AŞPA-nın yay sessiyasında nələr baş verib?

28-06-2014, 16:10   
Elxan Süleymanov:“Ermənistandan və Azərbaycandan xüsusi şəkildə hazırlanıb yay sessiyasına göndərilən adamlar eyni maraqdan çıxış edirdilər”
Bizimyol.info-nun verdiyi məlmata görə, bu gün Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Elxan Süleymanov AŞPA-nın 23-27 iyun tarixlərində Strasburqda keçirilən yay sessiyasının yekunları ilə bağlı mətbuat konfransı keçirdi.
O bildirdi ki, bu sessiyada Azərbaycanla bağlı iki mühüm məsələ müzakirə olunub: “1. Ermənistan tərəfdən Azərbaycan torpaqlarının işğal olunması və işğalçıya qarşı sanksiyaların tətbiq olunması; 2. Azərbaycanda insan haqqları”.
E.Süleymanov hesab edir ki, deputat Mayk Maknamaranın sessiyada təqdim etdiyi "Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqları ilə bağlı nə edilməlidir?” qətnamə təklifini qərəzli şəkildə təşkil olunmuş kampaniyanın tərkib hissəsidir: “Azərbaycanda insan haqqları problemi başqa ölkələrdən heç də pis deyil. Qanunsuz həbslər ola bilər. Bu demək deyil ki, ölkədə siyasi məhbus var. Maraqlıdır ki, Ermənistandan və Azərbaycandan xüsusi şəkildə hazırlanıb yay sessiyasına göndərilən adamlar eyni maraqdan çıxış edirdilər. Belə ki, 8 erməni deputatı bu sənədə imza atıb. Xarici təşkilatların qrantlarının qurbanı olan Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri isə ölkəmizə qarşı hazırlanmış qərəzli və ədalətsiz bu qətnaməyə dəstək oldular. Təəssüf ki, AŞPA sədri Anna Brassörün də bu kampaniyaya qoşulub. Azərbaycanda qondarma “siyasi məhbus problemi"nin qurumun insan haqları komitəsində yenidən müzakirəyə çıxarılır. Cəmi bir il əvvəl Ştrasserin qondarma siyasi məhbus məruzəsi dalana dirəndiyi halda, yenidən belə bir layihənin olması ikili standart siyasətinin bariz nümunəsidir”.
E.Süleymanov məlumat verdi ki, Siyasi Komitədə bu məsələ ilə əlaqədar 2 namizədin - Ermənistan nümayəndə heyətinin xüsusi dəstəklədiyi Pyeter Omtziyg və Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt qeydə alınıb: “Səsvermə nəticəsində Parqamintin 29:19 üstünlüyü ilə qalib gəlməsi sədr A.Brassör, Qross, Maknamara və digər anti-Azərbaycan təbliğatçılarının niyyətlərini puça çıxarıb. Çünki, onların istədikləri ölkəmizə qarşı siyasi məhbus məsələləri üzrə xüsusi məruzəçinin təyin edilməsi olsa da, niyyətləri baş tutmayıb. İndi bu məsə müzakirə edilmək üçün Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunta həvalə olunub”.
E.Süleymanov bildirdi ki, sessiya çərçivəsində onun müəllifliyi ilə təqdim olunmuş və 14 dövləti təmsil edən 58 AŞPA üzvü tərəfindən imzalanmış “Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə dair” qətnamə layihəsinin də müzakirə edildi: “Bu sənəd 22 il ərzində ilk dəfə olaraq beynəlxalq bir təşkilatda - AŞPA səviyyəsində Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən ilk qətnamə layihəsidir. Bu layihəyə iyunun 22-də Sədarət Komitəsində baxıldı, məsələ ilə bağlı məruzəçinin təyin olunmasına dair sənəd Büroya göndərilməli idi. Ancaq məsələyə AŞPA-nın baş katibi Savitski Büroda müzakirəsinin qarşısını almağa çalışdı. Belə olan halda ikinci qətnamə layihəsini hazırlayıb iyunun 24-də Katibliyə təqdim etdim. Katiblik tərəfindən qəbul olunan və qurumun rəsmi saytında dərc edilən qətnamə layihəsi baxılmaq üçün gündəliyə salındı. Həmin vaxt AŞPA baş katibi Savitskinin təşəbbüsü ilə “Dağlıq Qarabağ münaqişəsi” adlı üçüncü və daha loyal qətnamə layihəsi Katibliyə təqdim edildi. Büro iclasında hər 3 sənədin müzakirə üçün gündəliyə salınmasına baxmayaraq, onların müzakirəsi sentyabr ayına kimi təxirə salındı. Bütün bunlarda məqsəd Ermənistan nümayəndə heyətinə qarşı sanksiya nəzərdə tutan qətnamə layihəsini kölgədə qoymaq və nəticə etibarilə Ermənistana qarşı sanksiya tətbiq olunmasının qarşısını almaqdır”.
E.Süleymanovun sözlərinə görə, Savitski qətnamə layihəsində Ermənistanın işğalçı ölkə olaraq göstərilməsinin və ona qarşı sanksiyaların tətbiq olunmasının əleyihinədir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.