Son üç-dörd ildə Azərbaycan istifadəyə verilən mənzillərin sayına görə, az qala 1980-ci illərin səviyyəsinə qalxıb.
Statistikaya görə, 2010-cu ildə 17,6 min, 2011-ci ildə 16,1 min və 2012-ci ildə 19,9 min ədəd mənzil istifadəyə verilib. Cəmi 4,3 min mənzilin istifadəyə verildiyi 1999-cu illə müqayisədə yetərincə optimist göstəricilərdir. 29 min mənzilin respublika vətəndaşlarına paylandığı 1983-cü illə müqayisədə xeyli az olsa da, yenə də tikilən mənzillərin sayının ildən-ilə artacağına və ölkənin 30 minə bərabər yeni mənzil ehtiyacı problemini sabit axınla həll ediləcəyinə ümidi artırırdı. Yəni bu göstəricini görən hər bir kəs yaxın illərdə Azərbaycanda yeni mənzillərə yaranan tələbin tikinti şirkətləri tərəfindən problemsiz şəkildə, bazarın alıcılıq qabiliyyətinə uyğun şəkildə ödəniləcəyinə ümid edirdi.
Amma ANS PRESS-in məlumatına görə, ölkənin tikinti sektorunda aparılan araşdırmalar yaxın illərdə bu templərin qorunacağına ümidləri azaldır. Məsələ bundadır ki, istifadəyə yararlı sayılan mənzillərin əksəriyyəti bünövrəsi 10-15 il əvvəl qoyulmuş binaların və fərdi evlərin payına düşür. Özü də bu statistikada çoxdan tikilmiş, amma sənədləri indi qaydaya salınan fərdi evlərin payı getdikcə artır. Dövlət tərəfindən istifadəyə qəbul edilən bina evlərinin sayı isə ildən-ilə azalır.
Əgər 2010-cu ildə çoxmərtəbəli binalarda 6 min mənzil istifadəyə verilmişdisə, 2011-ci ildə 2700, 2012-ci ildə isə 4700 mənzil dövlət tərəfindən qəbul edilərək istifadəyə yararlı sayılıb. 2013-cü ilin statistik göstəriciləri tam açıqlanmasa da, ölkə üzrə istifadəyə verilən bina mənzillərinin sayı 5000-i keçmir. Konkret olaraq, Bakıda cəmi 31 yüksək mərtəbəli bina istifadəyə verilib ki, bu, sakinlərin yaşadığı sənədsiz 700-ə qədər binanın 5%-dir. Qalan binalarda insanlar 15 ilə yaxındır ki, yaşayır və nə vaxtsa “kupça” alacaqlarına ümid edirlər. Amma sənədləşmə bu sürətlə gedərsə, həmin binaların sakinləri daha 20 il də gözləməli olacaqlar.
Binaların sənədsiz olması insanlar üçün çox problemlər yaradır - evlərə mülkiyyət hüququnun olmaması onların həmin mənzilləri sata bilməsinə əngəl yaradır. Nəticədə əmlak bazarında aktivlik xeyli aşağı düşür. Sakinlər ünvanı olmadığına görə evlərinə qeydiyyata düşə bilmirlər, bu da onlara bir sıra inzibati problemlər yaradır. Bu binaların ən problemli tərəfi isə onlarda qazın olmamasıdır. Binalar dövlət qəbulundan keçmədiyinə görə, onlara qaz verilmir. Nəticədə qazanxanası olmayan binaların sakinləri mənzilləri elektriklə qızdırırlar ki, belə mənzillər qış aylarında 120 manata qədər işıq pulu verir. Halbuki, kombi və ya qazanxana sistemi ilə bu, 40 manatdan artıq olmur.
Çoxmərtəbəli binaların mənzillərinə “kupça” verilməməsi dövlət büdcəsinə də zərər vurur, evinə mülkiyyət sənədi ala bilməyən vətəndaş əmlak vergisi ödəmir. Həmçinin mənzillərin sənədinin olmaması onların müxtəlif müqavilə formaları ilə eyni vaxtda bir neçə alıcıya satılmasına imkan yaradır. Bu isə uzun müddətli məişət və məhkəmə çəkişmələri ilə müşayiət olunur. Yaranmış durum insanları ilkin mənzil bazarına vəsait yatırmaqdan çəkindirir. Yəni 15 il qabaq insanlar çəkinmədən bünövrəsi yeni qoyulan binalara pul verirdilərsə, indi heç kim bu riski etmir və mülkiyyət sənədi olan mənzil axtarır.
Bu binalara mülkiyyət sənədi almaq üçünsə 14 idarədə razılaşmadan keçmək lazımdır. İşlə yaxından əlaqəsi olanlar bilir ki, vaxtilə icazə qapısının sayı 28 idi ki, bu qapılardan keçməyə hər iş adamının gücü çatmırdı, ona görə də tikintini icazəsiz davam edirdi. İndi də vəziyyət o qədər də asan deyil və binanın qəbul edilməsi üçün çox sayda prosedur gerçəkləşdirilməlidir. “MBA” konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimovun ANS PRESS-ə verdiyi məlumata görə, binaları inşa etmək üçün ilkin olaraq tikintiyə icazə aktı alınmalıdır: “Daha sonra layihə sənədləri işlənməlidir və müvafiq yerli icra strukturlarında həmin layihələr ekspertizadan keçirilməlidir. Nəhayət, tikinti işlərinə başlamağa ayıca icazə verilməlidir. Tikinti prosedurlarının hamısı da müvafiq yoxlama strukturlarından keçməlidir, hamısına görə də akt bağlanmılıdır. Ən sonda isə bu aktların hamısı dövlət qəbulu komissiyasına təqdim edilməlidir və komissiya tərəfindən binaya istismar aktı verilməlidir. Bundan sonra binanın mənzillərinə mülkiyyət sənədləri verilə bilər”,- deyə “MBA” konsaltinqin rəhbəri vurğulayır.
Nüsrət İbrahimovun sözlərinə görə, əgər bu prosedurlar vaxtında keçirilməzsə və lazımi sənədlər alınmazsa, yaxud layihədən kənarlaşmalar müşahidə edilərsə, binaya sənəd verilmir: “Bu binaların bəziləri sökülə bilər, bəzilərinin isə sənədləşməsi başdan aparılaraq dövlət qəbuluna təqdim edilə bilər”,- deyə Nüsrət İbrahimov vurğulayır.
Əslində, əhalini narahat edən məhz həmin 700 binadan xeyli hissəsinin sökülə bilmək ehtimalı ilə üz-üzə olmasıdır. Dövlət rəsmiləri zaman-zaman onlarla çoxmərtəbəli binanın söküləcəyini bildirir ki, bu də sənədsiz 700 binanın sakinlərini stressə salır. Hər halda, binaların sənədləşdirilməsində və tikilməsində baş vermiş qüsurlar onların günahı deyil. Sadalanan 50 binanın sökülməsi 5 minə yaxın ailənin evsiz qalması deməkdir ki, bu ciddi sosial problemlərə gətirə bilər.
Hər halda, ölkə qanunvericiliyinə görə, vətəndaşlar mənzil tikinti kooperativlərinə (MTK) üzv kimi binaların bünövrəsi qoyulanda tikintiyə vəsait yatıra bilərlər. Və bu binaların keyfiyyətli tikintisinə məhz dövlət qurumları məsuliyyət daşıyır. Əgər binalar sökülərsə, bunun birbaşa günahkarı tikinti şirkətidirsə, əsas günahkarı MTK üzvlərinin hüquqlarını qorumalı olan, onların adından danışmalı olan dövlətdir. Yəni dövlət qurumları prosedurlara vaxtında nəzarət edərək, tikinti şirkətləri tərəfindən MTK üzvlərinin hüquqlarının pozulmasına yol verməməli idi. Belə olan vəziyyətdə dövlət ya MTK üzvlərini müvafiq ölçüdə mənzillə təmin etməlidir, ya da həmin binaları möhkəmləndirərək lazımi tələblər səviyyəsinə çatdırmalıdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev də məsələni bu cür qoyur. Şöbə müdiri şəhərdə tikilmiş hansısa yeni çoxmərtəbəli binanın söküləcəyinə inanmır. “İndi 21-ci əsrdir, binaları möhkəmləndirmək üçün hər cür imkan var” deyən Cahangir Qocayev Bakının İnşaatçılar prospektində və Yasamal bazarının yaxınlığında binaların möhkəmləndirilərək standartlara uyğun hala gətirildiyin bildirir.
DŞAK təmsilçisi Bakıdakı sənədsiz 700 binanın sakinlərinin də tezliklə mülkiyyət hüququ əldə edəcəyini vurğulayır. “Bununla bağlı səlahiyyətlər Fövqəladə Hallar Nazirliyinə və yerli icra hakimiyyəti qurumlarına verilib. İnşallah bu qurumlar müvafiq komissiyaları formalaşdırarlar və tezliklə sənədsiz binaların sakinlərini sevindirərlər”, - deyə Cahangir Qocayev vurğulayır.
Nə deyirik? Təki, elə olsun. Atalar demişkən, kor nə istər, iki göz - biri əyri, biri düz. Təki rəsmilər işə düz yanaşsın.