ABŞ-ın Kaliforniya ştatındakı Stokton şəhər polis departamentinin Facebook-dakı profilində həbs olunmuş şəxslərdən birinin fotosunun yayılmasından sonra həmin şəkil gözlənilməz reaksiyaya səbəb olub. İndi departament dünyaca məşhur qurumlardan birinə çevrilib.
Xatırladaq ki, Stokton polis departamentinin profilində fotonu müşayiət edən statusunda yazılmışdı: "Ueston ranço rayonunda son vaxtlar qarət və quldurluqların artması ilə bağlı olaraq cinayətkarların zərərsizləşdirilməsi ilə bağlı əməliyyat başa çatıb. Ueston Rançoda yeni cinayətkar qrup müəyyənləşdirilib. Əməliyyatda həbs olunanlardan birinin fotosunu təqdim edirik".
Foto yayılandan sonra bu status 80343-dən artıq "like" alıb, 10469 dəfə paylaşılıb və 22694-dən artıq şərh yazılıb.
Fotodakı 30 yaşlı Ceremi Miks barədə təfərrüatlar bəlli olub.
Silahlı qarət və quldurluqda suçlanan Miksin məhkəməyədək azadlığa buraxılması üçün 900 min dollar məbləğində zəmanət tələb olunur.
İnternetdə "mavi gözlü sarışın" kimi tanınan Miksə heyran olanların əksəriyyəti xanımlardır. Kişilər isə Facebook-da bu xanımları sərt tənqid edir, zahiri görünüşə aldanaraq "hisslərin belə sarsaq izharına varmağı" yolverilməz hesab edirlər.
Milli.Az CBN-ə istinadən bildirir ki, "Sürüşkən oğlan" ləqəbi ilə tanınan Ceremi Miks qatildir. Onun sol gözünün altında göz yaşı formasında olan tatu ABŞ-da muzdlu qatillərin "nişan"ı sayılır. Kaliforniya ştatında fəaliyyət göstərən "Crips" bandasının üzvü olan 30 yaşlı Ceremi Misk 7 il əvvəl mütəşəkkil cinayətkar təşkilata qoşulub.
Evli, bir övladı olan Ceremi Miksin müvəqqəti qaldığı motel otağında axtarış aparan polis orada iki tapança, xeyli sayda güllə, əl qumbarası, səsboğucu və bıçaqlar aşkarlayıb.
Hazırda San-Hoakin şəhər polis idarəsinin müvəqqəti istintaq təcridxanasında saxlanan C.Miksin dindirilmə prosesi iyunun 27-də başlanacaq.
Polisdən verilən məlumata görə, Ceremi Miksin avtomobilində axtarış aparılarkən orada qeydiyyata alınmamış 0,45 çaplı Springfield Armory yarımavtomat tapançası ilə marixuana aşkarlanıb.
2002-ci ildə Solano bölgəsində oğurluğa görə tutulmuş C.Minks 2005-ci ilin aprelində Vaşinqton ştatındakı Spokan şəhərində tutulmuşdu.
Daha sonra 4 dəfə həbs olunmuş Ceremi Miksin qardaşı Emeri 2005-ci ildə qətldə suçlanaraq həbs olunub.
Kaliforniya polisinin ictimai informasiya departamentinin əməkdaşı Cozef Silvanın dediyinə görə, Ceremi Miks "Stokto bölgəsində ən təhlükəli canilərdən biridir".
Ekspertlər də C.Miksin qatil olduğuna şübhə etmirlər. Səbəb isə onun sol gözünün altındakı göz yaşı tatusudur.
"ABŞ-da belə tatunu muzdlu qatillər və ya qəsdən adam öldürənlər vururlar. Kimdənsə qisas almaq, onu öldürmək istəyən insan sol gözünün altına göz yaşı konturu formasında tatuaj edir. Həmin adam məqsədinə çatanda, "hədəf"ini öldürərək intiqamını alandan sonra həmin göz yaşının içi "doldurulur". Üstəlik, Birləşmiş Ştatlardakı həbsxanalarda belə tatunu yalandan vuran adamı çox pis, ağır "həyat" gözlədiyindən kimsə boş yerə "göz yaşı"ndan istifadə etmir", - ekspertlər bildiriblər.