2009-cu ilin fevral ayından etibarən fəaliyyətə başlamış MDB məkanında analoqu olmayan Bakı Beynəlxalq Avtovağzal Kompleksi hazırda Bakıdan respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri təşkil edir. Bundan başqa, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında yaşayan həmvətənlərimizə kömək məqsədi ilə Bakı – Naxçıvan marşrutu üzrə hər gün 4 ədəd müasir və hər cür rahatlığı olan iri tutumlu avtobus yola salınır.
Sərnişinlərə xidmətin yüksək səviyyədə və keyfiyyətlə aparılması üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksində müxtəlif təyinatlı infrastruktrlar - hötel, ticarət, ictimai iaşə müəssisələri, müxtəlif xidmət sahələri və s. fəaliyyət göstərir. Hər gün yüzlərlə yerli və xarici vətəndaş Bakı Beynəlxalq Avtovağzal Kompleksinin xidmətlərindən istifadə edir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyev modern.az-a bildirib ki, bütün bunları nəzərə alaraq Dövlət Yanğın Nəzarəti Xidməti insanların kütləvi toplaşdığı müəssisə kimi Bakı Beynəlxalq Avtovağzal Kompleksində mütəmadi olaraq yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirir.
2014-cü il iyunun 11-də Bakı Beynəlxalq Avtovağzal Kompleksində yanğına qarşı təbliğat xarakterli növbəti tədbir keçirilib. Tədbirdə otel, ticarət, ictimai iaşə müəssisələrində yanğın təhlükəsizliyinin qaydalarının tələbləri haqqında ətraflı söhbət açılıb. Tədbir iştirakçılarına yanğın təhlükəsizliyi tədbirləri planının işlənib hazırlanması və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, yanğın törədə biləcək səbəblərin və şəraitin aradan qaldırılmasının təmin olunması, yanğın hadisəsi baş verdikdə işçilərin, əmlakın təhlükəsiz təxliyyəsinin həyata keçirilməsi, yanğının yayılmasının məhdudlaşdırılmasını təmin edən şəraitin yaradılması, yanğının tez ləğv olunmasını təmin edən yanğınsöndürmə vasitələrinin daim hazır vəziyyətdə olması, həmçinin ilkin yanğınsöndürmə vasitələrinin tətbiği ilə əlaqədar tövsiyələr verilib, tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Tədbirdə yanğınsöndürmədə yeni texnologiya olan, Tailandda istehsal olunmuş avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri, istifadə qaydası haqqında məlumat verilib.
Tədbirin sonunda DYNX tərəfindən nəşr etdirilmiş yanğına qarşı təbliğat xarakterli yaddaş kitabçaları yanğın təhlükəsizliyi bilgilərinin təbliğ olunması üçün metodik vəsait kimi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mülki müdafiə işləri üzrə məsul əməkdaşı Arif Ələkbərova təqdim olunub.
Xatırladaq ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nəqliyyat naziri isə Ziya Məımmədovdur.