AXCP sədri Əli Kərimli Facebook səhifəsində Əbülfəz Elçibəydən yazıb:
Bu gün Əbülfəz Elçibəyin doğum günüdür. Yaşasaydı 76 yaşı olacaqdı. Təəssüf ki, bu dünyanı çox tez tərk etdi. Cəmi 62 il yaşadı. Amma bu 62 ili elə yaşadı ki, adı Azərbaycan tarixinə şərəflə yazıldı. Hətta onu istəməyənlər də onun xalqımız qarşısında böyük xidmətlərini inkar edə bilməz. Kim inkar edə bilər ki, millətimizin yenidən özünüdərkində, milli şüurumuzun formalaşmasında Elçibəyin müstəsna xidməti olub? Kim inkar edə bilər ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasına nail olmuş hərəkatın şəriksiz lideri Əbülfəz Elçibəy olub? Kim inkar edəcək ki, Əbülfəz Elçibəy prezidentlik dövründə təmiz işləyib, rüşvət almayıb? Onun xalqımıza təmənnasız sevgisini necə, kimsə şübhə altına ala bilərmi? Təkcə bu saydıqlarım bir şəxsiyyətə hörmətlə yanaşmaq üçün kifayət deyilmi?
Bu gün Əbülfəz Elçibəyin xatirəsini Fəxri Xiyabanda yad etdik.
Allah Əbülfəz Elçibəyə rəhmət etsin!