Azərbaycan müxalifətinin hakimiyyətə "Putin müraciətinin" arxasında incə taktika var

14-06-2014, 19:34   

Hakimiyyətin Avrasiya barədə mövqeyi xeyli əvvəldən məlum olsa da, müxalifət təkrar niyə müraciət edir?
Zahid Oruc: "Onlar hakimiyyəti quruma üzv olmamağa çağırmaqlarını "bu məsələdə iqtidarın mövqeyini dəstəkləyirik"lə əvəz etməlidir"

Məlum olduğu kimi, Rusiya mayın 29-da Astanada təsis edilmiş Avrasiya İqtisadi İttifaqına qoşulmaq üçün Azərbaycana rəsmi dəvət göndərib. Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 9-da serb jurnalistlərlə görüşündə Avrasiya İqtisadi İttifaqının dünya arenasında yeni "güc mərkəzi"nə çevriləcəyini deyib.
Xəbərdə xatırladılır ki, gələcəkdə Avrasiya İttifaqına Ermənistan və Qırğızıstan da üzv olmağa hazırlaşır. Həmçinin ittifaqa daxil olmaq üçün Azərbaycana da rəsmi səviyyədə dəvət göndərilib.
Xatırladaq ki, Azərbaycan Avrasiya İttifaqına üzvlük niyyətində olmadığını müxtəlif səviyyələrdə bir neçə dəfə bildirib. Sonuncu dəfə bu məsələ Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Bakıya səfəri zamanı, ötən həftə gündəmə gəldi.
Rusiyalı nazir Azərbaycanın bu ittifaqa daxil ola biləcəyini bildirdi. Dərhal da Azərbaycan rəsmiləri Bakının belə planının olmadığını açıqladılar.
Azərbaycanın Avrasiya İttifaqına üzv olmayacağı Prezident İlham Əliyev səviyyəsində də qeyd edilib. Buna baxmayaraq, passivliyi ilə seçilən müxalifət gündəmə gəlmək üçün bu mövzudan yararlanmağa çalışır.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, Rusiyanın Avrasiya İttifaqına qoşulmaq üçün Azərbaycan hakimiyyətinə müraciət etməsi onun üçün gözlənilməz deyil: "Azərbaycan daim Rusiyadan ziyan görmüş, Rusiyanın apardığı siyasətdən həmişə əziyyət çəkmiş bir ölkədir. Azərbaycanın iki yerə parçalanması, böyük ərazilərimizin müxtəlif qonşu ölkələrə, o cümlədən Ermənistana verilməsi siyasətinin arxasında da Rusiya dayanıb. Müasir dövrdə də Rusiyanın apardığı siyasət Azərbaycanın milli mənafelərinə uyğun deyil. Bu baxımdan Rusiya ilə birlik münasibətlərinin Azərbaycana hər hansı bir fayda verəcəyinə inanmaq sadəlövhlük olardı.
Ona görə də biz mümkün qədər Rusiyadan distansiya saxlamalı, Rusiyaya qarşı olan güc mərkəzləri ilə real müttəfiqlik münasibətlərinin qurulmasına nail olmalıyıq".
Buna bənzər açıqlama ilə bir neçə partiya da çıxış edib və Azərbaycan hakimiyyətinə Avrasiya İttifaqına qoşulmamaqla bağlı çağırış edib. Əslində, müxalifət də Azərbaycanın rəsmi mövqeyini bilir və əmindir ki, ölkəmiz quruma üzv olmayacaq. Sadəcə, bu gedişlə müxalifət özünə ucuz dividend qazanmaq istəyir ki, son anda Azərbaycanın Avrasiya İttifaqına üzv olmamasının özləri tərəfindən edilən təzyiq nəticəsində baş tutduğu iddia edə bilsinlər.
Millət vəkili Zahid Oruc qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan hakimiyyətinin son illər ərzində xarici siyasət kursunda müəyyənləşdirdiyi düzgün siyasət kursu bütün dünya tərəfindən təqdir edilir: "Yadınızdadırsa, Şərq Tərəfdaşlığı Proqramı ilə bağlı Vilnüs Sammiti ərəfəsində də müxalifət Azərbaycan hakimiyyətinin tutduğu mövqeyi bəyənmirdi. Hətta Ukraynanı bizə misal çəkirdilər. Nəticədə nə oldu? Bir tələsik davranışı ilə Ukrayna böyük ərazisini itirdi. Azərbaycanın da itirdikləri var. Məhz bu amil də bizi daha ehtiyatlı, düşünülmüş qərarlar verməyə sövq edir. Vilnüs Sammitində ən stabil və praqmatik mövqeni Azərbaycan seçdi. Bu gün məlum olur ki, Azərbaycanın Vilnüsdə imzaladığı sənədlərlə bağlı heç bir irəliləyiş yoxdur. Avrasiya İttifaqına gəldikdə isə, Azərbaycan hakimiyyəti mövqeyini ən müxtəlif səviyyələrdə açıq ifadə edib. Putinin məktub göndərməsi normaldır. Onlar yeni quruma daha çox ölkəni cəlb etmək istəyir. Məndə olan məlumata görə, analoji məzmunlu təkliflər heç MDB məkanına aid olmayan, lakin bu coğrafiyada yerləşən bəzi ölkələrə də edilib. Bizim müxalifət passivlikdən, yorğunluqdan əziyyət çəkir. Heç bir yeni ideya ortaya qoymaq gücündə deyillər.
Əllərinə hazır bir mövzudur düşüb. Mənə elə gəlir ki, onlar hakimiyyəti quruma üzv olmamağa çağırmaqlarını "bu məsələdə iqtidarın mövqeyini dəstəkləyirik"lə əvəz etməlidir. Çünki onların çağırışı iqtidarın ortaya qoyduğu mövqedən heç nə ilə fərqlənmir".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.