Təşkilat öz prinsiplərini yenidən səf-nəzər edib prioritetlərini sadaladı; Rusiya istəyinə nail ola bilmədi...
ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası dünən öz işini yekunlaşdırıb. Toplantı gözlənildiyi kimi, Bakı Bəyannaməsinin qəbulu ilə başa çatıb.
Sənəddə iyunun 28-dən başlayan müzakirələrin yekunu olaraq təşkilatın öz prinsiplərini yenidən səf-nəzər eləməsi və prioritetlərini sadalaması kifayət qədər aydın şəkildə əksini tapıb. Eyni zamanda Rusiyanın toplantıdan dolayı güddüyü hədəflərə çatmadığı bəlli olur. Yekunlar, Bakı Bəyannaməsi Azərbaycan üçün, Qarabağ məsələsinin həlli üçün də önəm daşıyır.
Bəyannamədə ATƏT məkanında həlli uzanan etnik-ərazi münaqişələrin yoluna qoyulması istiqamətində tədbirlərin görülməsi və bu münaqişələrin həllində irəliləyişin sülh və danışıqlar vasitəsilə, o sırada BMT Nizamnaməsinə, Helsinki Yekin Aktına və beynəlxalq hüquqa uyğun şəkildə əldə olunmasının ATƏT-in əsas vəzifələrindən biri olduğu bildirilir (“Trend”).
Sənəddə həmçinin ATƏT-ə üzv dövlətlərin sərhədlərinin pozulmamasının və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsiplərinə əməl edilməsinin vacibliyi vurğulanır. Bundan əlavə, münaqişə regionlarında geniş yayılan və hər il çoxlu sayda insanın, o cümlədən mülki vətəndaşların həlak olmasına gətirən silahların qanunsuz ticarətinin qarşısının alınmasına yönəlik yeni tədbirlərin görülməsinə çağırış edilir.
Bəyannamədə habelə kibermüharibə və terrorizm kimi təhdidlərə qarşı mübarizənin və bu cür təhlükələrin qarşısının alınmasının vacibliyi də qeyd edilərək, bu istiqamətdə fəaliyyətin kibertəhlükəsizlik sahəsində Avropa İttifaqının strategiyasına uyğunlaşdırılmasının zəruriliyi qeyd olunur. ATƏT regionunda həmçinin insan alverinə qarşı, o cümlədən cinsi istismar məqsədilə uşaq alverinə qarşı tədbirlərin gücləndirilməsinin və bu cinayətlərin qurbanlarına hərtərəfli köməklik göstərilməsi üçün lazımi addımların atılmasının vacibliyi vurğulanır.
Bundan əlavə, bəyannamədə terrorizm və radikalizmlə mübarizənin vacibliyi qeyd olunmaqla, terrorçuların silahlı münaqişə zonalarından daimi yaşadıqları ölkələrə qayıtması nəticəsində terrorizm və radikalizm təhlükələrinin artmasından narahatlıq ifadə olunur və ATƏT-ə üzv ölkələr bu təhlükələrin qarşısının alınmasında təşkilatın rolunun artırılması üçün əlavə tədbirlər görmək imkanlarını nəzərdən keçirməyə çağırılır. Həmçinin informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün, habelə terrorçuluğa çağırış, onun maliyyələşdirilməsi və terrorçuların ələ alınması üçün istifadə olunmasında artan tendensiyalardan narahatlıq bildirilir.
Sənəddə ATƏT-ə üzv ölkələri informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün istifadə edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirlər görməyə və bu tədbirlərin milli qanunvericiliyə, beynəlxalq hüquqa və ATƏT çərçivəsində götürülən siyasi öhdəliklərə uyğunluğunu təmin etməyə çağırır.
Bəyannamə həmçinin ATƏT-ə üzv ölkələri terrorizmlə mübarizə ilə bağlı milli qanunvericiliklərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq terrorizmlə mübarizə istiqamətində götürdükləri beynəlxalq öhdəliklərinə, eyni zamanda antiterror konvensiyalarına və beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı BMT-nin konvensiyalarına uyğunlaşdırmağa çağırır.
Bəyannamədə Ukrayna böhranına da geniş yer ayrılır. Sənəddə Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək ifadə olunur və ATƏT ölkələrindən beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək istənilir. Sənəddə ATƏT Əfqanıstanla əməkdaşlığının davam etdirilməsi, ATƏT məkanında sosial-iqtisadi hüquqların qorunması və təşviq edilməsi, ərzaq təhlükəsizliyi, imiqrasiya məsələləri, qaçqın və məcburi köçkünlərin vəziyyəti, mədəni mülkiyyətin qorunması, işgəncələrə qarşı mübarizə və s. məsələlərə də toxunulur.