Azərbaycan tərəfi sənədin geri götürülməsini istədi, ermənilər isə mövzunu dəyişməyə cəhd göstərdi
İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası başlayıb.
Müxtəlif ölkələrdən olan 300-ə yaxın parlamentarinin iştirak etdiyi beşgünlük sessiyada insan hüquqları, demokratiya, iqtisadiyyat, elm, ətraf mühitin qorunması, ATƏT regionunda ekstremizm, radikalizm, ksenofobiya, Ukraynadakı böhranla bağlı müzakirə və debatlar keçirilir.
Sessiyada Ermənistandan da 5 deputat iştirak edir.
Sessiyaya Azərbaycandan 6 deputat qatılıb - Eldar İbrahimov, Azay Quliyev, Bahar Muradova, Rəbiyyət Aslanova, Fəttah Heydərov və Ağalar Vəliyev.
Sessiyada ilk olaraq ATƏT PA-nın sədri Ranko Krivokapiç çıxış edib. O gündəliklə bağlı məlumat verib. Bundan sonra bir sıra ölkələrdən olan deputatlar bəzi suallar veriblər.
Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova Qarabağ münaqişəsi ilə bağlı ATƏT PA-nın fəaliyyətinin o qədər də yetərli olmadığını bildirib: «Bizim gündəlikdə Ukraynadakı böhranla bağlı məsələ var və biz bu məsələni müzakirə edəcəyik. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu məşğul olur. Hesab edirəm ki, bu məsələdə ATƏT PA-nın fəaliyyəti zəifdir. ATƏT PA-da bu sahədə fəaliyyətini artırmalıdır».
ATƏT PA sədri Bahar Muradovanın bu fikri ilə razılaşdığını bildirib. Qurumun bu sahədə fəaliyyətinin artırılmasına ehtiyac olduğunu deyib.
Sessiyada ATƏT PA-nın 2014-2015-ci il üçün büdcəsi də qəbul edilib.
Regional konfliktlərdən yalnız Krımın yer aldığı sənəd
Finlandiyadan olan məruzəçi Pta Kauman ATƏT PA Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsi üçün hazırladığı «Silahlı qüvvələr üzərində nəzarət və Venesiya sənədi» adlı məruzəsini təqdim edib. «Soyuq müharibənin başa çatmasından sonra yeni hərbi fəaliyyət və yeni silah sistemləri ilə bağlı yeni təhdidlər yaranıb», - deyə məruzədə bildirilir.
Sənəddə deyilir ki, terrorizm, kibermüharibə, pilotsuz uçuş aparatları və bu aparatlardan istifadə müasir siyasətdə daha böyük aktuallıq kəsb etməyə başlayıb və yeni reaksiya imkanları tələb edir. Eyni zamanda mümkün kiberhücumlar insan həyatı və hüquqlarının toxunulmazlığına daha böyük təhlükələr yaradır.
Məruzədə vurğulanır ki, ordunun sayı və maddi təminat üçün xərclənən vəsait əvvəlki əhəmiyyətini itirib. Artıq bir kiberhücum bütün ölkəni iflic durumuna salmaq imkanındadır, döyüş tankları və digər texnikalar bunun qarşısında acizdir.
Sənəddə regional konfliktlərin ATƏT üçün əlavə problemlər yaratdığı qeyd edilib. Dağlıq Qarabağ, eləcə də Gürcüstan və Moldova ərazisindəki münaqişələrə toxunulmadığı məruzədə Rusiyanın Krımı ilhaq etməsinə geniş yer ayrılıb. Məruzədə vurğulanır ki, Rusiyanın Krımı birtərəfli özünə birləşdirməsi bütün beynəlxalq qaydaları və müstəqil ölkələrin suverenliyini təhlükə altında qoyub: «Krım Muxtar Respublikasında və Sevastopolda keçirilən referendum Ukrayna tərəfindən sanksiyalaşdırılmayıb, buna görə də qanuni qüvvəsi yoxdur. BMT Baş Assambleyası da martın 27-də qəbul etdiyi qətnamədə Ukraynanın ərazi bütövlüyünə riayət edilməsinin zəruri olduğunu vurğulayıb. ATƏT bütün tərəflər arasında vasitəçiliklə bağlı missiyanı yerinə yetirən orqan kimi bu rolu öz üzərinə götürməlidir. ATƏT yenə də təhlükəsizliyin, şəffaflığın səviyyəsinin artırılması sahəsində öz rolunu təsdiqləmək potensialına malikdir».
Bahar Muradova Ben Kardinin təklifinə qarşı
Sessiya çərçivəsində keçirilən Daimi Komitənin iclasında münaqişələrlə bağlı hissədə ATƏT PA-nın prezidenti Ranko Krivokapiç ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini, senator Benjamin Kardinin Ukrayna məsələsi ilə bağlı Rusiya əleyhinə sessiyaya təqdim etdiyi qətnamə layihəsini müzakirəyə çıxarıb.
Qətnamə layihəsində Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti pislənilir, dərhal Krımın azad olunması tələb olunur, əks halda Rusiyaya ciddi sanksiyaların tətbiq edilməsi nəzərdə tutulur.
İclasda qətnaməyə ilk reaksiya Azərbaycandan gəlib. Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova qətnamə layihəsinə etiraz edib. B. Muradova qeyd edib ki, münaqişələr mövzusunda belə qətnamənin qəbulu ədalətsizdir: “Regionda konfliktin həlli ilə bağlı qətnamə qəbul ediriksə, regiondakı bütün münaqişələr nəzərdə tutulmalıdır. Niyə Dağlıq Qarabağ münaqişəsini unudursunuz? Onsuz da 22 ildir, məhz ABŞ da daxil olmaqla ATƏT bir nəticəyə gələ bilmir. İndi niyə bunun üstündən susqunluqla keçib, birtərəfli qətnaməni müzakirəyə çıxarırsınız? Mən dəfələrlə cənab Kardinə bildirmişəm ki, ABŞ-ın Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək üçün ciddi addımlar atmalıdır. Biz Azərbaycan olaraq 22 ildir, işğal olunmuş ərazilərimizin geri qaytarılmasını gözləyirik və məhz sizdən gözləyirik. Bir milyondan artıq qaçqın və məcburi köçkün sizi gözləyir. Biz belə bir qətnamənin həllini 22 ildir gözlədiyimiz halda, siz bizim ölkədə yenə də bunun üstündən keçib, sırf yeni konfliktlə bağlı birtərəfli qətnamə qəbul edirsiniz. Biz düşünürük ki, regionda mövcud konfliktlərin, yeni yarana biləcək konfliktlərin qarşısını almaq üçün ATƏT-in addımlar atmaq şansı yaranıb. Ona görə də biz təklif və tələb edirik ki, cənab Kardin ya bu qətnaməyə bütün konfliktləri salsın, burada əks olunacaq müddəalar balanslı şəkildə Azərbaycanın, Gürcüstanın, Ukraynanın və Moldovanın maraqlarını əhatə etsin, ya da bu sənədi geri götürüb, üzərində işləyib, yubileyinə hazırlaşdığımız “Helsinki+40” tədbirində müzakirəyə təqdim etsin. Bu qətnamə layihəsi indiki halda məhdud məzmunludur, birtərəflidir və regiondakı konfliktləri tam əhatə etməyib. Ona görə də indiki halda sənədin qəbulunun tam əleyhinəyik”.
Ukraynanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Oleq Zarubunski isə bildirib ki, beynəlxalq hüquq haqqında danışanda dərin hüquqşünas olmaq lazım deyil: “Ukraynadan ətrafda da konfliktlər var. Beynəlxalq prinsiplərin birbaşa pozulmasına reaksiya verməyəcəyiksə, o zaman bura niyə yığışmışıq? Rusiya tərəfindən beynəlxalq hüququnun norma və prinsipləri pozulub. Biz buna göz yumacağıqsa, niyə işləyirik? Dağılışaq ölkələrimizə, sonumuzu gözləyək”.
Rusiya əleyhinə qətnamə layihəsi müzakirəyə çıxarıldı
Sessiyanın gündəliyinə Helsinki prinsiplərinin Rusiya Federasiyası tərəfindən pozulmasına dair qətnamə layihəsi və əlavə bənd təklif edilib. Sənədin müəllifi ABŞ-ın ATƏT PA-da təmsilçisi, senator Benjamin Kardindir.
Layihədə qeyd olunur ki, ATƏT PA Ukrayna ilə bağlı Helsinki prinsiplərinin Rusiya Federasiyası tərəfindən aşkar və kobud şəkildə pozulmasını, bu ölkənin suverenliyinin və ərazi bütövlüyünün xüsusilə görünməmiş dərəcədə pozulmasını pisləyir. Assambleya hesab edir ki, 2014-cü il martın 16-da Krımda keçirilən referendum legitim deyil və qanunsuz aktdır. Bunun nəticəsinin heç bir hüquqi qüvvəsi yoxdur.
Layihədə ATƏT ölkələri Krımın anneksiyasını tanımaqdan imtina etməyə çağırılır. Rusiyanın nəzarətində olan qüvvələrin Ukraynaya silahlı müdaxiləsi pislənilir. Sənəddə Rusiya çağırış edilir ki, Ukraynaya müdaxiləyə son qoysun, bütün ATƏT ölkələri ilə münasibətlərini Helsinki prinsiplərinə uyğun qursun.
Qətnamənin müzakirəsi zamanı söz alan erməni deputatlar gözlənilmədən mövzunu dəyişiblər. Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan qətnamədən çox Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını inkar edərək, münaqişənin həlli üçün Azərbaycanı Dağlıq Qarabağın separatçı rejimi ilə danışıqlara çağırıb. O, səs tonunu qaldıraraq zalda ajiotaj yaradıb. Əsəbi halda çıxış edən erməni deputat münaqişənin həllində Azərbaycanı ATƏT-in Minsk Qrupunun üzvləri arasında daha çox ABŞ-a güvənməkdə ittiham edib.
ATƏT PA-nın prezidenti Ranko Kirovokapiç A.Geqamyana gündəlikdəki qətnaməni xatırlatsa da, o, yenidən bu qətnamədəki mövzuya - Ukrayna məsələsi və digər paralel münaqişələrin həllinə toxunmayaraq, xalqların öz müqəddəratını təyin etməsi məsələsini ortaya atmağa cəhd edib.
Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə 22 ildir işğal olunmuş torpaqları, bunun fəsadlarını görməməyi “qumdan başı yeni çıxan kor dəvəquşuya” bənzədib. O, A.Geqamyanın əsəbi çıxışına və vaxtından tez saçının tökülməsinə işarə vuraraq deyib: “Burada bayaq ürək tutmasından danışıldı. İnsan ürək tutmasından həkimə gedir, çünki ağrı var. Amma bir də var saç tökülməsi. Bunun ağrısını hiss edən yoxdur. Bizim torpaqları işğal edənlər də bunu saç tökülməsi kimi qəbul edirlər, ağrını hiss etmirlər. 22 ildir faktiki torpaqlar işğal altındandır, kor dəvəquşu kimi bunu görməmək olmaz!”.
***
İyulun 1-də sessiyada Ukraynadakı böhranla bağlı xüsusi müzakirə olacaq.
Sessiyasının sonuncu günü, iyulun 2-də siyasi, təhlükəsizlik, insan hüquqları və iqtisadi məsələlərlə bağlı tövsiyələrin yer aldığı yekun Bakı Bəyannaməsi qəbul ediləcək