İyunun 17-də ANS-in “İç Xəbər”ində ürək dağlayan bir süjet efirə verildi. I qrup Qarabağ əlili Cəmil Cəlilovun durumunu əks etdrən süjetə soyuqqanlıqla baxmaq mümkün deyildi.
Sürünərək hərəkət etməyə çalışan C.Cəlilov tamamilə köməksiz vəziyyətdə həyatın ona bəxş etdiyi çətinliklərlə üz-üzə qalıb. Ətrafında ona yardım edəcək heç kəs yoxdur. Normal hərəkt etmək imkanından mərhum olan Qarabağ əlilininin vəziyyəti, onun yaşadığı şərait gerçəkdən tükürpədicidir.
"Qara Qarayev" metrosu yaxınlığındakı yataqxanaların birində qalan C.Cəlilovun durumu əlaqədar orqanların diqqətinə çatdırılıb və artıq ümid yaranıb ki, Qarabağ əlilinə yardım əlini uzadanlar tapılacaq.
“AzerFax”ın əməkdaşı isə C.Cəlilovla bağlı araşdırma aparıb və məlum olub ki, taleyin ümidinə atılmış əlil əsində qohum-əqraba sarıdan korluq çəkmir. Əldə edilən məlumata görə, barəsində söz açdığımız Qarabağ əlilinin qardaşı milyonçudur və böyük bir biznes şəbəkəsinə nəzarət edir. C.Cəlilovun qardaşı Suleyman Cəlilov hazırda Azərbaycana xarici ölkələrdən gətirilən quru meyvələrin inhisarçılarından hesab olunur.
Məlumata görə, S.Cəlilov təkcə Babək prospektində bir neçə iri ticarət obyektinin sahibidir. Bakıda həmin bu iş adamına məxsus digər iri satış mərkəzlərinin də fəaliyyət göstərdiyi bildirilir.
Sayt S.Cəlilovun nömrəsini əldə etsə də gün ərzində ona edilən zənglərə cavab verilməyib. Sonrakı cəhdlərdə isə iş adamının telefonu söndürülüb.
“Mən də onunla eyni yataqxanada yaşamışam. Əvvəllər atası sağ idi və ona baxırdı” - bunu isə Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu deyib.
Onun sözlərinə görə, atası rəhmətə gedəndən sonra C.Cəlilov tamamilə baxımsız vəziyyətə düşüb və qohumlarından heç kəs ona yaxın durmaq istəməyib: “Cəmilin 3 qardaşı, 1 bacısı var. Heç biri ağır durumda olan qardaşlarına əl tutmaq, yardım göstərmək istəmir. İnsanlar öyrəşiblər ki, hər şeyi dövlətin üzərinə atsınlar. Aydındır ki, dövlətin öz vətəndaşına sahib çıxmaq vəzifəsi var. Lakin məsələnin mənəvi tərəfi də var axı. Dost-doğma qardaş-bacısı bu adama yaxın gəlmir, ona ən adi diqqət və qayğını göstərmirlər".
R.Kərimoğlu onu da bildlrib ki, döyüşçü dostları C.Cəlilova müəyyə köməkliklər göstərməyə çalışırlar. Lakin onun durumu ciddi diqqət və qayğı tələb edir: "Biz də öz tərəfimizdən çalışacağıq ki, məsələni müvafiq instansiyaların diqqətinə çatdıraq. Amma yaxşı olar ki, onun qardaş-bacıları da insafa gəlsinlər".