Şeyxin şirkəti haramla halalı qarışdırır

29-06-2014, 10:25   
Şeyxin şirkəti haramla halalı qarışdırırAllahşükür Paşazadənin çətiri altında olan “Best Beef” firmasının kolbasaya donuz piyi qatması rəsmən təsdiqlənib; Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “halal” qadağası spekulyasiya ilə məşğul olan şirkətləri pis vəziyyətdə qoyub
Bakıda kolbasa və sosislərin istehsalı ilə məşğul olan “Best Beef” firmasının qanuna zidd əməlləri haqda məlumatlar yayılıb. Firmanın adının çəkilməsini istəməyən sabiq işçisinin məlumatına görə, Malik və Ehtiram adlı qardaşlara məxsus olan bu firmanın işində “halal” qadağasından sonra ciddi problemlər yaranmağa başlayıb.
Azinform.az saytının araşdırmalarına görə, hazırda AZS 731-2012 standartları əsasında sertifikatlaşdırılmayan, lakin məhsulun üzərində “halal” sözündən istifadə edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ciddi sanksiyalara başlayıb. Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti “halal” standartı ilə spekulyasiya edən fimaları cəzalandırmaq niyyətindədir. Bu səbəbdən də “Best Beef” vəziyyətdən çıxış yolu axtarmağa başlayıb.
Hazırda “Halal qida, ümumi tələblər” dövlət standartına uyğunluğu təsdiq edən sertifikatı alan müəssisələrin məhsullarının üzərində “halal” sözündən istifadə etmək hüququ üçün Komitə tərəfindən əmtəə nişanı təsdiq edilib. Üzərində “AZS Milli Sertifikatlaşdırma Sistemi. Halal” yazılmış nişanından yalnız sertifikat almış təsərrüfat subyektləri istifadə edə bilirlər.
Hazırda “halal” sertifikatı “Hakan Foods” müəssisəsinin “Kral” və “Yeni dad” nişanlı məhsullarına, “Səhliyalı” kiçik müəssisəsi “Min bərəkət, halal nemət” nişanlı məhsuluna, “MT” MMC-nn “Hacı Turqay” nişanlı məhsuluna və “Zəhmət Ruzi” MMC-nin “SAB” nişanlı məhsuluna verilib. Bu sıraya “Best Beef” də qoşulmaqda iddialıdır. Ancaq bu iddia müəssisənin texniki imkanları ilə uzlaşmır.
Bir müddət öncə Bakıda “Best Beef” kolbasalarını saxtalaşdıran və “Halal” sosislərin tərkibinə donuz piyi vuran istehsalçı aşkarlanmışdı. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumatda bildirilirdi ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli prospekti, 2245-ci məhəllədə yerləşən fiziki şəxs Tahirov Malik Ağaşirin oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı kolbasa və sosislərin istehsalında bir sıra qanun pozuntuları aşkar edilmişdir. Belə ki, normativ-texniki sənədlərin tələblərinə əsasən halal məhsulların istehsalında istifadə olunan avadanlıqlar, vasitələr və istehsal xətləri yalnız halal qida üçün istifadə oluna bilər.
Lakin yoxlama zamanı müəssisədə “Ocaq” və "İveriya” adlı "Halal” sosislərin tərkibində donuz piyi olan məhsulların istehsalında istifadə edilmiş avadanlıqlarda istehsal olunduğu müəyyən edilmişdir. Bundan başqa, istehsal olunan məhsulların markalanmasında digər təsərrüfat subyektinə məxsus “Best Beef” əmtəə nişanından qanunsuz istifadə edildiyi müəyyən olunmuşdur.
Eyni zamanda, məhsulların istehsalında camış ətindən istifadə edildiyi halda, etiketlərdə bu barədə məlumat verilmədiyi, məhsulun tərkibi, saxlanma şəraiti, enerji və qida dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi, habelə kolbasa və sosislərin texnoloji təlimat olmadan istehsal olunduğu aşkar edilmişdir. Ancaq bundan sonra da “Best Beef”-in fəaliyyətinə qadağa qoyulmadı, “gözəgörünməz əl” onu xilas etdi.
“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, “Best Beef” firmasını uzun müddət Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükr Paşazadə himayə edib. Ancaq Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov “Halal” standartına əl qoyduqdan sonra vəziyyət dəyişib. R.Həsənov Şeyxin çətiri altında olan şirkətləri təqib etməyə başladı. Son vaxtlara qədər “Halal” qarantiyasını Şeyxin idarəsi verirdi. Ancaq R.Həsənov bu funksiyasını Şeyxdən aldı və onun himayəsində olan şirkətləri bazardan çıxartmağa başladı. “Best Beef” də bu firmalardan biri idi. Təbii ki, şeyx himayə etdiyi firmanın bazarda qalmasına çalışır. Ancaq qarşı tərəf məsələnin texniki baxımdan həllində israrlıdır – yəni “halal” standartına tam əməl edilməsini tələb edir.
Qafqaz Müsəlmanları İdarəsi və “Best Beef” firmasının mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.