“Kəmaləddin Heydərov eyni sözləri Mingəçevir yarımstansiyası yananda da demişdi ki, “bizim yazılı xəbərdarlıqlarımız olub, o xəbərdarlıqlara əməl edilməyib”. İndi də təxminən eyni sözləri təkrar edir. Amma bu, həmin nazirin yarım fərdiləşdirilmiş sistemə malik olan bir nazirlikdir və göründüyü kimi, onun kurasiya etdiyi sahədə baş verən hadisələr niyyətli hadisələrdir və ölkə üzrə fəsadlara səbəb olur”. “Yeni Sabah” xəbər verir ki, bunu Hurriyyet.org-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. O, bildirib ki, necə ki, Mingəçevirdə olan hadisə səbəbindən bütün paytaxt qaranlığa qərq olundu, ölümlə müşayət olundu, indi də təxminən minə yaxın ailədən çox adam dolanışıqsız qalıb, iş yerini itirib. “Mənim fikrimcə, bu adam prezidenti aldadır, yalan məlumat verir. Çünki yazılı xəbərdarlıq məktublarına cavab verilməyən zaman həmin nazirliyin səlahiyyəti var ki, bu mərkəzin fəaliyyətini dayandırsın. Çünki onların səlahiyyətləri genişdir. Əgər müvafiq qurum yazılı xəbərdarlığa cavab verimirsə, göstərişləri icra etmirsə, deməli, o qurumun fəaliyyəti dayandırılmalıdır. Əgər bu qurumun fəaliyyəti dayandırılmırsa, deməli, burada məhz həmin nazirliyin öz funksiyalarını ica etməməsi, səhlənkarlığı var.
Baxın, həmin nazir Mingəçevir hadisəsində eyni bəyanatı verir. Etibar Pirverdiyevə deyir ki, biz onlara xəbərdarlıq etmişdik. “Azadlıq” prospektində bina yananda deyir ki, “biz bu materialları istehsalata götürən zaman bunlara sertifikat vermişik, o vaxtı keyfiyyətli materillar idi, binanın üstünü örtən zaman isə saxta materiallardan istifadə olunub”.
Amma həmin müşavirədə demir ki, biz o binaların istismara verilməsi zamanı istismar aktı imzalayırıq. İstismar aktının da imzalanmasına və örtük materillarının keyfiyyətinə də həmin istismar aktını imzalmaqla bu nazirlik üzərinə məsuliyyət çəkmişdi. İndi də bu “Diqlas” ticarət mərkəzində yanğınla bağlı “bizim məktublarımıza cavab vermədilər” kimi bəsit bəyanatla altından çıxmağa təşəbbüs göstərməklə,
ya prezidenti aldadır, ya da ki, görüntü yaratmağa çalışır ki, guya, fəaliyyətdədirlər. Bu, məsuliyyətdən yayınmaqdan başqa bir şey deyil”.“Sözügedən nazirin bu tip bəyanatları olduğu halda, yəni qeyd etdiyiniz kimi prezidenti aldatdığı ortada olduğu halda nə üçün K.Heydərovla bağlı ölçü götürülmür” sualına Ə. Əliyev belə cavab verib: “Mən deyə bilmərəm ki, o adam prezidenti aldadırsa, prezident özünü aldadılmış kimi göstərir. Onu müəyyən etmək mənim üçün çətindir.
Əgər mən uzaqdan uzağa burada yalan təqdimatları görürəmsə, onu yaxından prezident görməyə bilməz”.