«Rusiya əleyhinə qətnamənin qəbul olunmasında Azərbaycan heç bir məsuliyyət daşımır»
Iyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində keçirilən Daimi Komitənin iclasında ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini, senator Benjamin Kardinin Ukrayna problemi ilə bağlı hazırladığı qətnamə layihəsi ciddi müzakirələrə yol açıb.
Belə ki, Daimi Komitənin iclasında münaqişələrlə bağlı hissədə ATƏT PA-nın prezidenti Ranko Krivokapiç senator Benjamin Kardinin Rusiyanın “Helsinki prinsipləri”ni pozması barədə qətnamə layihəsini müzakirəyə çıxarıb. Sənəddə Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti pislənilir, dərhal Krımın azad olunması tələb olunur, əks halda Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edilməsi nəzərdə tutulur.
Sessiyadan əvvəl də qeyd etmişdik ki, Azərbaycan tərəfi qətnamənin əleyhinə olacaq və müəyyən manevrlərlə müzakirənin müstəvisini dəyişməyə çalışacaq.
Həqiqətən də belə oldu. Hakimiyyət təmsilçiləri qətnamənin məzmununu məhdud qiymətləndirdi və regiondakı münaqişləri əhatə etmədiyi üçün sənədin qəbulunun əleyhinə olduqlarını bildirdilər.
Ancaq senator Benjamin Kardininin hazırladığı qətnamə layihəsinin müzakirəsi səsə qoyularaqÿsessiyanın gündəliyinə daxil edilib. Qətnamə layihəsinin gündəliyə daxil edilməsinin lehinə 30 ölkə, əleyhinə isə 5 ölkə səs verib. Qətnamənin iyulun 1-də müzakirə edilməsi nəzərdə tutulur.
Mətbuat səhifələrində müxtəlif formada hakimiyyətin addımına haqq qazandırılır və risqli məqamda neytral mövqe sərgiləməyin vacibliyi vurğulanır.
Bəzi ekspertlər belə hesab edir ki, yekun sənəddə Rusiyanı mühakimə edən bəndlər əksini taparsa, bu hadisə tarixdə Bakı bəyannaməsi kimi qalacaq və Rusiya Azərbaycanı hədəf seçəcək. Yəni, Rusiya ATƏT və ABŞ-a deyil, bu foruma ev sahibliyi edən rəsmi Bakıya hücum edəcək.
Ona görə də hesab edilir ki, Azərbaycan neytral mövqeyini davam etdirməli və Rusiyanın qəzəbindən qorunmalıdır.
Politoloq Vəfa Quluzadə hesab edir ki, bu məsələdə Rusiyadan hansısa təhlükəni gözləmək lazım deyil və belə yanaşma sadəlövhlükdən başqa bir şey deyil: “Bu tədbir Azərbaycanın təşəbbüsü ilə keçirilmir və gündəliyi də Azərbaycan müəyyənləşdirmir. Bu ATƏT-in tədbiridi və qətnaməni Amerikalı senator hazırlayıb. Azərbaycan burda heç bir məsuliyyət daşımır. Digər tərəfdən Rusiyanı tamamilə ağlını itirmiş vəhşi də adlandırmaq olmaz. Onlar yaxşı bilirlər ki, bu qətnmənin qəbulundə Azərbaycanın rolu yoxdur və Azərbaycan nə mümkün idisə onu da etdi. Yəni, bu qərarın leyhinə səs vermədi və neytral qaldı. Bundan artıq Azərbaycan heç nə edə bilməzdi. Bu layihənin Bakıda, Ankarada, Meksikada qəbul olunmasının Rusiya üçün önəmi yoxdur. Əsas odur ki, qətnamə qəbul olunur. Ona görə də Rusiyanın bu sessiyadan sonra Azərbaycana təhlükə yaradacağı məntiqsizdir və sadəlövh yanaşmadır”.