YAP-dan 91-lər təşkilatının bərpa təşəbbüsünə — REAKSİYA
30-03-2019, 17:05
Ötən gün Milli Məclisin keçmiş deputatı, əməkdar jurnalist Rizvan Cəbiyev YAP-ın əvvəlki üzvlərinin bir yerə yığışması ideyası olduğunu bildirmişdi. “Hazırda "91-lər" Hərəkatı mövcuddur, bizim onun adını alıb, bu gün sağ qalan "91-lər"in təşkilatını yaratmaq fikrimiz var. Güman edirəm ki, ideyamız bu il həyata keçəcək və ya keçə bilər”- deyə R.Cəbiyev qeyd etmişdi.
Bununla bağlı Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şuranın üzvü, deputat Aydın Mirzəzadə “Yeni Sabah”a açıqlama verib.
O bildirib ki, “91-lər” Hərəkatı Heydər Əliyevin böyük siyasətə qayıdışında iştirak edən fəal siyasi qüvvə idi:
“Məqsəd məhz Heydər Əliyev faktorundan Azərbaycanın problemlərinin həllində maksimum istifadə etməkdən ibarət idi. Bu insanların bir çoxu məhz Heydər Əliyevə görə tanındı. Baxmayaraq ki, ziyalı idilər, öz sahələrində tanınırdılar. Həm ulu öndər, həm ondan sonra Heydər Əliyevin razılığı ilə yaranan Yeni Azərbaycan Partiyası həmişə 91-lərin o vaxtkı təşəbbüsünə çox böyük qiymət veriblər”.
A.Mirzəzadə qeyd edib ki, bu gün “91-lər” Hərəkatı YAP-ın ən fəal üzvləridir:
“Partiyanın gündəlik fəaliyyətində aktiv iştirak edirlər və onların təcrübəsindən maksimum istifadə edilir. Bəlkə yeni bir “91-lər” yaratmaq fikri ortaya çıxır, bundan xəbərim yoxdur. Amma vaxtilə Heydər Əliyevə müraciət edən “91-lər” bu gün də YAP sıralarındadır və partiyanın, cənab prezidentin apardığı siyasəti hər yerdə aktiv şəkildə müdafiə edirlər”.