Aydın Bəşirovu ifşa edən fakt

1-07-2014, 09:35   
Aydın Bəşirovu ifşa edən faktXəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti ötən il büdcəyə 100 min manat vergi ödəyib
Tanınmış iqtisadçı alim Qubad İbadoğlu özünün Facebook səhifəsində maraqlı status paylaşıb. Həmin statusda Q.İbadoğlu Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti ötən il dövlət büdcəsinə cəmisi 100 min manat vergi ödədiyini vurğulayıb. Heç şübhəsiz bu rəqəm bu cür böyük müəssisə üçün olduqca kiçik məbləğdir: «Tabeliyindəki Dəniz Nəqliyyat Donanması, Xəzər Dəniz Neft Donanması, "Bibiheybət" Gəmi Təmiri Zavodu, "Zığ" Gəmi Təmiri Zavodu, İstehsalat Xidmətləri İdarəsi və Sosial İnkişaf İdarəsi, eləcə də Türkiyə, Rusiya, Qazaxıstan, İran, Türkmənistan və Ukraynadakı nümayəndəliklərə və 383 milyon 420 min 621 manat nizamnamə kapitalına malik olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ötən il dövlət büdcəsinə cəmisi 100 min manat vergi ödəyib. Bu, o deməkdir ki, şirkət hər ay dövlət büdcəsinə orta hesabla 8333 manat, təxminən 3-4 kiçik müəssisənin ödədiyi qədər vergi ödəyib, baxmayaraq ki, bu cəmiyyətin adı hələ də iri vergi ödəyicilərinin siyahısında gedir".
Tabeçiliyində bu qədər müəssisənin olduğu halda Xəzər Dəniz Gəmiçiliyinin ötən il dövlət büdcəsinə cəmisi 100 min manat vergi ödəməsi nəyin görsənişidir? Xəzər Dəniz Gəmiçiliyinin real gəlirləri hara gedir? Onu da qeyd edək ki, açıqlanan rəqəm Aydın Bəşirovun Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik etdiyi dövrə təsadüf edir. Amma ötən müddət ərzində bu sahədə elə bir ciddi dəyişikliyin olması nəzərə çarpmır.
Ekspertlərin fikrincə, dəniz daşımaları nəqliyyat növü kimi ən sərfəli marşrut sayılır. Onu da nəzərə almaq lazımdır ki, neft daşımaları əsasən su nəqliyyatı ilə həyata keçirilir. Bu isə o deməkdir ki, su nəqliyyatı vasitəsilə idxal və ixrac əməliyyatları həyata keçirən Azərbaycan kimi dövlətlərdə imkanlar daha geniş olur. Ona görə də bu sahədə daşımalara böyük ehtiyac olduğundan Xəzər Dəniz Gəmiçiliyinin ziyanla işləyən şirkət adlandırmaq olmaz. Ekspertlər hesab edir ki, Xəzər Dəniz Gəmiçiliyinin büdcəyə imkanlarından qat-qat aşağı vergi ödəməsi bütün ölkədə olduğu kimi burada da mənimsəmə faktları ilə bağlıdır. Korrupsiya və büdcə vəsaitlərinin mənimsənilməsi maliyyədə şəffaflığa imkan vermir. Müqayisə üçün deyək ki, Azərbaycan fəaliyyət göstərən bir sıra QHT-lərin büdcəyə illik ödənişi 100 min manatı keçir. Amma bununla belə bu QHT-lər ölkədə iri vergi ödəyiciləri sırasına daxil edilmirlər.
Qubad İbadoğlu: «Ortaya çıxan faktlar xərclərin süni şəkildə şişirdilməsinin göstəricisidir»
İqtisadçı Qubad İbadoğlu isə bildirdi ki, ortaya çıxan faktlar xərclərin süni şəkildə şişirdilməsinin göstəricisidir. Ekspertin sözlərinə görə, belə şirkətlər adətən sifarişləri özlərinə məxsus özəl şirkətlərə verir, əsas əməliyyatları onlarla aparır və onlara da böyuk qazanc imkanları yaradırlar: «Bu halda da cəmiyyətlə şirkətlər arasında gedən belə sövdələşmələrdən büdcə uduzur. Başqa bir mühüm məqam isə vergi ödəyicilərinin ödənişlərinin qanunla kommersiya sirri hesab olunmasıdır. Nəyə görə milyonlarla adamdan hər ay odəniş etdiyi mobil telefon operator şirkətlərin büdcəyə vergi ödənişləri barədə məlumat məxfi olmalıdır? Nəyə görə, bazarda hökmran mövqeyə malik olan özəl şirkətlər özləri büdcəyə ödənişləri barədə məlumat açıqlamırlar?».
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.