Suriyada döyüşən radikal azərbaycanlının hədəsi...

11-06-2014, 14:36   

"Böyük Yeddilər" xüsusi planlar üzərində düşünməyə başlayıblar

Hələ də dünya üçün təhdid mənbəyinə çevrilən Suriyada son dövrlərdə diqqət cəlb edən olaylardan biri də vuruşmaq üçün buraya üz tutanların geri qayıtmağa başlamasıdır. Belə ki, hökumət qüvvələri ölkə üzərində nəzarəti ələ keçirdikcə radikal yaraqlıların buradan geri axını müşahidə olunur. Belə vəziyyət isə artıq Avropada xüsusi narahatlığa yol açıb.
Məsələn, məlumatlara görə, Paris prokurorluğu ölkənin Suriyada radikal islamçı qruplaşmaların tərəfində döyüşməkdə şübhəli bilinən 200 vətəndaşı barədə istintaqa başlayıb. Fransa Daxili İşlər Nazirliyindən isə 300 fransalının Bəşər Əsəd rejimini devirməyə çalışan Suriya ekstremistləri tərəfində döyüşdüyü barədə açıqlama verilib.
Bundan başqa məlumdur ki, "Böyük yeddilik" ölkələri Suriyadan qayıdan radikallara qarşı "Birgə fəaliyyət planı" nəzərdə tutub. Xatırladaq ki, "Böyük yeddilik" ölkələrinin Belçikanın paytaxtı Brüsseldə keçirilən toplantısında qrup ölkələrinin rəhbərləri Suriyadan qayıdan silahlılarla bağlı məsələni müzakirəyə çıxarıblar. Fransa prezidenti Fransua Olland radikallara qarşı yeni planın həyata keçiriləcəyini bəyan edib. Lüksemburqda da sözügedən məsələ ilə bağlı toplantı keçirilib. Avropa İttifaqına üzv yeddi ölkənin daxili işlər nazirləri bir araya gələrək, Suriyaya yollanan və oradan qayıdan radikal döyüşçülərin yarada biləcəkləri təhlükə ehtimalını araşdırıb. Onlar belə şəxslərə qarşı sərt tədbirlərin görülməsinin vacibliyini ön plana çəkib.
Həmişəki kimi isə Suriyadan çıxan döyüşçülərin üz tutacağı məkanlar sırasında Qafqazın da xüsusi yer alacağı gözlənir. Bura Azərbaycan da aiddir. Xatırladaq ki, döyüş üçün Suriyaya onlarla soydaşımız gedib. Onların bir qismi indi Azərbaycanı hədələməyə belə başlayıb. Artıq məlumat verildiyi kimi, sosial şəbəkələrdə yayılmış məlumatlarda Suriyada döyüşən və Azərbaycandan olan vəhhabilər şəxsiyyətlərini təsdiq edən sənədləri kütləvi şəkildə cırıblar və bunu Yəhya əl-Azəri adlı şəxsin profilində nümayiş etdiriblər. Yəhya əl-Azəri adlı şəxsin Suriyada döyüşən azərbaycanlı vəhhabilərin komandiri olduğu bildirilir. Onun bir neçə dəfə ölüm xəbəri yayılsa da, yalan çıxıb. Vəhhabilərin bu hərəkəti Azərbaycana təhdid kimi dəyərləndirilir. Xatırladaq ki, vəhhabilər şiələrin canını, malını və namusunu özlərinə halal sayır. Bu mənada Suriyada döyüşən vəhhabilərin geri dönüşü müsbət heç nə vəd etmir.
Suriya münaqişəsi davam etdikcə isə bunun Qafqaza təsirinin daha da artması gözlənir. Məsələ ilə bağlı Rusiyada ehtiyat edirlər ki, Suriyada baş verənlər Qafqazda radikal tendensiyaları gücləndirə bilər. Qeyd edək ki, Kreml indidən buna qarşı hazırlıq tədbirləri görür. Belə ki, Rusiya son dövrlərdə Şimali Qafqaza böyük miqdarda hərbi qüvvə cəmləşdirir. Belə hesab edilir ki, Moskvanın əsas niyyəti həm də radikal dindarları zərərsizləşdirməkdir. Onu da qeyd edək ki, Rusiya rəsmiləri və hüquq-mühafizə orqanları Şimali Qafqazda baş verən hadisələrin arxasında radikal dini birləşmələrin olduğunu yaxşı bilir. Belə dini birləşmələrin əsasən vəhhabilərdən ibarət olduğu istisna edilmir. Radikallar regionun digər ölkələri üçün də təhdid yaradırlar.
Hesab olunur ki, Suriyada vəziyyət tam sakitləşməyənə qədər Qafqaza buradan gələn təhlükə artmaqda davam edəcək. Suriyada isə vəziyyətin yaxın tezlikdə düzəlməsi gözlənilmir. Çünki Bəşər Əsəd hələ də burada hakimiyyətini davam etdirir. "Hizbullah" təşkilatının lideri Həsən Nəsrullah isə bununla bağlı bildirir: "Suriyada keçirilən seçkilərin nəticələri göstərir ki, xalq öz seçimini edib. Bu həm də onlara qarşı həyata keçirilən müharibə planının məğlubiyyətə uğramasından xəbər verir".
Təşkilat lideri Beyrutda əzadarlıq məclislərinin birində etdiyi çıxışda Suriya münaqişəsinin siyasi həllini Bəşər Əsədsiz qeyri-mümkün sayıb":Suriyada keçirilən seçkilər bir daha sübut etdi ki, müharibə xalqla Bəşər Əsəd arasında getmir. Heç kim ölkə vətəndaşlarının bu seçkilərdəki fəal iştirakını dana bilməz.
Suriyada siyasi həll yolu seçkilərin nəticələrini qəbul etmək və təkfirçi qüvvələrə qarşı mübarizə ilə baş tutacaq. Bu seçkilər sübut etdi ki, münaqişənin siyasi həlli Bəşər Əsədlə başlayır və onunla tamamlanır. Bütün silahlı qruplaşmalara deyirəm ki, sizin Suriyada apardığınız müharibənin sonu yoxdur. Sizin bu işinizin nəticəsi yalnız Suriyanın dağılması və qan tökülməsi ilə nəticələnəcək".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.