OLİQARXLA HAKİM BİRLƏŞİB ŞƏHİD AİLƏSİNİN EVİNİ ƏLİNDƏN ALDI – İş adamının ittihamlara cavabı + FOTOLAR (Yenilənib)

29-03-2019, 17:21   




 

İsfəndiyar Axundov: “Kamran MMC” ilə nə şərikliyim olub, nə də onlara aidiyyətim var”
Ölkənin ən böyük tikinti maqnatlarından olan “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov haqqında ölkə mətbuatında yenidən ittiham dolu yazı dərc olunub. Jurnalist Aida Eyvazlının sosial şəbəkədə paylaşdığı status əsasında hazırlanan materiallarda bildirilir ki, İsfəndiyar Axundovun şikayəti əsasında aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus ev əlindən alınıb.
Musavat.com-a açıqlama verən İsfəndiyar Axundov yayılan məlumatları təkzib edib. O, bildirib ki, indiyə qədər Azərbaycan Respublikasının qanunlarından kənara çıxan heç bir addım atmayıb: “Bu məsələnin əslində mənə heç bir aidiyyəti yoxdur. Həmin adamları da aldadan “Kamran MMC”nin işçiləri olublar. Hazırda qeyd edilən MMC-nin sahibi həbsdədir. Məsələni daha dəqiq formada izah etsək, proses aşağıdakı kimi olub. Belə ki, 11 il bundan öncə şikayətçilər ev alıblar. Elə həmin zaman da məhkəmə qərar çıxarıb ki, verilən sənədlərin hamısı saxtadır. Sənədi verən insanlar həbs edilib, hazırda da türmədə yatırlar. 11 ildən sonra zərərçəkən ailə müraciət edir ki, mənim saxta sənədimi hakimlər düzgün sənəd kimi bərpa etsinlər. Hələ 11 il bundan öncə rayon məhkəməsi, Apelyasiya Məhkəməsi və Ali Məhkəmə qərar qəbul ediblər ki, sənədlər saxtadır. Qanunu geriyə qaytarmaq olarmı? Deyim ki, həmin zaman aprel döyüşləri olmamışdı. İndi aprel döyüşlərində şəhid olan qardaşımızın qayınatası deyir ki, kürəkənim aprel ayında şəhid olub. Şəhidlər bizim inanc yerimizdir, ümidimizdir. İnsanların hər zaman and içdiyi qibləmizdir şəhidlər. Ancaq eyni zamanda bu dövlətin qanunu var. Qanunla mənim sənədlərimin hamısı qaydasındadır. Sadəcə olaraq burada yanaşma fərqlidir. Haradasa məsələdə sui-istifadə, başqa məqsədlər var”.
İ.Axundov bildirib ki, sözügedən bina ona məxsus deyil: “İnternetdə axtarış versəniz görərsiniz ki, “Kamran MMC” 98 mənzili 270 nəfərə satıb. Binanın inşası isə yarımçıq qalmışdı. Dövlət mənə tapşırdı ki, binanın inşasını davam edim. Mən də binanı tikib, siyahı ilə camaatı yerləşdirdim. Burada mənim nə günahım var? “Kamran MMC” ilə nə şərikliyim olub, nə də onlara hər hansı aidiyyətim var. Əksinə, MMC-nin işçiləri camaatı aldatmışdı, mən isə onlara yardım etdim. Deyim ki, MMC-nin rəhbərlərinin hamısı orqan işçiləri idi. Ən maraqlısı da odur ki, camaata verdiyi müqavilələrin yuxarı hissəsinə “Bismillahir Rəhmanir-Rəhim” sözləri yazılıb. Qanuni sənədə bunu yazmaq olarmı? Bu sənədlə çıxarış almaq mümkündürmü? Elə ilk baxışdan görünür ki, MMC-nin camaata verdiyi sənədlər saxtadır. İndi MMC-nin sahiblərinə 14-17 il iş veriblər. Görünür bu adamlar da düşünürlər ki, mənə təzyiq edib, qorxutmaqla nə isə əldə edəcəklər. Xeyr, bu, olası bir şey deyil. Qanun nədirsə, mən onunla hərəkət edirəm. Deyirlər ki, aprel ayında kürəkənim rəhmətə gedib, sən də qanunu dəyiş. Ev əslində şəhidimizin qayınatasının adınadır. 11 il öncə verilən qanunu necə dəyişmək olar? Məlumat yayıblar ki, İsfəndiyar Axundov məhkəmədə qalib gəlib. Bu da yalandır. Mənim bu məsələyə heç bir aidiyyətim yoxdur. Sadəcə olaraq mən binanı tikmişəm. Binanı satanlar bu gün həbsxanada yatırlar. Ona görə xahiş edirəm, mənim adımı mətbuat səhifələrində yalan yerə hallandırmasınlar. Reallıq nədirsə, onu yazmaq lazımdır”.
***
Bu günlərdə Ali Məhkəmə “Şərurlu İsfəndiyar” kimi tanınan oliqarx, tikinti maqnatı İsfəndiyar Axundovun iddiası əsasında 2016-cı ilin aprel müharibəsində xüsusi təyinatlıların canını vətənə qurban vermiş polkovnik-leytenantı Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqda qərar çıxarıb.Virtualaz.org xəbər verir ki, bu qərar sosial şəbəkələrdə və ictimaiyyətdə haqlı olaraq həm qərarı çıxaran hakimlərə, həm özünün tikinti maxinasiyaları və dələduzluqları ilə ad çıxarmış şərurlu oliqarxa qarşı hiddət yaradıb.

Məsələ belədir ki, bir neçə il əvvəl xüsusi təyinatlı zabitimiz Sənan Axundov “Kamran” MMC adlı tikinti şirkətinin Bakıda inşasına başladığı çoxmərtəbəli binadan 50 kvadaratmetrlik mənzil sahəsi alıb. Daha sonra tikinti yarımçıq qalıb, “Kamran” MMC-nin rəhbərliyi  barəsində dələduzluğa görə cinayət işi başlanılıb. Və 11 mərtəbəsi tikilmiş yarımçıq binanı “Şərurlu İsfəndiyar” alıb. Oliqarx daha  5 mərtəbə inşa edib və binadan mənzil alanlara şərt qoyub ki, onlar aldıqları mənzillərə görə yenidən əlavə vəsait ödəməli olacaqlar.

 

Şəhid polkovnik-leytenant
Zabit Sənan Axundov bu şərti qəbul etməyib, sağlığında məhkəmə iddiası qaldıraraq 50 kvadratmetrlik mənzil sahəsi üzərində mülkiyyət hüququnu tanıyan qərar çıxarılmasına nail olub. Lakin Sənan Axundov aprel döyüşlərində şəhid olanda “Şərurlu İsfəndiyar” fürsəti əldən verməyib və həmin mənzil sahəsini ələ keçirmək üçün şəhidin ailəsinə qarşı məhkəmə iddiası qaldırıb. Əlbətdə, xirtdəyinə qədər korrupsiyalaşmış hakimlər zəngin oliqarxın istədiyi qərarı çıxarıblar və mənzil sahəsi üzərində hüququn onun şirkətinə məxsus olduğunu tanıyıblar.

Məhkəmə çəkişməsinin davam etdiyi vaxtlarda şəhid Sənan Axundovun ailəsi bir neçə dəfə həmin mənzil sahəsində təmir-bərpa işləri aparıblar. Lakin oliqarxın  qoçuları hər şeyi alt-üst ediblər. Nəhayət Ali Məhkəmə də oliqarxın xeyrinə qərar çıxarıb. Beləliklə, şəhid zabitin sağlığında öz maaşından kəsib pulunu ödədiyi mənzil sahəsi onun ailəsinin əlindən alınır.
Bu məhkəmə çəkişməsində “Şərurlu İsfəndiyar”ın xeyrinə olan dəlillərin nə dərəcədə tutarlı olması bir yana, hiddət doğuran odur ki, illərdir şəhərin arxitekturasının korlanmasında, kortəbii tikintilərin baş alıb getməsində və hər cür tikinti dələduzluqlarında böyük xidmətləri olan, nəticədə nəhəng sərvət toplayan, özünün dediyi kimi cəmi 4 sinif bitirmiş bu qudurğan oliqarx canını vətən uğrunda qurban vermiş zabitin ailəsinə məhkəmələrin əli ilə divan tutmağa qalxıb.

 

 “Google”də bu oliqarxın adını yazan kimi onun adının hallandığı dələduzluqlar, tikinti maxinasiyaları və digər qanunsuzluqlar barədə saysız-hesabsız şikayətlər qarşıya çıxır. Bu oliqarx həm də dəbdəbəli “Hollivud” şadlıq sarayının və çoxsaylı digər kommersiya daşınmaz əmlakın sahibidir. “Şərurlu İsfəndiyar”ın törəmələri də özü kimi cəmiyyətə açıq-aşkar hörmətsizlik, saymamazlıq nümayiş etdirmələri ilə tanınır. Onun oğlu vaxtaşırı olaraq sosial şəbəkələrdə özünün çoxsaylı superkarlardan ibarət maşın kolleksiyasını nümayiş etdirir, yaxud dollarla doldurulmuş hamam vannasında “üzür”.

 

Şərurlu oliqarxın harın oğlu 

Şərurlu oliqarxın harın törəmələrinin kolleksiyasında yer alan avtomobillərin hamısının dövlət nömrə nişanı nəyə görəsə eynidir-10 LN 200.
Kolleksiyaya daxil olan avtomobillərin arasında qiyməti 650 min dolardan baha olan “Lamborghini Aventador”, 350 min dollar dəyəri olan “Ferrari 458 Speciale”, “Mercedes”, “Maseratti”, “Audi” kimi bir çox markaların lüks modellər yer alır.
Böyük ehtimalla bu qudurğan heç hərbi xidmətdə də olmayıb. Çünki onun cəmi 18 yaşı olanda şəhərdə “Lamborghini” ilə şütüyürdü və belələri ilə səngərdə qarşılaşmaq heç ağlabatan deyil. Şəhid zabitin ailəsinin əlindən 50 kvadratmetrlik mənzil sahəsini korrupsiyalaşmış hakimlərin vasitəsi ilə alan şərurlu oliqarxın bu harın övladını cəbhənin Murov, yaxud Ağdərə istiqamətinə xidmətə göndərsələr görəsən neçə gün dözə bilərdi?
Polkovnik-leytenant Axundov isə xüsusi təyinatlı kimi illərdir vətən yolunda hər cür məşəqqətə dözdü, nəhayət 2016-cı ilin aprelində düşmənin müdafiə xəttini darmadağın edərək şəhid oldu. Ona görə şəhid oldu ki, hansısa 4 sinif bitirmiş və harınlamış oliqarx onun ailəsinə divan tutsun?

 

Şəhid zabit və ailəsi
 Əlbətdə, ümid var ki, müvafiq orqanlar şəhid zabitin ailəsinə qarşı bu misli görünməmiş əclaflığın qarşısını hansısa yolla alacaqlar. “Şərurlu” üçün isə ən yaxşı tənbeh tədbiri bu olardı ki, onun Bakı küçələrində “Lamborghini” ilə şütüyən, günü gecə barlarında, eyş-işrətdə keçən törəməsi şəhid zabitin döyüşdüyü yerlərə hərbi xidmətə göndərilsin… (virtualaz.org)
   
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar