Dünyada nə yalnız dürüst, ədalətli, qorxmaz insanlardan, nə də yalnız saxtakarlardan, yaltaqlardan, qorxaqlardan ibarət millət var
AXCP sədri Əli Kərimli Facebook səhifəsində maraqlı status paylaşıb:
Etiraf etmək lazımdır ki, son illərdə cəmiyyətdən tez-tez pessimizm və milli natamamlıq kompleksi aşılayan fikirlər eşidirik: “Bu millətlə heç nə mümkün deyil”, “ Bu millət düzələn deyil”, “Hamı düzəlsə də, biz düzəlməyəcəyik”, “Millətimiz elə belə yaşamağa layiqdir” və s. Bu fikirlərin müəlliflərinin motivlərini başa düşsəm də, onları haqsız sayıram. Niyəsini izah edəcəyəm, amma əvvəlcə bu söhbəti burada saxlayıb, son günlərdə Avropa Şurasında Azərbaycanla bağlı gedən müzakirələrə nəzər yetirək.
Son günlərdə AŞ PA deputatlarının simasında avropalıların nə qədər fərqli, müxtəlif olduqlarını bir daha gördük. Biz AŞ PA-da əvvəllər də (Andreas Qross, Kristof Ştrasser, Corc Klerfayt və başqaları kimi) prinspial deputatlar görmüşdük. İndi də orada Maykl Maknamara (Azərbaycanda siyasi məhbus üzrə qətnamə təklifinin müəllifi) və digərləri həqiqəti deməkdən çəkinmədilər, bəzi acı gerçəkləri İlham Əliyevin üzünə söylədilər. Əlində qeyri-məhdud səlahiyyət və sərvət olanı deyil, hazırda dara düşmüş əqidəli, mübariz insanları müdafiə etdilər. Eyni zamanda həmin AŞ PA-da hər cür dəyər və prinsipləri diktatorların ayaqları altına atan, pulun, kürünün müqabilində haqqı nahaqqa qurban verən, ağa qara, qaraya ağ deyən nə qədər satqın və prinsipsiz insan var... Azərbaycanda keçirilən saxta seçkiləri Az TV-nin efirindən tərifləyən avropalı deputat saxtakarları azmı görmüşük? Bəli, düz başa düşdünüz, avropalı deputatların bir-birindən bu qədər fərqli olmasına diqqətinizi cəlb etməklə belə bir sadə həqiqəti vurğulamaq istəyirəm: dünyada nə elə bir millət yoxdur ki, yalnız dürüst, ədalətli, qorxmaz insanlardan ibarət olsun, nə də yalnız saxtakarlardan, yaltaqlardan, qorxaqlardan ibarət millət var. Hər millətin tərkibində hər cür adamlar olur. Ətrafda baş verən eybəcərliklərə görə milləti aşağılamaq və bu yolla da aşağılıq kompleksini daha da möhkəmləndirmək olmaz. Əksinə, millətimizlə fəxr etmək lazımdır ki, ailə hakimiyyətinin 20 ildən artıq davam etmiş repressiya, satın almaq, satılmayanları əzmək siyasəti belə, xalqımızı susdura bilməyib. Bu ölkədə haqqı deməyin nə qədər riskli olduğunu bilə-bilə, minlərlə insan haqqı qorxmadan dilə gətirir. Həbs olunur, işsiz qalır, döyülür, təhqir olunur, amma haqqı deməkdə davam edir. Yüzminlərlə, milyonlarla digərləri isə hökumətin bütün şər və böhtanlarına baxmayaraq aldanmır, məhz zalimin qarşısında haqqı deyən insanlara rəğbətlə yanaşırlar. Siz elə bilirsiniz ki, rejimin başında duranlar bu xalqdan razıdırlar? Qətiyyən. O zaman razı olardılar ki, xalq bunlara könüllü səs vermiş olardı. Amma belə hal olmayıb axı. Ona görə də onlar bu ağı qaradan, haqqı nahaqqdan seçən xalqa nifrət edirlər və imkan düşdükcə qisas da alırlar.
Biz isə əksinə etməliyik. Bu xalqı mütərəqqi, fədakar nümayəndələrinə görə tanıyıb, sevməliyik. Həm də ona görə xalqımızla qürur duymalıyıq ki, ən ağır şərtlər altında belə, mübariz, ədalətli, cəsarətli, səviyyəli gənclər yetişdirməkdə davam edir. Şərlə mübarizə cəbhəsini boş qoymur.