Açıq deyim ki, Beyləqana etdiyimiz səfərə qədər bu rayon barəsində fərqli təəssüratım var idi. Ən azından daş üstündə daş görəcəyimi təxmin edirdim. Amma yanılmışdım. Beyləqana girər-girməz belə bir təəssürat yarandı ki, sanki bu rayonu ermənilər işğal edib. Çünki bu millətdən olub bu rayona bu qədər amansız, düşməncəsinə rəftar etmək heç də ağlabatan deyil.
Gərək düşmən olasan ki, Beyləqanın küçələrini keçilməz cəhənnəmə çevirəsən, bütün asfaltları eyni anda qazıyıb sıravi vətəndaşlara olmazın zülmünü çəkdirəsən. Bu gün Beyləqanda bir vətəndaşın 100 metrə belə rahat hərəkət edə bilməsi üçün nə yol var, nə də ünvan.
Ola bilsin ki, təsvirimizin mövcud problemin şiddətli ifadəsi kimi anlaşıla. Amma bəlkə də daha aşağı dərəcədə ifadə edirik. Bunun üçün ya Beyləqanda yaşamaq lazımdır, ya da ora ən azından bir günlük səfər etmək lazımdır.
Yox, düşünməyin ki, Beyləqanın icra başçısı, icra hakimiyyəti, icra hakimiyyətinin binası yoxdur. Var və özü də ən əlasından. Təbii ki, bu «ən əla» sözümüz yalnız icra hakimiyyətinin binasına şamil oluna bilər. Başçının və onun icra hakimiyyəti aparatının isə «əla» tərifinə heç bir aidiyyətləri yoxdur. Əksinə, əgər Beyləqanın icra başçısı Vaqif Abdullayev prezident İlham Əliyevi belə aldatma cəsarətində olmasaydı, onunla bağlı real faktlar, əsl həqiqətlər birbaşa olaraq dövlət başçısına çatdırılsaydı, yəqin ki, Vaqif Abdullayev bir gün də iş başında qalmazdı.
Çünki Vaqif Abdullayev bu illər ərzində Beyləqana yaxşı nəsə etməyib. Yalnız öz oturduğu binanı kosmetik olaraq gözəlləşdirib ki, bu da ətrafını qarğaların sarması səbəbindən heç bir əhəmiyyətə çevrilmir. Görün, Beyləqan hansı həddə xarabalığa çevrilib ki, bütöv rayon üzərində qarğalar hökmranlıq edir. Bəlkə də Azərbaycanın heç bir bölgəsində Beyləqanda olan qədər qarğa yxdur.
Qarğanın isə xarabalığa meyilli olduğu fatdır. Xaraba yerdə qarğa çox olar. Abad yerdə yox.
Rayonda olanda eşitdik ki, prezident Beyləqana gələcək. Yox, rayonun içinə girməyəcək. Ona görə də rayonun yox, rayonun ətrafındakı yollar yenidən çəkilirdi. Prezidenti yenə də aldadacaqlar, yenə də yalan danışacaqlar. Yalnız onun gedəcəyi yerləri abadlaşdırırlar ki, əslində təkcə Beyləqana yox, həm də bu qədim şəhəriylə öyünən Azərbaycan xalqına, dövlətinə icra başçısının etdiyi xəyanəti gizlədə bilsinlər.
P.S. Mən burada «Qarşı tərəfi də dinləməyə hazırıq» şablonuna yer verməyəcəm. Vaqif Abdullayev başda olmaqla, onun Beyləqanı ağlar günə qoyan, xarabalığa çevirən heyətinin nəyini dinləməliyəm ki? Sözü varsa, Beyləqana gəlməyə hazırlaşan cənab prezidentə desin. Biz də cürətini görək… Hər halda, bu, onun prezidentə danışacağı ilk yalan deyil… Görünəni odur…
SONDA: Beyləqandan geniş reportajımızı və xarabalıqların fotolarını yaxın vaxtlarda təqdim edəcəyik. Bizi izləyin...
Azər - DİA.AZ