Heydər Əliyev Mərkəzi Londonda etirazlara səbəb oldu

2-07-2014, 11:04   
Heydər Əliyev Mərkəzi Londonda etirazlara səbəb olduTanınmış memar Zaha Hədid repressiv rejimlə əməkdaşlığa görə ittiham hədəfinə çevrildi

Hər il Londonun Dizayn Muzeyi bir tikilini ilin ən yaxşı dizayn obyekti kimi qiymətləndirir. Bu il həmin mükafat Bakıdakı Heydər Əliyev Mərkəzinin memarı, Britaniyada fəaliyyət göstərən Iraq əsilli Zaha Hədidə verilib. Qeyri-adi görünüşünə görə fərqlənən bu memarlıq abidəsi mükafatı verənlərin ən çox diqqətini cəlb edən layihə kimi dəyərləndirilib.

“Gizmodo”: “Ölkənin sərvətləri bu tipli binalara sərf olunur”

Bu mükafatla bağlı xəbər müxtəlif mətbuat orqanlarında dizaynerin ünvanına sərt tənqidlərlə müşayiət olunub. Məsələn, Avstraliyanın “Gizmodo” jurnalı yazır ki, Zaha Hədidin memarı olduğu bu bina keçmiş “KQB” generalı, uzun illər Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin adını daşıyır: “Heydər Əliyev isə ölkəsində insan hüquq və azadlıqlarını daim açıq şəkildə pozan, ən sərt üsullarla seçkiləri saxtalaşdıran, müxalif düşüncəli insanları repressiyaya məruz qoyan şəxs kimi tanınıb. Komissiyanın Heydər Əliyevin adını daşıyan bu layihəni qiymətləndirməsi əslində, şəxsiyyətə pərəstişi gücləndirən amil kimi dəyərləndirilməlidir”.
Sözügedən məqalədə həmçinin oxuculara məlumat verilir ki, Heydər Əliyevdən sonra hakimiyyətə oğlu Ilham Əliyev yiyələnib. Ilham Əliyevin hakimiyyəti dövründə ölkədə korrupsiya daha da inkişaf edib, insan hüquq və azadlıqlarının pozulması kütləvi xarakter alıb: “Iş o həddə çatıb ki, ötən il Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri səsvermədən bir gün əvvəl elan olunub. Ölkənin sərvətlərinin satışından əldə olunmuş vəsait hesabına bu tipli binalar tikilir. Belə tikililərin büdcəsi haqda dəqiq məlumat əldə etmək isə mümkün olmur”.

“The Independent”: “Keçmiş KQB diktatorunun şərəfinə tikilmiş bina...”

Ingiltərənin “The Independent” qəzeti sözügedən mükafatlandırma barədə xəbəri yayımlayarkən Zaha Hədidi “Azərbaycandakı repressiv rejimin keçmiş liderinin adını daşıyan binanın memarı olmuş dizayner” kimi təqdim edib. Müəllif yada salır ki, beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycandakı keçmiş və hazırkı rejimi insan haqlarının pozulmasına görə tənqid edirlər.
“Heydər Əliyev hakimiyyətdə olarkən ”Amnesty International" onu seçkini saxtalaşdırmaqda, müxalifətə qarşı repressiyalarda ittiham edirdi. Keçmiş KQB generalı olan Heydər Əliyev əvvəl Kommunist lideri, sonra isə prezident kimi, ümumilikdə 30 il ölkəyə rəhbərlik edib.
2003-cü ildə oğlu Ilham Əliyev atasının ölümündən sonra hakimiyyəti miras alıb.
“Arxitektor” jurnalının redaktoru Rori Olkayto “The Independent”ə açıqlamasında Heydər Əliyevi keçmiş diktator kimi xarakterizə edib: “Ola bilsin ki, həmin bina parlaq memarlıq abidəsidir. Amma Dizayn Muzeyinin keçmiş KQB diktatorunun şərəfinə tikilmiş binanı mükafata layiq görməsi qəribədir”.

“The Guardian”: “Heydər Əliyev Mərkəzinə görə 250 ev uçurulub”

Dünyaca nüfuzlu “The Guardian” isə xəbəri “Zaha Hədid Bakıdakı işinə görə etiraz dalğası ilə üzləşib” başlığıyla təqdim edib. Qəzet yazır ki, insan hüquqları ilə bağlı çox ciddi problemlər olan Azərbaycanda ucaldılmış bir binaya görə mükafat verilməsi kəskin etirazlara səbəb olub: “Azərbaycan dünyada insan hüquqlarının ən çox pozulduğu ölkələrdən biri kimi tanınır. 2013-cü ilin oktyabrında Azərbaycanda prezident seçkiləri siyasi fəalların, tənqidçi jurnalistlərin saxta ittihamlarla həbsi, dinc nümayişlərin dağıdılması, qanunvericiliyə insan hüquq və azadlıqlarını məhdudlaşdıran mürtəce dəyişikliklərin edilməsi şəraitində keçirilib.
Zahia Hədidin layihəsi üzrə bina tikilərkən 250-dən artıq ev uçurulub. Bosniya və Serbiyadan gəlib bu binanın tikintisində çalışan şəxslər çox pis şəraitdə saxlanılıb, onlara qarşı fiziki və psixoloji təzyiqlər göstərilib, hətta pasportları əllərindən alınıb".

“The Financial Times”: “Avtoritar rejimlərlə belə əməkdaşlıq yaxşı nümunə deyil”

“The Financial Times”ın əməkdaşı Edvin Hitkot bu mövzuda məqaləsində yazır ki, avtoritar rejimlərlə belə əməkdaşlıq yaxşı nümunə deyil.
“Zaha Hədidin memarı olduğu bu bina korrupsiyanın güclü inkişaf etdiyi bir ölkənin keçmiş rəhbərinin adını daşıyır. Vaxtilə Qorbaçovun Siyasi Bürodan uzaqlaşdırdığı Heydər Əliyev sonralar müstəqil Azərbaycana rəhbərlik edərək, korrupsiya rejimi yaratmış şəxs kimi tanınır. Hazırda isə Azərbaycana onun oğlu Ilham Əliyev rəhbərlik edir. Bugünkü Azərbaycan dünyada ən çox korrupsiyaya qurşanmış ölkələrdən biri hesab olunur. Eyni zamanda, müxalifətçilərə işgəncə verilən ölkə kimi tanınır.
Bu binanın tikintisi zamanı çoxlu sayda insan evlərindən zorla çıxarılaraq şəhər kənarındakı ərazilərə yaşamağa göndərilib", - deyə “The Financial Times” yazır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.