Bankların maddi gəlirlərinin azaldığı bir vaxtda bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinin getdikcə daha da genişlənməsi müşahidə olunur. Bilindiyi kimi, məlum kredit qadağaları son aylarda bankların gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına gətirib. Digər tərəfdən, əhalinin əmanətlərini banklardan geri götürməsi də bu sektorda müəyyən çətinliklərə yol açıb.
Xatırladaq ki, mayın 1-nə qədər rezidentlərin bank əmanətinin həcmi 5 milyard 961,2 milyon manat olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 6,1 faiz artıb. Xarici vətəndaşların əmanətləri 608,7 milyon manat olub. Bu göstərici isə ilin əvvəli ilə müqayisədə 21,5 faiz azalıb. Bu da o deməkdir ki, ilin 4 ayında əcnəbi əmanətçilər Azərbaycan banklarına qoyduğu 167 milyon manat əmanəti geri götürüb. Belə vəziyyət də bank gəlirlərinin azalmasında az rol oynamır.
Real vəziyyət isə, qeyd olunduğu kimi, bank olmayan kredit təşkilatlarının fəaliyyətinin genişlənməsi ilə müşayiət olunur. Banklardan fərqli olaraq, onlar fəaliyyətini daha sürətlə genişləndirir. Belə ki, 2014-cü ilin birinci rübünün nəticələrinə görə, Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının cəmi aktivləri 551.16 milyon manata çatıb. BOKT-ların aktivləri ötən ilin ilk rübü ilə müqayisədə 141,28 milyon manat və ya 34,5% artıb. Cəmi BOKT-ların aktivlərinin 464,12 milyon manatı və ya 84,2%-i beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilmiş kredit təşkilatlarına, 55.1 milyon manatı kredit ittifaqlarına, 31,94 milyon manatı digər bank olmayan kredit təşkilatına məxsusdur. Son bir ildə BOKT-lar 87 yeni filial açıb, bu da orta hesabla hər iki həftədə 3 filialın açılması deməkdir. Ötən ilin birinci rübündə 116 filiala malik olmuş BOKT-lar hazırda 203 filiala malikdir. Cari ilin birinci rübünün nəticələrinə görə, Azərbaycanda 154 BOKT fəaliyyət göstərib. Ötən ilin aprelindən bu ilin aprel ayınadək ötən dövr ərzində 16 yeni BOKT lisenziya alıb, onlardan 5-i kredit ittifaqı, 11-i humanitar təşkilatlar tərəfindən maliyyələşdirilmiş kredit təşkilatları olub. Bütün bunlar bank olmayan kredit təşkilatlarının banklarla müqayisədə fəal şəkildə genişləndiyini göstərir. Bu da, öz növbəsində, bankların gəlirlərinin azalmasına təsirsiz ötüşmür. Bank olmayan kredit təşkilatlarının fəaliyyəti genişləndikcə bankların gəlirlilik səviyyəsi azalır. Belə vəziyyət isə ilin sonunadək fəaliyyətini dayandıracaq bankların sayını artıra bilər. Məlum olduğu kimi, cari ilin sonuna kimi Mərkəzi Bankın tələbi ilə yerli kommersiya bankları nizamnamə kapitalını indiki ilə müqayisədə 5 dəfə artırmalıdır. Hazırda sözügedən kapitala bağlı tələb 10 milyon manatdırsa, gələn ilin əvvəlindən etibarən 5 dəfə artaraq 50 milyona çatmalıdır. Bankların hamısının bu tələbi ödəyə bilib-bilməyəcəyi hələ dəqiq məlum deyil. Nizamnamə kapitalını artıra bilməyən bankların bağlanması gözlənir. Bu zaman əhalinin qornumayan əmantələrinin taleyi də sual altına düşür. Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankla razılaşdırmaqla qorunan əmanətlərin yuxarı həddini 10 faizdən 9 faizə endirib. Hazırda isə əhalinin banklardakı əmanətlərinin 41%-dən çoxu qorunmur. Mərkəzi Bankın mayın 1-nə olan məlumatına görə, banklarda əmanətlərin həcmi 6,6 milyard manata çatıb. Bu isə təxminən 3 milyard manatın qorunmadığıın göstərir.
Əmanətlərin Sığortalanması Fondunun üzvü olan banklar əmanətlərin 35-36 faizini sığortalamır. Bu da 9 faizlik limitdən daha yüksək faizlə qoyulduğundan sığortalanmır. Bank bağlanacağı halda həmin əmanətlərin taleyindən də narahatlıq var. Xatırladaq ki, bir qayda olaraq, kiçik banklar əmanət cəlb etmək üçün əhaliyə yüksək faiz təklif edir. Bunu da onlar böyük banklarla rəqabət apara bilmək üçün edir.
Aydındır ki, 50 milyon manatlıq limit məsələsi qüvvəyə mindikdən sonra birinci növbədə elə kiçik bankların bağlanma təhlükəsi daha böyükdür. Banklar bağlanacağı təqdirdə isə yüksək faizlə götürülən əmanətlər böyük problemlə üzləşəcək. Belə vəziyyət də banklara inamın daha da sarsılmasına gətirib çıxaracaq.