Müdafiə Nazirliyində sənədləri yandırıblar
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli (Məmmədov) müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonundakı hərbi hissəsinin komandiri polkovnik-leytenant Raquf Orucovu məhkəməyə verməyə hazırlaşır. Bu barədə Teleqraf.com-a məlumat verən C.Sümərinli qeyd edib ki, hazırda məsələ ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi hazırlayır. Onun sözlərinə görə, iddiaya səbəb Müdafiə Nazirliyinə və sözügedən hərbi hissəyə bir müddət öncə ünvanladığı müraciətin təmin olunmamasıdır. C.Sümərinli 1998-2000-ci illərdə Ağstafa və Ağdam rayonlarındakı hərbi hissələrdə hərbi xidmət dövründə təmin olunmadığı əşya-əmlaka görə təzminat ödənilməsini tələb edir: “Təzminatın ödənilməsi üçün Müdafiə Nazirliyi məni arayışla təmin etməlidir. Amma bu günə qədər həmin arayış təqdim olunmayıb”.
C.Sümərinli deyib ki, bu gün Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi Azad Əsədov və Ağdamdakı hərbi hissənin komandiri polkovnik-leytenant Raquf Orucovun imzası ilə təqdim olunan iki ayrı-ayrı məktublarda qeyd olunur: “Vətəndaş Məmmədov Cəsur Məzahir oğluna əşya əmlakın əvəzinə pul kompensasiyası təqdim edə bilmirik. Çünki Müdafiə Nazirinin 26.12.2006-cı il tarixli 0150 saylı əmrinin tələblərinə müvafiq olaraq hərbi hissənin daxili yoxlama komissiyasının 02.08.2010-cu il tarixli 338 saylı aktı əsasında 30.12.2008-ci il tarixədək istifadə müddəti başa çatmış şəxsi istifadədə olan maddi vəsaitlərin uçotu kartları (forma 45) yandırma yolu ilə məhv edilmişdir”.
Mərkəz rəhbəri deyib ki, Müdafiə Nazirliyi sənədləri yandırmaqla ona ünvanlanan müraciətləri cavabsız qoyur. C.Sümərinli bildirib ki, qeyd edilən məsələ ilə əlaqədar hələ 2009-cu il və 2010-cu ilin əvvəllərində Müdafiə Nazirliyinə müraciət etsə də, nazirlik onun məktublarını cavabsız qoyub. O, Müdafiə Nazirliyinin ona göndərdiyi cavab məktublarında əks olunan məlumatların nazirlikdə Səfər Əbiyev dövrünə xas idarəetmə qaydalarının hələ də hökmranlıq etdiyini göstərir. “Ümid edirdim ki, Səfər Əbiyev dövründən fərqli olaraq yeni rəhbərlik keçmiş hərbçilərin məktublarına, müraciətlərinə diqqətlə yanaşacaq və onların problemlərini həll etməyə çalışacaqlar. Amma göründüyü kimi, heç nə dəyişməyib və bu səbəbdən məhkəməyə müraciət etməkdən başqa yolumuz qalmayıb.
Belə qanunsuzluqlarla üzləşən təkcə mən deyiləm, onlarla ehtiyatda olan zabit və gizir oxşar vəziyyətlə üz-üzədirlər. Yaxın günlərdə həmin şəxslərlə birlikdə mətbuat konfransının keçirilməsi mümkündür”.