“Əgər görülən tədbirlər fayda verməzsə ən axırda təbii olaraq Qənirə Paşayevanın təklifini dəyərləndirmək olar”
“Qənirə xanım daima ön cəbhədə camaatın yanında olan şəxsdir. Həmin insanlara ürəyi ağrıdığı üçün də təbii olaraq bu təklifi irəli sürüb. Tovuz rayonunda son illərdə insanların yaralanması, mülki şəxslərin girov götürülməsi, oyuncaqların içərisinə partlayıcı yerləşdirib çaylara buraxılması kimi halları gördükcə Qənirə xanımın narahatçılığı başa düşüləndir”.
Bu sözləri hərbçi-ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov millət vəkili Qənirə Paşayevanın cəbhə bölgəsinin Tovuz istiqamətində əhalinin yaşadığı ərazilərin hasarlanmasına dair Milli Məclisdəki çıxışına münasibət bildirərkən qeyd edib.
Müsahibin sözlərinə görə, Ermənistanla müharibə şəraitində olduğumuza görə və Ermənistan bizim ərazi bütövlüyümüzü tanımadığına görə, nəyin ki Qarabağda eləcə də Ermənistanla bilavasitə sərhəd zonalarında hər hansı bir sərhəd tanınması olmayıb:
“Amma təbii olaraq bizim sovet dövründən qalma xəritələrdə bizim zonamızın hardan keçdiyi məlumdur. Bizim sərhəd bölgəsində yaşayan vətəndaşlarımızın həyatının təhlükəsizliyi bizim üçün bir nömrəli məsələdir. Ona görə də Azərbaycan istər Tovuzda, istər Qazaxda istərsə də Gədəbəy ərazisində daima təhlükəsizlik tədbirlərini görür. İndinin özündə də Tovuzda belə hallar baş verirsə həmin atəş nöqtələri susdurulmalıdır. Ən əvvəl diplomatik cəhdlər olmalıdır ki, bunlar olsun. Təbii bütün dünyaya bəyan olunmalıdır ki, vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün hər şeydən önəmlidir. Bütün tədbirlər görülməlidir ki, bu halların qarşısı alınsın.”
Sonda Tərlan bəy bildirdi ki, əgər görülən tədbirlər fayda verməzsə ən axırda təbii olaraq Qənirə Paşayevanın təklifini dəyərləndirmək olar:
“Bütün tədbirlər və vasitələrdən istifadə olunmalıdır ki, bizim orada olan vətandaşlarımızın sakit, sağlam həyatı təmin edilmiş olsun.” (azadxeber.net)