Qərbin sanksiyalarının daha bir təsiri üzə çıxır
Məlum olduğu kimi, Azərbaycana pul transferində əsas yer şimal qonşumuza məxsusdur. Düzdür, Rusiyanın son miqrasiya siyasəti üzündən ölkəmizə pul transferi azalmışdı. Lakin son dövrlərdə miqrantların Azərbaycana göndərdiyi pulların miqdarı yenidən artır və bu məsələdə Qərbin sanksiyaları da az rol oynamır.
Xatırladaq ki, Qərb sanksiyalarına görə Rusiyadan vəsaitlərin çıxarılmasına başlanıb. Artıq məlumdur ki, Rusiyadan kapital axını rekord həddə çatıb. Bu ilin ilk rübündə Rusiyadan kapital axını maksimum həddə, 70 milyard dollara yaxınlaşıb. Bu rəqəm 2013-cü ilin illik nəticəsindən çoxdur. Rekord axının səbəbi kimi Ukranyadakı hadisələr göstərilir. Rusiyanın iqtisadiyyat nazirinin müavini Andrey Klepaç da faktı təsdiqləyib. O da etiraf edir ki, Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı sanksiyaların elan olunduğu bir vaxtda sərmayəçilər narahat olmağa başlayıb. Bununla bağlı olaraq Rusiya iqtisadiyyat nazirinin müavini zəif inkişaf və inflyasiyanın artması ilə bağlı xəbərdarlıqla çıxış edib.
Son üç ayın məlumatı isə cari ilin birinci rübü ilə müqayisədə Rusiyadan daha çox pul axınının olduğunu göstərir. Artıq çıxarılan məbləğin 150 milyard dollara yaxın olduğu bildirilir. Maraqlıdır ki, bu dövrdə miqrantların da Rusiyadan çıxardığı pulların miqdarı artıb. Fiziki şəxslər tərəfindən xaricdən Azərbaycana pul köçürmələri ilin ilk rübündə 700 milyon dolları ötüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Hesab edilir ki, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi miqrantların da buradan daha çox vəsait çıxarmasına səbəb olur. Bu, soydaşlarımıza da aiddir və onlar Rusiyadan ölkəyə daha çox pul trasfer edir. Ekspert Natiq Cəfərli də bildirir ki, hazırda ölkəyə transfer edilən pulların əksəriyyəti Rusiyadan köçürülür: "Bu çox normal haldır və gözlənilən idi. Rəsmi rəqəmlərə görə, ötən il üçün Rusiyadan köçürülən bu pulların ümumi həcmi 1,8 milyard dollar olmuşdu. Hazırda ölkəyə transfer edilən pulların əksəriyyəti Rusiyadan köçürülür. Hesab edirəm ki, ilin ilk rübü üçün bu qədər böyük məbləğin alınması Ukrayna ilə Rusiya arasında yaranmış problem və rəsmi Moskvaya qarşı tətbiq edilən sanksiyalarla əlaqədardır. Artıq insanlar anlayır ki, pullarının Rusiya banklarında qalması onlar üçün təhlükəlidir". Ekspert "axar" portalına açıqlamasında vurğulayır ki, ilin sonuna qədər bu pul çıxarılmaları davam edəcək: "Rusiyada iş yerlərinin azalacağı ilə bağlı rəsmi açıqlama da verilib. Hətta Kreml qorxur ki, bu rəqəmlər minusa ensin. Hesab edirəm ki, Azərbaycana Rusiyadan transfer edilən pulların həcmi ötən ilə nisbətən bir qədər artacaq, amma bu heç də yüksək fərqin olması demək deyil. Digər tərəfdən də transferlərin artması regionlarda yaşayan əhalinin rifah halının yüksəlməsinə təsir edəcək".
Ümumiyyətlə, gözlənir ki, Rusiyadan çıxarılan iri kapitalın da bir hissəsi məhz Azərbaycana gəlsin. Xatırladaq ki, son illərdə Rusiyadan Azərbaycana gələn kapitalın həcmi artan xətt üzər inkişaf edib. Bir çox Rusiya şirkətləri Azərbaycanda fəaliyyətini genişləndirib. Bu şəraitdə Rusiyadan çıxarılan kapitalın bir hissəsinin Azərbaycana yönləndirilməsi tamamilə mümkün sayılır. Digər tərəfdən nəzərə alınsa ki, həmin kapitalın Avropaya, ABŞ-a getməsi indi risqli hesab olunur, çünki sanksiyalar kapitalın Qərbə getməsini əngəlləyir, belə şəraitdə Azərbaycana kapital qoyuluşu rus iş adamları üçün də olduqca sərfəli sayılır.
İndilikdə isə neft qiymətlərinin nisbətən sabit olmasına baxmayaraq, ekspertlərin fikrincə, kapitalın ölkədən çıxması, yüksələn faiz dərəcəsi və investisiyaların azalması nəticəsində Rusiya tədricən yumşaq iqtisadi geriləmə ilə üzləşə bilər. İqtisadi sanksiyalar, həmçinin kapitalın ölkədən çıxması və inkişaf dinamikasının zəifləməsi nəticəsində ölkə xarici investorlar üçün cəlbediciliyini itirə bilər. Artıq "Fitch" və "Standard&Poors" agentlikləri Rusiyanın kredit reytinqi üzrə gözləntiləri sabitdən mənfiyə doğru azaldıb. Ekspertlər hesab edir ki, sanksiyalar ixraca və bank sektoruna tətbiq edildiyi təqdirdə bu, Rusiya iqtisadiyyatına əhəmiyyətli təsir edə bilər. İqtisadi şoklara qarşı Rusiyanın əsas makromüdafiə aləti 500 milyard dollar həcmində olan valyuta ehtiyatları hesab olunur. Analitiklərin fikrincə, 500 milyardlıq ehtiyatların 230 milyardını dövlət istiqrazları, BVF-nin ehtiyatları və qızıl təşkil edir. Sərəncamda olan valyuta ehtiyatları isə 270 milyard dollardır. 3 aylıq idxalı maliyyələşdirmək üçün 120 milyard dollara qədər vəsait lazım olduğundan, sərəncamda yalnız 150 milyard ABŞ dolları qalır. Bu rəqəmin böyük olmasına baxmayaraq, Rusiya Mərkəzi Bankı tək bir gün ərzində bazara 10-12 milyardlıq intervensiya edir. Bunu nəzərə alsaq, sərəncamda qalan valyuta ehtiyatlarının heç bir aya da kifayət etməyəcəyi aydın görünür.