Ramiz Mehdiyevin göstərişi TV-lərə hələ də çatmayıb

22-06-2014, 19:29   
Ramiz Mehdiyevin göstərişi TV-lərə hələ də çatmayıb
Yerli telekanalların rəhbərləri Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin iradlarından görünür hələ də nəticə çıxarmayıb, daha doğrusu, buna məhəl qoymayıblar.

R.Mehdiyevin 2009-cu ilin oktyabrında dərc olunmuş “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsindən bəzi məqamları yada salaq.

“Teleradioyayımı həyata keçirən qurumun uğur qazanmasının əsas şərti balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifçilik, cəmiyyətin operativ, obyektiv və hərtərəfli şəkildə məlumatlandırılması amilləridir” - deyə R.Mehdiyev yazırdı.

Bundan əlavə, R.Mehdiyev o zaman TV rəhbərlərini tənqid də etmişdi: “Peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi kimi məsələlər teleradio qurumlarının rəhbərlərini o qədər də maraqlandırmır...”

Təəssüf ki, R.Mehdiyevin tənqid etdiyi bütün bu məqamlar reallıqdır. Ən pisi isə odur ki, PA rəhbərinin tənqidlərindən ötən 5 il ərzində Azərbaycanın efir məkanında heç nə dəyişməyib, göstərilən qüsurların aradan qaldırılması istiqamətində heç bir iş görülməyib.

Bunun nəticəsidir ki, azərbaycanlı tamaşaçılar xarici, əsasən də türk və rus telekanallarına baxmağa üstünlük verirlər. “Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri Şakir Eminbəyli də bu faktla bağlı müşahidələrini öz facebook səhifəsində yazıb.

“O gün axşam Bakıda gəzintiyə çıxmışdım. Şəhərin hər yerində, bütün çayxana, kafe və restoranlarda iri monitorlar quraşdırıblar və hər yerdə futbol üzrə dünya çempionatının oyunlarını göstərirlər. Amma hər yerdə də Rusiyanın “Спорт-1” telekanalı ilə!!!

Şübhə yoxdur ki, ölkənin hər yerində belədir. Bizim ölkənin vətəndaşlarına hansı telekanala baxmağı qadağan etmək çətindir. Amma bu ölkə axı “Azərbaycan” adlanır. Dünya çempionatının oyunlarını translyasiya etmək hüququnu yerli “İdman Azərbaycan” telekanalı alıb, bunun üçün də nəhəng məbləğdə pul ödənilib. Bəs onda azərbaycanlı teletamaşaçılar “İdman Azərbaycan”a niyə heç yerdə baxmayıb Rusiya telekanalına üstünlük verirlər?” - deyə Ş.Eminbəyli sual edir.

Ş.Eminbəyli haqlıdır. Şəxsən mən də mundilaın oyunlarına “Спорт-1” telekanalından baxıram. Çünki bu telekanalla yayılan reportajdan zövq alıram. Teleaparıcılar Vladimir Stoqnienko və ya Yuri Rozanovun şərhləri mükəmməldir. “İdman Azərbaycan” telekanalında isə bu idman şərhçilərinin səviyyəsinə uyğun bircə nəfər də yoxdur!

Xeyli tanışıma zəng vurub DÇ-2014-ün oyunlarına hansı telekanalda baxdıqlarını soruşmuşam. Hamısı bir ağızdan “Спорт-1”ə baxdıqlarını deyiblər. “İdman Azərbaycan”ın adını çəkən yoxdur. Səbəbini də belə izah edirlər ki, yerli idman şərhçilərinin danışğına qulaq asıb əsəblərini korlamaq istəmirlər.

Hər yerdə belədir. Tamaşaçılar dünya çempionatı kimi vacib idman yarışının keçirildiyi bu günlərdə yerli idman kanalından üz döndəriblər.

Bu isə qorxulu tendensiyadır. Özü də sürətlə yayılan tendensiya... Axı Azərbaycan tamaşaçılarının çoxu xəbərləri də Rusiya telekanallarından izləməyə üstünlük verir, açıq-açığına təbliğatın aparıldığı tok-şoulara baxır. Bunun nə ilə nəticələnə biləcəyini görmək üçün Ukrayna nümunəsini yada salmaq kifayətdir. Bu ölkənin şərqində yaşayan əhali elə rus telekanallarının təsiri altında öz həmvətənlərini “benderovçular”, “faşistlər” kimi qiymətlənidrməyə başlamış, rusları isə “xilaskar” kimi qəbul etmişdi.

Belə hadisələrin bizdə də təkrarlanmaması üçün yerli telekanallar öz aparıcılarının və verilişlərinin səviyyəsinin yüksəldilməsinin qayğısına qalmalıdır. Amma təəssüf ki, bunu da görmürük. Ramiz Mehdiyev bunun vacibliyini hələ 5 il öncə açıq şəkildə yazsa da...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.