Gömrükdə “Toyota Land Cruiser” qadağası

22-06-2014, 19:28   
Gömrükdə “Toyota Land Cruiser” qadağası
Gömrükdə monopoliyanın olması, ölkəyə mal idxal etmək istəyən iş adamlarının incidilməsi, xaricdən nəsə alıb gətirənlərə qeyri-qanuni olaraq maneələrin yaradılması haqda mətbuatda dəfələrlə məlumatlar yer alıb.

Həmin məlumatların hamısının məğzi budur: ölkə ərazisinə istər satış məqsədi ilə, istərsə də şəxsi istifadəsi üçün mal gətirən şəxslərin qarşısı gömrük işçiləri tərəfindən heç bir səbəb göstərilmədən alınır. Gömrük işçiləri isə bu işi özbaşına etmir. Müəyyən brokerlər tərəfindən qoyulan “qanunlar”a əsasən heç kim ölkəyə icazəsiz nəsə gətirə bilməz. Ölkə ərazisinə mal idxal edənlər ya həmin brokerlərdən icazə almalıdır, ya da həmin brokerlərin qoyduğu dövlət rüsumundan əlavə olaraq “xeyir-dua rüsumu”nu da ödəməlidir.

Gömrükdəki özbaşınalıq və monopoliya ilə bağlı növbəti şikayətçi Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəyə avtomobil gətirmək istəyən Elman Əliyevdir.

Üzləşdiyi qanunsuzluqlarla bağlı virtualaz.org saytına danışan Elman Əliyev 3 aya yaxındır ki, gömrük işçiləri tərəfindən süründürüldüyünü deyir.

Bu il martın 11-də Dubaydan 2013-cü ilin Yaponiya istehsalı olan “Toyota Land Cruiser 200” markalı maşın alan və “Aztrans” MMC vasitəsilə Azərbaycana gətirmək istəyən E.Əliyevin bu arzusu yalnız gömrüyə çatanadək davam edib. Dediyinə görə, sonra da “bu arzusu monopoliya qalasının divarlarına dəyərək çilik-çilik olub”.

“Mənə avtomobilin Azərbaycana bir həftə ərzində çatdırılacağını dedilər. Lakin 25 gün gec, aprelin 9-da çatdırıldı. Başıma gələnlər oyunlar da bundan sonra başladı. Növbəti gün avtomobili gömrük rəsmiləşdirilməsindən keçirmək üçün Avtonəqliyyat Baş Gömrük İdarəsinə müraciət etdim. Həmin idarənin rəisinin Rauf adlı köməkçisi maşının sənədlərini özümə verib dedi ki, məsələni sən həll eləməlisən” - deyə şikayətçi qarşılaşdığı özbaşınalıqdan danışır.

E.Əliyevin sözlərinə görə, idarədən ona avtomobili gömrük rəsmiləşdirilməsindən keçirmək üçün Avro-4 sertifikatı almaq lazım olduğunu deyiblər.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə” 14 yanvar, 2014-cü il tarixli, 2 saylı qərarına əsasən 1 aprel, 2014-cü il tarixindən Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələlərindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normaları tətbiq edilib.

Narazı E.Əliyev məsələ ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (SMPDK) müraciət edib. Komitənin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev onun şikayətinə baxılacağını desə də sonradan heç bir cavab verilməyib.

Məlumat üçün bildirək ki, qüvvədə olan AZS 636-2012 “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartına əsasən ekoloji sinif nəqliyyat vasitəsinin konstruksiyasına görə nəzərdə tutulmuş tullantıların səviyyəsindən asılı olaraq nəqliyyat vasitəsini xarakterizə edən təsnifat kodu hesab olunur.

Konstruksiya ilə nəzərdə tutulmuş tullantıların səviyyəsindən asılı olaraq nəqliyyat vasitələri 6 ekoloji sinifə bölünür. Standartın tələblərinə uyğun olaraq bu ilin aprel ayının 1-dən etibarən avtonəqliyyat vasitələrinin Azərbaycan ərazisinə idxalı aşağıdakı kimi həyata keçirilməlidir:

Avropa İttifaqına daxil olan - Almaniya, Böyük Britaniya, Belçika, Avstriya, Çexiya, Polşa, Hollandiya, İtaliya kimi ölkələrdən 2005, ABŞ-dan 2004, Yaponiyadan 2011, Çindən 2011, Koreyadan 2006, Türkiyədən isə 2009-cu il və daha yuxarı buraxılış ili olan maşınlar gətirilə bilər. Bu barədə məlumat SMPDK-nın rəsmi saytında da yerləşdirilib.

Bakıya gətirmək istədiyi avtomobilin Avro-4 standratlarına uyğun olduğunu deyən şikayətçi E.Əliyev bunu təsdiq etdirmək üçün Avtonəqliyyat Baş Gömrük idarəsinin Avtonəqliyyat Ekspertizası Laboratoriyasına müraciət edib. Lakin E.Əliyev burada gözlədiyindən fərqli cavab alıb.

Belə ki, o, laboratoriyaya müraciət edərkən öyrənib ki, onlar Dubaydan gələn bütün yeni maşınların Avro-4 standartlarına uyğun olmadığı fikrindədirlər.

“Laboratoriyanın Pərviz adlı rəisi dedi ki, heç bir sınaq testi keçirilməyəcək və maşın geri qaytarılmalıdır. Çünki Dubaydan gələn bütün maşınlar Avro-2 standartlarına uyğundur. Onlara yeni qəbul olunmuş AZS 636 2012 Dövlət standartının tələblərini xatırlatsam da heç bir xeyri olmadı” - deyə şikayətçi bildirdi.

Elektron gömrük xidmətlərindən istifadə edərək sertifikat almaq üçün Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinə ərizə ilə müraciət edən E.Əliyev idarədən aldığı cavaba əsasən lazımi sənədlərlə birlikdə Avtonəqliyyat Ekspertizası Laboratoriyasına yollanıb.

E.Əliyevin üzü burada da gülməyib. Hətta onu burada aldadıblar: “Laboratoriyanın Elçin Vəlizadə adlı eksperti ilə görüşdüm. O, məni aldadaraq dedi ki, biz ili 1 ilə qədər olan maşınlara rəy veririk və buna görə də mən ərizəmi dəyişdirməliyəm. Yalnız bundan sonra avtomobilin rəsmiləşdirilməsinin mümkün olduğunu dedi. Lakin rəyi alanda gördüm yazıblar ki, bu avtomobil Avro-2 standartlarına uyğundur”.

Şikayətçi deyir ki, bu rəy AZS 636 2012 dövlət standartlarını özündə əks etdirmir və heç bir sınaq testi aparılmadan verilən möhürsüz bir kağız parçasıdır.

Heç bir sınaq aparılmadan 2013-cü il modeli olan maşının Avro-2 standartlarına uyğun olması haqda yazılan rəy gömrükdə süründürülən E.Əliyevi daha da təəccübləndirib.

E.Əliyev dövlət başçısına, Nazirlər Kabinetinə, DGK-yə, SMPDK-yə şikayət ərizələri göndərdiyini söylədi.

SMPDK-ya göndərdiyi şikayət məktubundan sonra komitəyə dəvət edilən E.Əliyev komitənin Texniki tənzimləmə və standartlaşma şöbəsinin rəisi Namiq Tağıyevlə görüşüb.

Namiq Tağıyev standartlar bazasından AZS 636 2012 dövlət standartının tələblərini narazı E.Əliyevə göstərərk onun haqlı olduğunu deyib.

Dövlət Gömrük Komitəsindən isə E.Əliyevin şikayət məktubuna cavab olaraq yazılıb ki, həmin maşın Avro-3 standatlarına uyğun olduğu üçün ölkə ərazisinə buraxılmır.

DGK-nın Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabovun imzası ilə yazılan bu məktub DGK-dan ekspertiza laboratoriyasından verilən rəy məktubunu təkzib edir. Çünki rəy məktubunda avtomobilin Avro-2 standartına uyğun olduğu göstərilir.

Bu bir-birini təkzib edən məktublar şikayətçi E.Əliyevin fikirlərini bir daha təsdiq edərək avtomobillərin heç bir sınaq testindən keçirilmədən rəy verildiyini sübut edir.

Yenidən elektron gömrük xidmətləri vasitəsilə sertifikat almaq üçün Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət edən E.Əliyevin 18.04.2014 cü il tarixli 26/V1/001285 qeydiyyat nömrəli məktubuna cavab verilmir.

Xatırladaq ki, nəqliyyat vasitələri üçün uyğunluq sertifikatının alınmasına dair elektron müraciət xidməti üzrə inzibati reqlamentə əsasən sınaqların keçirilməsi 10-15 dəqiqə, sınaq protokolunun tərtibi isə 2 dəqiqədir. Bu 10-15 dəqiqəlik prosedurdan keçmək E.Əliyevə 3 aya yaxındır ki, qismət olmur.

Gömrükdə süründürülən E.Əliyev ilginc fakta da şahid olub. Onun dediklərinə görə, gömrükdə Rusiya istehsalı olan “Niva” markalı maşınlara Avro-4 standartı verilərək ölkə ərazisinə gətirilir.

“Bunların nəzərində “Niva” Avro-4 tələblərinə uyğun ola bilir, amma 2013-cü il buraxılışı “Toyota Land Cruiser 200” kimi yüksək texniki göstəricilərə malik avtomobil bu tələblərə cavab vermir. Laboratoriyanın rəisi Pərviz müəllimdən sınaq testinin indiyə qədər nə üçün aparılmamasının səbəbini soruşduqda o, mənim “ünvanı səhv saldığımı, bu maşınların artıq monopoliyaya düşdüyünü və tapşırığın birbaşa komitənin sədri Aydın Əliyevdən gəldiyini dedi” - bunu da gömrükdəki süründürməçilikdən və monopoliyadan şikayətçi olan E.Əliyev deyir.

Bütün dövlət strukturlarına müraciət etdiyini deyən E.Əliyev şikayətlərinə baxılmadığını üçün 3 aydır gömrükdə qalan avtomobilini DGK rəhbərliyinə bağışlamağa hazır olduğunu da bildirib “çünki daha başqa çarəm yoxdur” deyə əlavə etdi...

Virtualaz.org saytı olaraq DGK-dan bu məsələyə münasibət öyrənmək cəhdlərimiz isə nəticəsiz qaldı. Komitənin mətbuat xidməti adəti üzrə susur…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.