Nurəddin Xocaya 5 il 6 aylıq cəza

28-03-2019, 21:11   

 


 Gəncə hadisələrinə görə daha bir sayt rəhbəri cəzalandırıldı Gəncədə sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi və Mingəçevir Su Elektrik Stansiyasında bütün ölkənin işıqsız qalmasına səbəb olan qəza haqda yazılara görə cəzalandırılan daha bir sayt rəhbərinin məhkəməsi yekunlaşıb.
Martın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Teref.info” saytının baş redaktoru, Qarabağ müharibəsinin iştirakçısı, "Bozqurd” batalyonunun komandiri Nurəddin İsmayılova (Xoca) hökm oxunub. Hakim Zeynal Ağayevin sədrliyilə çıxarılan hökmə əsasən, N.Xoca saytındakı yazılar vasitəsilə dövlət əleyhinə çağırışlar yaymaqda, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığında təqsirli bilinərək, 5 il 6 ay azadlıqdan məhrum edilib. Lakin məhkəmə ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsinin tətbiq edib. 5 il 6 aylıq cəza iki il sınaq müddəti təyin edilməklə, şərti hesab olunub.
Məhkəmə həm N.Xoca son sözündə, həm də vəkili Elçin Sadıqov müdafiə çıxışında bəraət hökmü çıxarılmasını istəyib. N.Xoca bildirib ki, onun rəhbərlik etdiyi saytdakı yazılardan kimlərinsə həyəcanlanması barədə ittihamda yazılanlar yalandır. Gəncə hadisələrindən sonra mediada yazılanlarla əlaqədar Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb, "criminal.az", "bastainfo.az" və "teref.info"nun baş redaktorları istintaqa cəlb olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə çağırışlar), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Hər üç sayt rəhbərinə 5 il 6 ay şərti cəza verilib.

//criminal.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar