzun illərdir ki, “Qaranquş”, “Günəşli”, “Abşeron” sanatoriyalarında dincəlirəm. Bir də istirahət üçün ayrı-ayrı bölgələri gəzirəm. Bunlardan ən çox getdiyim Şamaxı, Qəbələ, İsmayıllının adını çəkə bilərəm. Bir gügünlük də olsa, gedib havamı dəyişirəm. Bizdə qiymətlər çox baha, xidmət isə aşağıdır. Xarici ölkələrə səfər zamanı oradakı qiymətləri bizdəkilə müqayisə edərkən fərq hiss olunur. Xaricdə qiymətlər daha ucuzdur. Bu ilin fevral ayında Cənubi Afrikada oldum. Həmin ölkə haqqında məlumatsız idim. Oranı müstəmləkə ölkə kimi bilirdim. Parlamentdə, bir sıra iclaslarda olduq. Cənubi Afrika haqqında fikirlərim tamamilə dəyişdi. Səliqə-sahman məni heyran etdi. Bundan başqa Macarıstan, Sloveniya, Türkiyə, Norveç daha çox xoşuma gəlir. Mütəmadi olaraq respublikada istirahət edirəm. Bu il də rayonda ailəmlə birgə olacam”.

Fəzail İbrahimli: “Elə də çox ölkəyə səfər etməmişəm. Avropa Şurası Parlament Assamleyasının üzvü olduğum üçün ildə 4 dəfə Fransaya gedirəm, Rumuniya, Çexiya, Slovakiya, Türkiyə, Almaniyada olmuşam. Təxminən 7-8 ölkə deyə bilərik. İstirahət üçün yalnız 1 dəfə Amerikanın Nyu-Cersi şəhərində dincəlmişəm. Səliqə-sahmanına görə, ən çox xoşuma gələn Almaniyanın Berlin şəhəri olub. Oradakı sakit, hay-küysüz həyat məni valeh edib. Bir də Fransanın Strasburq şəhəri artıq mənim üçün doğma məkana çevrilib. Gözəlliyinə görə, Baden-Baden şəhəri əsl istirahət yeridir.

Amma tam səmimi deyirəm ki, axşam Bakı bulvarında gəzintiyə çıxmaq hamısından yaxşıdır. Dünyanın bütün məmləkətlərindən bizim məmləkətimiz gözəldir. Bakı gecə vaxtı xüsusilə gözəl olur, bunu bura gələn qonaqlar da etiraf edir. Ən çox istirahət etdiyim yer ata-baba ocağım olur. Hətta Bakıdakı evimdən çox Yardımlı rayonunda özümü daha xoşbəxt hiss edirəm. Çünki, oradakı evdə mənim xatirələrim həddindən artıq çoxdur. Molla Nəsrəddindən soruşurlar ki, ərəblər soyumuş aşa nə deyir? Cavabını bilmədiyi üçün deyir ərəblər aşı soyutmur, isti-isti yeyir. Ona görə, mənim də heç bir turistik yerlərdə olmayan adamlar kimi qiymətlər haqqında təsəvvürüm yoxdur”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.