Ermənistanı belə bir xəbər bürüyüb ki, Rusiya Azərbaycanı qaçılmaz olan müharibəyə təhrik edir
Azərbaycan və Rusiya arasında hərbi əlaqələrin intensivləşməsi, bilindiyi kimi, Ermənistanda ciddi narahatlığa yol açıb. Burada hesab edilir ki, hadisələrin gedişi Moskvanın yardımı ilə yaxın tezlikdə Qarabağın Azərbaycana qaytarılması ilə nəticələnə bilər. Eyni zamanda ermənilər istisna etmir ki, Qarabağ uğrunda savaşın yeni mərhələsinin başlanması da gözləniləndir ki, bu halda Rusiya savaş meydanında Ermənistanı yalqız buraxacaq.
Maraqlıdır ki, belə vəziyyətdə Ermənistanın özünün də hərbi əməliyyatlara start verməsi gözlənilən sayılır. Hər halda, erməni mediasının yaydığı məlumatlar, ekspertlər səviyyəsində verilən açıqlamalar bu qənaətə gəlməyə əsas verir. "Armenia Today" portalı bildirir ki, keçmiş erməni döyüşçüsü, general-mayor Arkadi Ter-Tadevosyan bununla bağlı "Radio Azatutyun"a müvafiq məlumatlara sahib olduğunu bildirib. Arkadi Ter-Tadevosyan bununla əlaqədar deyib: " Ermənistan tərəfi yaxın vaxtlarda cavab zərbəsi endirməsə, azərbaycanlılar zəiflədiyimizi hesab edəcəklər. Zərbə endirmək lazımdır, özü də hiss olunacaq zərbələr. Mən bunu təkcə ehtimal kimi irəli sürmürəm, belə bir zərbənin hazırlandığını bilirəm". Onun sözlərinə görə, Azərbaycan Rusiyadan silah almaqla danışıqlar prosesində rəsmi Bakının maraqlarını mümkün qədər qarşılamaq üçün Ermənistana və beynəlxalq ictimaiyyətə təzyiq göstərmək məqsədi güdür. Xatırladaq ki, iyunun 5-də Naxçıvanla sərhəddə baş verən atışmada iki erməni hərbi qulluqçusu öldürülüb. Hadisədən bir gün sonra Ermənistanın müdafiə naziri Seyran Ohanyan ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşdə söyləyib: "Vəziyyətin gərginləşdirilməsi Azərbaycan üçün ağır nəticələnə bilər".
Erməni analitik İqor Muradyan isə məsələyə həm də geosiyasi prizmadan yanaşır. Bununla bağlı o bildirir: "Qara dəniz və Qafqaz regionunda ABŞ və NATO-nun hərbi mövcudluğu Rusiyanın mövqeləri üçün təhlükə yaradarsa, regionda yeni müharibə bu ekspansiyanın saxlanması üçün ən effektiv üsul olacaq. Söhbət, hər şeydən əvvəl, Azərbaycan və Ermənistan arasında müharibədən gedir". Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasındakı yeni bir müharibənin nəticəsi olaraq Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasına öz qoşunlarını yeritməyə çalışacaq. O bildirir ki, bu, Moskvanın uzun müddətdir həyata keçirmək istədiyi plandır. Erməni analitik hesab edir ki, Rusiya müharibə hazırlığına və Azərbaycanın ambisiyalarına dəstək verir. Onun sözlərinə görə, Azərbaycanın Rusiya tərəfindən silahlandırılması bunu deməyə əsas verir: "Ruslar güman edirlər ki, bu vəziyyətdə prosesləri saxlamağı bacaracaqlar. Əvvəlki təcrübə də bunu göstərir. Amma NATO-nun Şərqi Avropaya irəliləyişi şəraitində, həmçinin İran və Rusiya arasındakı münasibətlərdə neqativ dəyişikliklər yüksək qeyri-müəyyənlik vəziyyəti yaradacaq". O, Türkiyənin İkinci Qarabağ müharibəsinin başlanmasında maraqlı olmadığını bildirir: "Çünki Ankara yad qaydalar və ssenarilər üzrə müharibəyə cəlb edilməsindən ehtiyat edir. Amma müharibə başlanarsa, o halda Türkiyə Azərbaycanı bütün mümkün üsullarla dəstəkləmək də daxil olmaqla, hərbi əməliyyatlarda bilavasitə iştirak edə bilər". Lakin xatırladaq ki, 1921-ci il Qars müqaviləsinə əsasən, Türkiyə Naxçıvanın təhlükəsizliyinin qarantıdır. Naxçıvana hansısa hücum olarsa, rəsmi Ankara buranı öz torpağı kimi müdafiə etməlidir. Son günlər ermənilər tərəfindən Naxçıvana hücumların aktivləşməsinin əsas səbəbi Naxçıvanda Əlahiddə Ordunun yaradılmasıdır. Bu ordu kifayət qədər silah-sursatla təchiz edilib. Belə vəziyyət isə erməniləri qorxudur. Xatırladaq ki, Naxçıvan istiqamətində atəşkəsi pozan hazırda Ermənistan silahlı qüvvələridir. İyunun 2-də Ermənistan hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri Zaur Həsənov şəhid olub. İyunun 5-də isə növbəti atəşkəs pozuntusunda cavab atəşi açılıb və 2 erməni əsgəri öldürülüb.
Baş verənlər isə dünya birliyini də narahat edir. ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti Didye Burkhalter də qeyd edir ki, mövcud status-kvo davam edə bilməz. Xatırladaq ki, o, Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərini Parisdə görüş keçirməyə dəvət etməsini alqışlayıb: "Konseptual məsələlərin müzakirə oluna biləcəyi bu görüş razılıq əldə olunmasına aparıb çıxaracaq yeni bir mərhələnin başlanğıcı ola bilər".