Müdafiə Nazirliyi iki əsgərin ölümü, bir əsgərin yaralanması ilə nəticələnən silahlı insidentlə bağlı məlumat yayıb.
Virtualaz.org saytı nazirliyin saytına istinadən xəbər verir ki, hadisə iyunun 20-də saat 06.45 radələrində cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissədə xidmət keçən əsgər Ağakişiyev Bəhruz Xəqani oğlu tabeliyində olan avtomatdan atəş açaraq əsgər Əhmədov Kamran İntiqam oğlunu yaralayıb və əsgər Abdullayev Neyman Elman oğlunu qətlə yetirib. Sonra isə əsgər B.Ağakişiyev silahından atəş açaraq intihar edib. Yaralı əsgər K.Əhmədova ilk tibbi yardım göstərildikdən sonra hospitala yerləşdirilib. Vəziyyəti ağırdır. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, orduda hər dəfə əsgər intihar edəndə, yaxud hərbçi yoldaşını güllələyəndə Müdafiə Nazirliyi bunu bir qayda olaraq "ehtiyatsızlıqdan baş verən hadisə" adlandırırdı. İndiki hadisəyə belə izah vermək isə təbii ki, mümkün deyil. Birdən-birə üç nəfəri "ehtiyatsızlıqdan" hədəf alıb növbə ilə güllələməkdən danışmaq absurd olardı...
* * * 09:57
Azərbaycan ordusunda faciə ilə bitən daha bir silahlı insident olub.
İki nəfərin ölümü ilə bitən bu hadisə Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Həmin hərbi hissənin əsgəri tabeliyindəki silahla bir hərbçi yoldaşını öldürüb, digərini isə yaralayıb. Əsgər daha sonra özünü vuraraq intihar edib (APA).
Ölənlərin və yaralının adı hələ açıqlanmayıb. Virtualaz.org saytı insidentlə bağlı əlavə məlumatlar əldə etməyə çalışacaq.