Rusiya Amerikanın regionda mövqelərini zəiflətmək üçün qəti həmləyə keçdi
Putinin Qarabağ münaqişəsində “dondurma siyasəti”
Azərbaycan üçün isti yay davam edir. Dünyada baş verən siyasi proseslər Cənubi Qafqazın mühüm strateji nöqtəsindən yan keçmir. Dünya güclərinin nüfuz savaşında bölgəyə yiyələnmək uğrunda gedən soyuq müharibədə Azərbaycan mühüm faktora çevrilib. İndi istər Rusiya, istərsə də Qərb bu zəngin təbii sərvətlər ölkəsində daha da möhkəmlənmək üçün çaba sərf edirlər. Ukrayna böhranından sonra açıq müstəviyə keçən bu mübarizə Azərbaycan hakimiyyətini çətin duruma salıb. Hər iki tərəf konkret mövqe sərgiləməyi tələb edir. Azərbaycana səfər edən Qərb və Rusiya diplomatlarının ardı-arası kəsilmir. Bir tərəfdə Avrasiya İttifaqı adı ilə “Yeni SSRİ” yaratmaq istəyən Rusiyanın təhdidləri, digər tərəfdə isə Amerikanın və digər Qərb ölkələrinin təzyiqləri durur. Azərbaycan seçim etmək qarşısındadır. Heç bir tərəf güzəştə getmək istəmir. Diplomatik savaş açıq müstəviyə keçib.
Təbii ki, Azərbaycanı istənilən ittifaqa daxil etmək üçün cazib şərtlər və qarantiya olmalıdır. Ölkənin bir nömrəli problemi olan Qarabağ münaqişəsi Azərbaycanda möhkəmlənməyin əsas şərtidir. Odur ki, hərəkətli yayın diplomatik müzakirələr stolunda əsas müzakirə obyekti məhz Qarabağ problemidir. Krımın işğalından sonra Amerika diplomatları açıq şəkildə qeyd etdilər ki, indiyə qədər Qarabağ münaqişəsi istiqamətində yürütdükləri siyasi xətt kökündən səhv olub və Ağ Ev öz Qarabağ siyasətində ciddi redaktələr etməyi düşünür. Rusiyanın Krımı bir anda işğal etməsi sübut etdi ki, münaqişəli bölgələr problemi istənilən ölkəni təhdid etməyə, fakt qarşısında qoymağa kifayətlidir. Azərbaycan isə müstəqillik əldə etdiyi ilk gündən belə bir fakt qarşısındadır. Qarabağ bu günə qədər bütün güclərin əlində bu və ya digər şəkildə Azərbaycana təzyiq etmək üçün vasitə olub. İndi isə Azərbaycanı öz yanında görmək istəyən super güclər Bakıya gedən yolun Qarabağdan keçdiyini bildiyi üçün diplomatik səylərini artırıblar.
Dünya siyasi gündəmində inqilabi situasiya yaradan Rusiya prezidenti Vladimir Putin artıq Qarabağ münaqişəsində əsas oyunçulardan birinə çevrilib. Hakimiyyət olimpinə ikinci dəfə qayıdışından sonra Rusiya prezidenti qarabağ probleminə bir qədər laqeyd, biganə münasibət sərgiləyirdi. Hətta elə bir görüntü yaranmışdı ki, sanki Putin üçün ümumiyyətlə belə bir problem mövcud deyil. Medvedyevin dövründə prezident səviyyəsində göstərilən vasitəçilik səyləri də dayandırıldı. Hansı ki, bundan əvvəl prezident Dmitri Medvedyev Azərbaycan və Ermənistan dövlət başçıları ilə çoxsaylı görüşləri təşkil etmişdi və bir neçə il ərzində danışıqlar Əliyev-Medvedyev-Sərkisyan formatında davam etmişdi. Bəzən, hətta bu danışıqlarda tərəflər müəyyən qədər razılaşmaya yaxın olsalar da Putinin hakimiyyətə təkrar dönüşündən sonra proseslər bir anda dayandırıldı. Bunun səbəbləri isə artıq baş verən son proseslərdən sonra daha da aydınlaşır. Əslində Qarabağ münaqişəsi putin üçün “unudulmamışdı”, sadəcə əlverişli məqamı yetirmək üçün problem “dondurulmuşdu”. Putinin gələcəyə hesablanan siyasətində Qarabağ problemi əsas rıçaq idi, odur ki, mövcud status-kvonun saxlanması mütləq vacibdi. Putin Qarabağ probleminin həllindəki vasitəçilik missiyasını bu gün üçün “dondurmuşdu”. 2014-cü ilin isti yayı nəhayət ki, bu donu açdı.
Diplomatik fəallıq, yoxsa diplomatik savaş?
Paralel olaraq yuxarıda qeyd etdiyimiz kimi, Qərb siyasi dairələri də fəallıq göstərirlər və Qarabağ münaqişəsinin həlli istiqamətində üstünlüyü ələ almağa çalışırlar. Fransa prezidentinin regiona səfəri, Bakıda və İrəvanda görüşlər keçirməsi, Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Vaşinqtonda ölkəsinin Qarabağ nizamlanmasına dair mövqeyini təqdim edərək yeni polemikalara start verməsi rəsmi Moskva tərəfindən diqqətlə izlənilirdi. C.Uorlikin təqdim etdiyi mövqe əslində həmsədr ölkələrin tərəflərə çoxdan təqdim etdiyi Madrid prinsiplərindən ibarət idi. Ancaq, Krım problemindən sonra Amerika öz siyasi xəttində daha çox korrektələr etmiş kimi görünürdü. Laçın rayonu (dəhliz çıxılmaqla) da daxil olmaqla işğal altındakı ətraf rayonların geri qaytarılması və münaqişə regionunda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi planları Ermənistanda ciddi narahatlıqla qarşılandı və narazılıq doğurdu. Amma, geriyə yol yox idi, Cənubi Qafqazın taleyi daha çox Qarabağda həll olunduğu üçün Amerika oyunu davam etdirməyə məcburdu. Regionda möhkəmlənmək üçün burada Rusiyanın təkbaşına oyunçu olmasına yol vermək məğlubiyyət deməkdir. Odur ki, Ağ Ev administrasiyası münaqişənin həlli istiqamətində qətiyyətli addımlar atmaqla Cənubi Qafqazda mövqelərini qorumağa çalışır. Ceyms Uorlikin rəsmi Vaşinqtonun mövqeyini təqdim etməsindən sonra amerikalı rəsmilər bildirdilər ki, Azərbaycan və Ermənistan prezidentlərinin ikitərəfli görüşünün baş tutması əsas hədəflərdən biridir. Fransa prezidentinin bölgəyə səfəri də eyni məqsədlərə xidmət edirdi.
Lakin, görünən odur ki, Qərbin gecikən siyasi fəallığı istənilən effekti vermədi. Çünki, hər iki münaqişə tərəfində daha aydın şəkildə başa düşürlər ki, Qarabağın “açarı” Qərbdə deyil, bu problemi Putinin və rəsmi Kremlin iştirakı olmadan çözmək mümkün deyil.
Putinin “donunu” açmaq üçün əlverişli məqam da elə bu idi və Rusiya prezidenti artıq hərəkətə keçib. Vladimir Putin bəyan edib ki, Qarabağ münaqişəsinin həlli istiqamətində vaxt ayırmağa, vasitəçilik etməyə hazırdır. Bakıya səfər edən rusiyalı diplomatların arası kəsilmir. Rusiya Xarici İşlər nazirinin bölgəyə diqqət çəkən səfəri də təbii ki, Kremlin fəallığı artırmasına dəlalət edir. Təsadüfi deyil ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da iyunun 23-də İrəvanda erməni həmkarı Edvard Nalbəndyanla danışıqlardan sonra bəyan edib ki, Moskva həm ikitərəfli formatda, həm də Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlıdır. “Problemin həlli üçün baza var, prinsiplər var və mühümdür ki, bu prinsiplər razılaşdırılıb. İndi onların faktiki həyata keçirilməsinin parametrlərini və nizamlanmanın ardıcıllığını işləyib hazırlamaq lazımdır” deyə, Lavrov bildirib. Eyni zamanda rusiyalı diplomat Fransanın münaqişənin həlli istiqamətində səylərini dəstəklədiklərini bildirsə də, Amerika barəsində danışmayıb. Rusiya xarici işlər naziri Moskvanın prezidentlər arasında birbaşa dialoqun davamına və mövcud “ziddiyyətlərin həllinə” çalışacağını deyib. “Rusiya münaqişənin həllini yaxınlaşdıran istənilən səyləri dəstəkləyir. Fransalı həmkarlar bütün nizamlama prinsiplərinin praktiki dilə çevrilməsinə kömək edəcək ideyalar irəli sürürlər” deyə, nazir əlavə edib. Lavrov əlavə edib ki, Rusiya Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinə də dəstək verməyə hazırdır. Rusiya xarici işlər naziri bu barədə jurnalistlərin sualına cavab olaraq bildirib. O əlavə edib ki, bu məsələdə əsas söz tərəflərindir.
Göründüyü kimi, Rusiyanın siyasi fəallığının əsas məqsədi regionda Amerikanın neytrallaşdırılmasını reallaşdırmaqdan ibarətdir. Qarabağ münaqişəsində əsas oyunçu kimi üstünlüyü ələ almaqla Kreml Ağ Ev administrasiyasını regiondan sıxışdırmağa çalışır. Putinin Azərbaycan prezidentinə zəngi, müzakirələrin əsasən qarabağ problemi istiqamətində aparılması da bunlara hesablanıb. Təsadüfi deyil ki, Ermənistanda artıq bir çoxları hesab edir ki, İrəvan regionda gedən siyasi proseslərdən kənarlaşdırılıb.
“Ermənistan Qafqazda heç bir rol oynamır”
Erməni politoloq Stepan Qriqoryan bildirib ki, “Ermənistandan təhlükəsizliklə bağlı paket aldıqdan sonra Rusiya bütün məsələləri Azərbaycanla həll etməyə başladı”. O, Ermənistanın bölgədə artıq faktor olmadığını bildirib: “Ermənistan hazırda fakt qarşısında qalıb. Çünki 3 sentyabrda (Sərksiyan həmin tarixdə Ermənistanın Gömrük İttifaqına üzv olmasına razılıq verib) biz faktiki olaraq “ya, ya da” siyasətindən imtina etdik. Biz bütünlüklə Rusiyaya təslim olduq. Bizdən təhlükəsizliklə bağlı paket aldıqdan sonra Rusiya bütün məsələləri Azərbaycanla həll etməyə başladı. Artıq Ermənistan Qafqazda heç bir rol oynamır. Rusiya bizsiz Qarabağı Azərbaycanla müzakirə edir. Görünür, Rusiya Azərbaycanın neft və qazını öz ərazilərindən keçirməyə cəhd edir. Moskva Bakının Avrasiya İttifaqına inteqrasiyası proseslərində iştirakını istəyir və bunun qarşılığında Qarabağ məsələsində güzəştə getməyə hazırdır".
Beləliklə, Rusiya Azərbaycanı Avrasiya İttifaqına daxil etmək, regionda Amerikanın dayaqlarını zəiflətmək üçün qəti hərəkətə keçib. Rəsmi Bakı isə bu barədə hələ ki, konkret mövqe sərgiləməyə tələsmir. Lavrovun Bakı səfəri zamanı xarici İşlər Naziri Elmar Məmmədyarov bildirdi ki, Azərbaycan bütün ittifaqlardan bezib. Yaranmış situasiyadan rəsmi Bakının minimum itki və maksimim qazancla çıxmaq istəyi aydındır. Lakin, hər iki tərəfdən təzyiqlər səngimir. Azərbaycanı yanında görmək istəyən Qərbin və Rusiyanın Cənubi Qafqazda üz-üzə gəlməsi Qarabağ münaqişəsini bu gün heç vaxt olmadığı qədər mühüm müzakirə obyektinə çevirib. Cəbhədə mütəmadi davam edən atəş səsləri, müharibə ab-havasının güclənməsi də bunu deməyə əsas verir.
Hər halda super güclərin bu savaşında mütləq bir tərəfin qazanması labüddür. Əsas odur ki, bu savaşdan Azərbaycan Qarabağı xilas etməklə çıxsın. Bu tarixin ən böyük qalibiyyətlərindən biri ola bilər. Vəziyyət kritikdir, heç vaxt olmadığı kimi. Siyasi proseslərin üfüqündə isə Qarabağa gedən yol görünür. Bütün mənalarda!